”Yazıq uşaqlar, aclıqdan birtəhər olublar”

7-09-2018, 09:53   

 


''İmkansızlıqdan uşaqlarımı məktəbə göndərə bilmirəm''

Ucar sakini: ''4 uşaqla kirayədə, səfalət içində yaşayıram''

“İki uşağım bu il birinci sinfə getməlidir. Ancaq imkansızlıqdan göndərə bilmirəm. İstəmirəm onlar da mənim kimi bisavad böyüsünlər. Kimə də müraciət edirəm, cavab çıxmır, kömək etmirlər”.

Ucarın Bərgüşad kəndinin sakini Aygün Hacıyeva belə deyir. O, 4 uşağı ilə bərabər kirayədə yaşayır. Ucar rayonunun Kommunal Təsərrüfat İdarəsində süpürgəçi işləyir, ayda 125 manat aldığını söyləyir:

“Camaat 125 manatı bir günün içində restorana qoyub çıxır. Mən onunla 4 uşaq böyüdürəm. Vallah, çatdıra bilmirəm. Yazıq uşaqlar, aclıqdan birtəhər olublar”.

Qorxuram, onlar da mənim taleyimi yaşasınlar

A.Hacıyeva həyat yoldaşından ayrılıb. Deyir, boşansa da, keçmiş həyat yoldaşı uşaqlara aliment ödəmir:

“Nə aliment ödəyir, nə də gəlib maraqlanır. Necə olmağımız onun vercinə də deyil. Keçmiş həyat yoldaşım Taleh Hacıyev aliment ödəməməkdən ötrü özünə ruhi-əsəb xəstəsi olması ilə bağlı sənəd alıb. Mən də 4 uşaqla qalmışam küçələrdə, səfalət içində yaşayıram. Böyük qızımın 10 yaşı var. 4-cü sinifdə oxumalıdır, ancaq imkansızlıqdan bir il məktəbə göndərə bilməmişəm. Ona görə hələ indi 3-cü sinfə keçir. Kiçik uşağımın 4 yaşı var. Digər ikisi də 7 yaşlarını tamamlayıblar. Əslində keçən il məktəbə getməli idilər. İmkan olmadığından heç bu il də göndərə bilmirəm. Qorxuram, onlar da mənim taleyimi yaşasınlar”.

Həm kirayə pulu verir, həm də 5 nəfərlik ailəni dolandırıram

Aygün Hacıyeva deyir ki, ataları aliment ödəməkdən azad olunub. Ancaq o, Bakı şəhərində işləyib, pul qazanır:


Aygün Hacıyeva və övladları .


“Adını da qoyub ruhi xəstə. Mənsə, süpürgəçi işləyir, onun uşaqlarına baxıram. Hər halda təkcə mənim uşağım deyillər. 125 manatla həm kirayə pulu verir, həm də 5 nəfərlik ailəni dolandırıram. Uşaqlar tez-tez xəstələnirlər, ancaq mən onları maddi imkansızlıqdan müayinə və müalicə etdirə bilmirəm. Aclıq, səfalət və xəstəlik içində yaşayırıq. Ailələr var ki, ata da, ana da işləyir, ancaq bir uşağa baxa bilmirlər. İndi siz düşünün, mən təkəm və dörd uşağım var”.

Sosial yardıma da müraciət etdim, vermədilər

A.Hacıyeva deyir ki, 4 uşaqdı, ehtiyacları çoxdur. Ehtiyacın birini ala biləndə, digərini ala bilmir:

“Hələ bir evimiz də yoxdur. Kirayə qalıram, aldığım pulun 50 manatını evə verirəm. Düzdür, suyu, işığı var, amma şəraitsizlikdir uşaqlar üçün. Quruca taxtanın üstündə yatırdıram. Çox çətinliklə 4 uşaq böyüdürəm. Savadım da yoxdur ki, gedib hardasa satıcılıq edəm və ya başqa normal bir işlə məşğul olam. Əlimdən gələn süpürgəçilikdir. Ordan qazandığım da heç nəyə yetmir. Sosial yardıma da müraciət etdim, vermədilər. Dedilər ki, sizə düşmür”.

Ona deyildi ki, yerli bələdiyyəyə müraciət etsin

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən Aygün Hacıyevanın bir neçə gün öncə qəbulda olduğunu söyləyiblər:



“Gəlmişdi, ona deyildi ki, yerli bələdiyyəyə müraciət etsin, kömək edəcəklər. Zəhmət olmasa, Bərgüşad Bələdiyyəsinə müraciət etdin”.

Belə kömək, dəstək nə mənə, nə də uşaqlarıma lazımdır

Bərgüşad Bələdiyyəsinin sədri Rauf Şəmsəddinov Aygün Hazıyeva və uşaqlarına dəfələrlə kömək etdiklərini söyləyib:

“Bəli, İcra Hakimiyyətinə məktəb ləvazimatları ilə bağlı müraciət edib. Onlar da bizə yönləndirmişdilər. Qaradağlı kəndinin bələdiyyə sədri Aytən Hidanovaya ona kömək etmək istəyir. Siz həmin xanıma deyin, Aytən Hidanovaya müraciət etsin”.

Aygün Hacıyeva isə deyir ki, nə bələdiyyə, nə də başqaları ona dəstək olub:

“Qardağlı bələdiyyəsinin sədri Aytən xanım bir neçə paltar göndərmişdi. Onların da çoxu körpə uşaq üçün idi. Heç biri mənim uşaqlarımın əyninə gəlmədi. Belə kömək, dəstək nə mənə, nə də uşaqlarıma lazımdır”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.