Saatlı rayon Qıraqlı kənd sakinləri redaksiyamıza şikayət məktubu göndərib. Məlumat üçün bildirək ki, Qıraqlı kəndi Saatlı rayonunun ən qədim və ən böyük kəndlərindən biridir. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra, ilk siyahıya alınmada 1847-ci ildə Qıraqlı kəndi 30 evdən ibarət olub. Qalağayın kəndlər icmasına daxil olan Qıraqlı kəndi əkinçilik və maldarlıqla məşğul olmuşdur.
Xatırladırıq ki, qədim Qıraqlı kəndi Araz çayına yaxın yerdə salınmışdır. Araz çayının dəfələrlə öz məcrasından çıxması nəticəsində kənd sakinlərinə ziyan dəymişdir. Buna görə kənd sakinləri çaydan 2 km cənub istiqamətində yeni ev-eşik tikməyə başlayıblar. Su altında qalan torpaq sahəsi və Araz boyu sahələr “Tuqay meşələri və qoruğu” idarəsinin balansına verilmişdir. Torpaq islahatına qədər Saatlı rayonunun kəndləri, eyni zamanda Qıraqlı kəndi bu meşə massivindən heyvandarlıqda otlaq sahə kimi qurumuş ağaclardan yanacaq materialı kimi istifadə etmişlər. Bu statistik məlumatları ona görə qeyd etdik ki, bütün bunların cumhuriyyet.az-a göndərilən şikayət məktubu ilə birbaşa əlaqəsi var. Belə ki, məktubda bildirilir ki, 1996-cı ildən Qıraqlı kənd sakinlərinin qara günləri başlamışdır: “Belə ki, özünü “lotu” kimi qələmə verən Ağayev Ələkbər adlı şəxs Tuqay meşə massivini dədə malı kimi mənimsəmişdir. Kənd sakinlərinin mal-qarasının meşə massivinə getməsinə icazə vermirdi. Bu adam dəfələrlə kənd sakinlərini təhqir etmiş, onlar haqqında hüquq-mühafizə orqanlarına yalan faktlar verməklə məşğul olmuşdur. Azğınlaşan Ələkbər kəndin mollası Əhmədov Əhmədağanı MTN-nin Saatlı şöbəsinə çağırtdırmış, ona hədə-qorxu gəlmişdir. 1996-cı ilin torpaq islahatı zamanı Saatlı rayon İcra Başçısı rüşvətxor Gülhüseyin Əhmədov və torpaq islahatı komissiyasının sədri Ehtiram Məmmədovla cinayət əlaqəsinə girən Ağayev Ələkbər Qıraqlı kənd meşə massivini “özününkiləşdirdi”. “Uzun saçlının” ahı yerdə qalmaz deyən kənd sakinləri ümidlərini tək Allaha bağlayır. Aradan az müddət keçmir Ağayev Ələkbər faciəli şəkildə öldü… Biz dedik ki, ağ günə çıxacağıq. Sən saydığını say, gör fələk nə sayır demiş atalar. Bu azmış kimi Ələkbərin oğlanları Ağayev Əlsafa, Ağayev Ələmdar, Ağayev Hebi və onların anası peyda oldular. Bu insanlar öldü var, döndü yox deyərək özlərinə söz verirlər ki, kəndin bir dənə də malını Tuqay meşə massivinə buraxan deyilik. Tuqay meşə massivinin yanında kəndin mal-qarası üçün nəzərdə tutulmuş 3 ha yulğunlu sahəni də Ağayev Əlsafa 2014-cü ildə şumladaraq öz əkin sahəsinə qatmışdır. Araz boyu bəndlər bu qardaşlar tərəfindən hamarlanmışdır. Bu da Araz çayının daşması zamanı kənd sakinlərinə təhlükə mənbəyidir. Tuqay meşə massivinin torpaq qatı birinci kateqoriyalıdır. Bu ərazidə olan bütün növ ağaclar Ağayevlər tərəfindən kəsilmiş, yerindən əkin sahəsi kimi istifadə edirlər. Görəsən Ağayevlər bu qədər torpaq payını hansı sənədlər əsasında almışlar. Onlar torpaqdan istifadə üçün torpaq rüsumları ödəyirlərmi?”
Qıraqlı kəndinin sakinləri əsrimizin əvvəllərində, yəni Azərbaycan Demokratik Respublikasının yaradılmasında yaxından iştirak etmişlər. Böyük Vətən müharibəsində və yaralı yerimiz olan Dağlıq Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə seçilən onlarla şəhid vermişdir. Kəndin bir Milli Qəhrəmanı vardır. Biz bu el oğullarımızla fəxr edir və onları unutmuruq. Ancaq bizə daxil olan məktubda bildirilir ki, öz hədlərini aşan Ağayevlər ailəsi həmişə şəhid ailələrinə və müharibə iştirakçılarına qarşı təhqiramiz ifadələr işlədirlər. Adı, soyadı, atasının adı və şəxsiyyət vəsiqəsinin seriyası ilə 50 ailə başçısı tərəfindən cumhuriyyet.az-a göndərilən məktubda deyilir: “2010-cu ilin əvvəllərində heyvan otararkən Əliyev Marif Səddər oğlunu Ələmdar və Əlsafa qardaşları döyərək ağır bədən xəsarətləri yetirmişlər. Nəticədə Əliyev Marif uzun müddətli müalicə almış, hal-hazırda da aldığı zərbələrdən əlil vəziyyətinə düşmüşdür. II qrup əlil olmuşdur. Ağayev Hebi 2015-ci ilin aprel ayında Qarabağ veteranı, 2 il erməni əsirliyində işgəncələrə məruz qalmış Alışanov Elməddin Oruc oğlunu təhqir edib, böhtan xarakterli məlumatlar yayıb. Bu ailənin heç bir övladı düz-əməlli orduda xidmət etməyib. Ağayev Əlsafa, Ağayev Ələmdar, Ağayev Hebi saxta sənədlər əsasında özlərinə psixi xəstəlik kağızı düzəldiblər. Onların havadarları olan Ağayev Tahirin iki oğlu, Ataməlinin bir oğlu saxta sənədlərlə ordudan yayınıblar. Dəfələrlə Saatlı rayon hüquq-mühafizə orqanlarına, Saatlı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Çox təəsüflər olsun ki, haqlı şikayətimizə əməl olunmayıb. Hörmətli redaksiya, 21.05.2015-ci ildə baş prokurorluq yanında korrupsiya idarəsinə, FHN-nə, Tuqay meşələrinin bərpası və mühafizəsi idarəsinə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 01.07.2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nə göndərdiyimiz ərizələr cavabsız qalıb”.
Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.