Suslovu susdurdu, Xruşov “vurdu”, Brejnev varis saydı, Qorbaçova araq vermədi– Şerbitskinin Çernobıl dərdi

4-12-2018, 11:37   


Kremlin geniş dəhlizindən sağa, pillələrə tərəf dönəndə Mixail Suslov qarşı tərəfdən gələn şəxsi səsləyir:

- Cavan oğlan, bu qovluğu mənim qəbul otağıma aparın – deyə əlindəki sənədləri ona uzadır.

Həmin “cavan oğlan” sənədləri götürmür və Suslovun əli havada qalır:

- Mən sizin üçün “cavan oğlan” deyiləm, Ukrayna Nazirlər Sovetinin sədriyəm.

Partiya xətti ilə Kremldə ikinci şəxs sayılan Suslova qarşı bu cəsarəti göstərən şəxs Vladimir Şerbitski olur. Və bu cəsarətə görə elə həmin günün axşamı Şerbitski Nikita Xruşovun əmri ilə vəzifəsindən uzaqlaşdırılır. Əlavə “bonus” olaraq səhərisi gün Şerbitski ilk infarktını qazanır. Beləliklə, Xruşovun hakimiyyəti dövründə zaman Şerbitskinin xeyrinə işləmir. Ancaq bu çox da uzun çəkmir...

Vladimir Şerbitski Siyasi Büroda xüsusi çəkiyə malik siyasi fiqurlardan biri sayılıb. 18 ilə yaxın bir dövrdə Ukraynaya rəhbərlik edən Şerbitskini həmkarlarından fərqləndirən çox cəhətlər olub. Elə bu gün də əksər ukraynalılar onun fəaliyyətinə yüksək dəyər verirlər. Məhz onun dövründə Ukrayna iqtisadiyyatında 4 dəfə artım olub, respublikanın bütün bölgələrində mənzil-məişət şəraiti yaxşılaşıb və əhalinin sayı 9 milyon artıb. Ukraynada bir çox sənaye və kənd təsərrüfatı obyektlərinin tikintisi də onun adı ilə bağlıdır.

Şerbitskini fərqləndirən əsas cəhətlərdən biri də o olub ki, Brejnevlə çox yaxın dost olmalarına baxmayaraq, o, bu münasibətdən sui-istifadə etməyib. Öz gücü, işgüzarlığı hesabına mütəffiq respublikalar arasında ən yüksək göstəricilər əldə edib.

Müharibə illərində ən ağır cəbhələrdə döyüşən, dəfələrlə yaralanan, orden və medallala təltif olunan Vladimir Şerbitski 24 il ərzində Dneprodzerjinsk şəhərinin (Ukrayna) ikinci katibi vəzifəsindən Ukraynanın KP MK-nın birinci katibi vəzifəsinə qədər uzun bir yol keçib.

Şerbitski üçün dəfələrlə Moskvaya ən yüksək vəzifələrə getmək şansı yaranıb. Hətta bunu Brejnev də təkid edib. Kosıginin səhhətində problem yarananda Brejnev Şerbitskini SSRİ Nazirlər Soveti sədri kürsüsünə dəvət edib. Şerbitski “mən Moskva oyunlarına girmək istəmirəm” deyə imtina edib. Suslovun vəfatından sonra Mərkəzi Komitənin katibi vəzifəsinə də təklif alanda o, Ukraynanı tərk etməyib.

Şerbitski həm Brejnevin, həm də Çernenkonun vəfatından sonra baş katib postuna ən real namizəd sayılıb. Brejnev ölümündən bir-iki həftə əvvəl kabinetində öz kreslosunu Mərkəzi Komitənin partiya-təşkilat şöbəsinin müdiri Kapitonova göstərərək deyib ki, bu kresloda məndən sonra Şerbitski əyləşəcək və sən öz kadr siyasətini buna uyğunlaşdır.

Bu məsələnin niyə baş tutmaması isə bu günə kimi müəmma olaraq qalır. Bəzi araşdırmaçıların fikrinə görə, Şerbitski uçuruma doğru gedən SSRİ-nin sonuncu rəhbəri olmaq istəməyib və geri çəkilib. Digər bir versiyaya görə Andropov Kremldə “Ukrayna klanı”nı dağıtmaq üçün qruplaşma yaradıb və Şerbitskini oyundankənar vəziyyətə salıb. Fakt isə odur ki, Andropov baş katib kürsüsünə sahib çıxa bilib.

Diqqət çəkən məqamlardan biri odur ki, Andropov vəzifədə bir az da çox qalsaydı, Şerbitskinin bütün siyasi karyerasının üstündən xətt çəkəcəkdi. Ümumiyyətlə, bu iki siyasi fiqur uzun illər bir-birini “həzm” edə bilməyib. Çünki Şerbitski Andropov DTK sədri olanda onun Ukraynaya müdaxiləsinə heç vaxt imkan verməyib.

Çernenkonun vəfatı günü isə Şerbitski ABŞ-da ezamiyyətdə olub. Çebrikovun (DTK sədri) “operativliyi” sayəsində təcili geri dönmək istəyən Şerbitskinin təyyarəsi Amerikada 12 saat ləngiyib. Və o, telefon vasitəsi ilə Qorbaçovun baş katib olmaq məsələsinə müsbət cavab verib.

Sonrakı açılqlamalarında bu hadisə ilə bağlı Şerbitski fikirlərini belə bölüşüb:

“Plenumda mənim və və həmin ərəfədə Kaunasda olan Qriqori Pomanovun iştirak etməməsi sözsüz ki, Qorbaçovun xeyrinə idi. Biz həmin plenumda iştirak etsəydik, bəlkə tamam başqa nəticələr olacaqdı. Mən Amerikada rəsmi ezamiyyətdə idim. Moskvaya dönməyimdə problem yarananda düşündüm ki, telefonla Qorbaçovun lehinə münasibət bildirim. Bu da səbəbsiz deyildi. Ölkəyə ciddi islahatlar lazım idi. Belə fikirləşdim ki, Qorbaçov yaşca bizdən kiçikdir, enerjilidir, islahatlar apara biləcək, ölkə uçurumdan xilas olacaq. Amma sonradan tamam başqa mənzərələrin şahidi olduq. Qorbaçov çox təhlükəli bir şəxs idi...”

Qorbaçov hakimiyyətə gələndən sonra Şerbitski onun üçün arzuolunmaz şəxsə çevrilib. Mövcud dövrdə daha çox nüfuzu olan Şerbitskini təkcə Qorbaçov yox, Qorbaçov komandasının bütün üzvləri qısqanıb.

Baş katib kimi Ukraynaya ilk səfərində rəsmi tədbirlərdən sonra Şerbitski Qorbaçovun şərəfinə ziyafət təşkil edib. Ziyafətdə Moskvadan gələn qonaqlarla yanaşı Kiyevdəki dövlət məmurları da iştirak ediblər. Məclis başlayanda Qorbaçov süfrəyə nəzər yetirib, süfrədə içkilərdən yalnız mineral sular və meyvə şirələri olub. Qorbaçov təəcüblə üzünü Şerbitskiyə tutub:

- Bəs “tünd” içkilərdən heç nə yoxdur?

Şerbitski hamının eşidə biləcəyi səslə cavab verib:

- Qanun hamı üçün qanundur.

Beləliklə süfrəyə alkoqollu içkilər gətirməyiblər. Bu həmin dövrə təsadüf edib ki, Qorbaçov ölkədə “alkoqolizmə qarşı mübarizə” elan etmişdi.

Qorbaçov 1989-cu ildə Ukraynaya növbəti səfəri zamanı isə öz fikrini Şerbitskiyə açıq şəkildə bildirib: “Vladimir Vasilyeviç, artıq sizin getmək vaxtınızdır...”.

Beləliklə, 1989-cu ilin sentyabrın 28-də Şerbitski tutduğu bütün vəzifələrdən azad edilib.

1986-cı il aprelin 26-da baş verən Çernobıl qəzası Şerbitskinin siyasi fəaliyyətinin ən ağır günləri olub. Məhz həmin ərəfədə ilk dəfə olaraq Şerbitski ukraynalıların qınağı ilə üzləşib. Elə bunun da səbəbkarı Qorbaçov olub. Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş verib. Bu məsələni nəzarətdə saxlamaq isə SSRİ DTK-sının əməkdaşlarına tapşırılıb. Buna paralel olaraq Qorbaçov Çernobılda dəhşətli bir hadisə baş vermədiyini və bunun adi qəzalardan biri olduğunu sübut etmək üçün qəzanın baş verdiyi yerin yaxınlığında yerləşən Kiyevdə 1 May bayramının təntənəli şəkildə keçirilməsi barədə göstəriş verib və Şerbitskiyə zəng vuraraq bayram tədbirində iştirak etməsinin zəruriliyini bildirib. Amma Kiyevdə əhalinin müəyyən hissəsi baş verənlərdən xəbər tuta bilib və onlar 1 May mərasiminə qatılmaq istəməyiblər. Lakin milisin işə cəlb edilməsi nəticəsində yüzlərlə adam zorla evindən çıxarılıb və 1 May şənliklərində iştirak etməyə məcbur edilib. Həmin ağır günlərdə Şerbitskinin byram şənliklərində iştirakı onun nüfuzuna kifayət qədər xələl gətirib.

Şerbitski siyasi fəaliyyətinin bütün dövrlərində sadə həyat tərzinə üstünlük verib. O, təmtəraqlı ziyafətlərdən, gecə yarıyadək davam edən məclislərdən uzaq olub. Səhər saat 9-dan axşam saat 9-a qədər işdə olan birinci katib boş vaxtlarını ailəsi ilə birgə keçirib. Adı heç vaxt qadın əyləncələrində hallanmayıb. Haqqında xarici ölkələrdə valyuta hesabı olduğu söyləniləndə Şerbitski heç bir açıqlama verməyə cəhd etməyib. Sadəcə Kremlə gedib, məsələni araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasını tələb edib və araşdırmaların son nəticəsində ortaya bir fakt da olsun üzə çıxmayıb.

Şerbitski təvazökarlığı ilə də fərqlənib. Başqaları kimi dövlət təltifləri üçün Kremlin qapılarını döyməyib. SSRİ-də belə bir qanun mövcud olub ki, iki dəfə istər Sovet İttifaqı Qəhrəmanı, istərsə də Sosialist Əməyi Qəhramanı adına layiq görülən şəxslərin bürüncdən büstü qoyulub. Brejnevin Ukraynada büstü qoyulanda o, çox böyük sevinc və həvəsə Moskvadan büstün açılış mərasiminə gəlib. Şerbitski isə Ukraynada ola-ola öz büstünün açılışı ilə bağlı keçirilən tədbirdə iştirak etməyib.
Həyat yoldaşı Rada Qavrilovna uzun illər Kiyevin orta məktəblərinin birində sıravi müəllimə işləyib. O heç vaxt zinət əşyaları, bahalı geyimləri ilə həmkarlarından fərqlənməyib.

Şerbitski Kreml məmurlarından fərqli olaraq ov etməyə həvəs göstərməyib. Onun əsas şakərlərindən biri göyərçin saxlamaq olub. Elə yaşadığı binanın həyətində də kiçik bir göyərçin “ev”i düzəldib. Hər səhər işə gedərkən 10-15 dəqiqəsini onlara sərf edib. Göyərçinlərə əsasən qonşuluqda yaşayan təqaüdçü Nikita Sergeyeviç (Xruşovun adı və atasının adı da belə olub) qulluq edib. Şerbitski onun göyərçinlərə olan bu qayğısından çox razı qalıb və arabir zarafatla belə bir ifadə də işlədib: “Nukita Sergeyeviç, sənin xidmətlərin o biri Nikita Sergeyeviçin xidmətlərindən daha çoxdur...”

Şerbitskinin ən “zəif nöqtə”si futbol olub. Kiyev “Dinamo”sunun qatı azarkeşi olan birinci katib klubun futbolçularını öz övladları qədər sevib. Həyat yoldaşı Rada Qavrilovna müsahibələrinin birində bu mövzuya xüsusi toxunub:

“Vladimiri istənilən vaxt narahat etmək olardı. Zəng edib hal-əhval tutanda, nə isə soruşanda, məsləhət alanda o, harada olmasından asılı olmayaraq mehribanlıqla danışardı. Amma futbola baxarkən ona yaxın düşmək mümkün deyildi. Vladimir futbolu evdə seyr edəndə 90 dəqiqə ərzində hamı sakitcə öz otağına çəkilirdi. Mənim əsas işim isə ondan ibarət olurdu ki, arabir onun otağına keçib külqabını boşaldım. Futbol başlanan kimi Vladimir dəftər və qələmi dizinin üstünə, külqabını isə böyrünə qoyurdu. Oyunu izləyə-izləyə dəftərə topun düzgün ötürülməməsini, müdafiəçinin buraxdığı səhvi, hücumçunun qol vurmaq şansı olduğunu, bir sözlə, matçın bütün detallarını qeyd edirdi. Stadionda isə oyundan sonra geyinib-soyunma otağına gedirdi. Futbolçuların aldığı zədələri gördükdən sonra evdə bu haqda ürək ağrısı ilə söhbət açırdı. O, öz övladları kimi sevirdi futbolçuları. Futbol və oyunçular haqqında o qədər danışırdı ki, artıq mən də bu sahənin mütəxəssisinə çevrilmişdim. Heç vaxt onlardan qayğısını əsirgəmirdi. Əgər Moskva “Dinamo”çularının cəmi bir-ikisində “Qaz-24” var idisə, bizimkilərin hamısı bu maşında gəzirdi. Komandanın bütün furbolçularına Kiyevin ən yaxşı yerlərindən ev vermişdi. Və Vladimirin bu qayğısı sayəsində “Dinamo” Kiyev komandası ən güclü klublardan biri idi...”

Müasirlərinin xatirələrinə görə, Şerbitski daha çox işlər görmək potensialına malik olub. Amma mövcud rejimdə Moskvadan asılılıq buna imkan verməyib. Bu məsələdə onun məşhur bir ifadəsi də tez-tez xatırlanır: “Mən Xreşatikdə (Kiyevin mərkəzi və çox məşhur küçəsi) bir tualet tikəndə də Moskvadan razılığını almalıyam...”

1990-cı il fevralın 16-da Ukrayna Ali Radasının növbəti iclasının gündəliyinə Çernobıl hadisələrinə yenidən qiymət verilməsi məsələsi daxil ediləndə bir qrup deputat iclasda Şerbitskinin iştirak etməsini zəruri sayıblar. Ukraynanın yeni formalaşan siyasi elitası bu qəzada Şerbitskinin rəsmi “günahkar” olması ilə bağlı qərar çıxarmağa cəhd ediblər. Hətta arada gəzən söhbətlərə görə sabiq birinci katibin həbs edilməsi məsələsi də gündəmə gəlib. Bu dəvəti aldıqdan sonra Şerbitski özlüyündə qərar verib, iclasda iştirak etməyəcək. Düşünüb ki, günahkar olmadığı halda, nəyə görə kimlərinsə qarşısında özünü doğrultmalıdır.

Fevralın 16-sı səhər saatlarında Şerbitski özünü pis hiss etdiyini, iclasa getməyəcəyini söyləyib və bir neçə saatdan sonra vəfat edib. Rəsmi nekroloqda Şerbitskinin ölümünün səbəbi kimi ağciyər iltihabı xəstəliyi göstərilib. Amma ölüm səbəbinin heç də xəstəliklə bağlı olmadığı ilə bağlı versiyalar da səsləndirilib. Bu versiyalardan əsası isə Şerbitskinin intihar etməsi olub.

Adətən güclü xarakterə, iradəyə malik olan insanlar heç vaxt intihar yolunu seçmirlər. Amma bir məsələ də var ki, güclü insanlar heç vaxt kimlərinsə onlar haqqında hökm vermələrini də qəbul etmirlər. Elə bəlkə də buna görə Vladimir Şerbitski özü öz hökmünü verməyə qərar verib.

Şerbitskinin dəfnində partiya rəhbərliyindən heç kim iştirak etməyib. Amma on minlərlə sıravi ukraynalılar öz ehtiramlarını bildirmək üçün onun dəfninə axışıblar. Dəfn mərasimində havaya yüzlərlə göyərçin buraxılıb, o cümlədən Şerbitskiyə məxsus olan göyərçinlər də...

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.