Ağdam sakini: Prezident pul ayırır, icra hakimiyyəti deyir, pul yoxdur

20-12-2018, 10:53   
 
Səadət Quliyeva deyir, aprel döyüşləri zamanı mərmidən qəzalı vəziyyətə düşən evi hökumət təmir etmək istəmir

“O vaxt yaxınlığımıza mərmi düşdü, evimizin divarları, tavan aralandı... Şüşələr töküldü. Şüşələrin yerinə o vaxtdan “klyonka” tutmuşuq. İki ildən çoxdur ki, icra hakimiyyətinə, prezidentə yazırıq. Bu iki ildə özümüz evin ora-burasını düzəltmişik. Ancaq bununla iş bitmir. Ev yavaş-yavaş çökür”. 

Ağdamın Çəmənli kənd sakini Səadət Quliyeva Meydan TV-yə danışır ki, 2016-cı ildə baş vermiş aprel döyüşləri zamanı kənddəki bir çox ev kimi onların da evi qəzalı vəziyyətə düşüb. 1 il 8 ay ötməsinə və bu müddət örzində rəsmi qurumlara müraciət etməsinə baxmayaraq, ailə hələ də qəzalı evdə yaşamağa davam edir.

Prezident iki dəfə pul ayırıb

Prezident İlham Əliyev hələ 2016-cı ildə - aprel döyüşlərindən bir neçə gün sonra cəbhə xəttiboyu döyüşlərdən zərər çəkmiş yaşayış məntəqələrinin təmir-bərpası üçün pul ayırıb. Həmin məntəqələr arasında Ağdamın Çəmənli kəndi də olub. Ötən ay Ağdama səfərqabağı prezident növbəti dəfə bu rayondakı quruculuq və kənd təsərrüfatı işlərinə görə pul ayırıb. Ayrılmış məbləğin içərisində müharibədən zərər çəkmiş yaşayış məntəqələrinin təmir-bərpası üçün də 3 milyon manat var.

Səadət Quliyevanın da istəyi budur ki, heç olmasa bu dəfə onun mərmidən yaşamaq üçün yararsız hala düşən evi ya təmir olunsun, ya da ailə üçün yenisi tikilsin:

“İkinci dəfədir ki, prezident evlərimizin təmiri, bərpası üçün pul ayırır. Ancaq gedirsən icra hakimiyyətinə, deyirsən, mərmi düşüb, evim dağılıb, deyir, bu işlərə görə pul ayrılmır. Vətəndaşları aldadırlar. Evdə iki azyaşlı uşağım var. Özümüz də xəstəyik. Tavandakı yarıqlar düz çarpayının üstündədir. O çarpayıda uşaqlar da yatır. Tavan yerə otursa, uşaqlar daş-kəsəyin altında qalacaq. Gedib bunları icra hakimiyyətində deyirəm, deyirlər, sən uşağı o şəraitdə saxlayırsansa, məsuliyyətsiz valideynsənsə, biz neyləyək? Deyirəm, necə yəni neyləyəsiz, bizim başımıza bir faciə gəlsə, məsuliyyət sizin üzərinizdədir. İki ildən çoxdur qapınızda düşüb qalmışıq”.
 



Deyir, bu pullar yalnız kağız üzərində ayrılır

Səadət Quliyeva deyir, yerli strukturlar ayrılmış həmin vəsaiti qəzalı vəziyyətə düşən evlərə xərcləməkdə “simiclik” edirlər:

“Kənddə çox evlər yararsız hala düşüb. Ancaq çoxuna gəlib baxış keçirib akt yazıblar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazırlar, şifahi isə deyirlər ki, “prezidentin pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb, ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.


Ailə prezidentə müraciət edir, bir müddət sonra cavab yerli icra hakimiyyətdindən gəlir. İcra hakimiyyəti ailəyə cavab verir ki, prezidentə ünvanlanan müraciət onlar tərəfindən araşdırılıb. Sonra da ailənin diqqətinə çatdırılır ki, icra hakimiyyətinə vətəndaşların fərdi evlərinin tikintisinə, təmirinə, bərpasına vəsait ayrılmadığı üçün onlara kömək etmək imkanları yoxdur.
Uşaqlar yatır, biz keşiklərini çəkirik

Ailənin bu işləri görmək üçün vəsaiti yoxdur. Səadət Quliyevanın həyat yoldaşı əlil və işsizdir, özü xadimə işləyir və cüzi məvacib çörəyə də çatmır. Öhdəsində xəstə uşaqlar və ahıl yaşlı ailə üzvləri var:

“Otaqlar dağılıb, cəmi bircə otaq qalıb. Yayda həyətdə yatırıq, indi qışdır, məcbur olub həmin qəzalı otağa yığışmışıq. Bu otaq da dağılmaq üzrədir. Uşaqlar yatır, böyüklər keşik çəkir... Cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.

Çəmənli sakini hökumətdən mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını tələb edir.

 


Ev mərmidən yox, köhnəlikdən qəzalı vəziyyətə düşüb

Ağdam Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Quliyevlər ailəsi tez-tez ölkə başçısına da müraciət edirlər. Onların məktubları nəticədə araşdırılması və tədbir görülməsi üçün bu quruma gəlib çıxır. Araşdırma aparılır və məlum olur ki, Quliyevlərin evi mərmidən yox, köhnəlikdən qəzalı vəziyyətə düşüb. Bu halda isə evin təmir-bərpasına icra hakimiyyəti kömək etmir. Çünki büdcədən buna görə vəsait ayrılmır.
Səadət Quliyeva isə rəsmi qurumun dediklərini yalanlayır. Bildirir ki, ev 1990-cı ildə tikilib və məhz yaxınlıqda partlayan mərminin təsirindən qəzalı vəziyyətə düşüb. Hər səhər 12 yaşlı Pərvinlə 9 yaşlı Xanım bu qəzalı evin qapısından çıxaraq məktəbə yollanır.

2016-cı ilin 2 mayında prezident İlham Əliyev “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama görə, əsasən, Ağdamın kəndlərində mərmilərdən zərər çəkmiş evlərin təmir-bərpası qısa zamanda başa çatmalıydı. Lakin görünən odur ki, bu işlər başa çatdırılmadığı üçün ötən ay prezident eyni məqsədlə daha 3 milyon manat ayırıb.
 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.