Ləğv edilmiş Milli Təhlüksizlik Nazirliyinin sabiq əməkdaşı, 49 yaşlı Fariz Mirvahid oğlu Vahabov evinin qabağında odlu silahdan açılan atəşlə öldürülüb. Sinəsinə açılan atəşdən sonra sabiq MTN-çinin başına “kantrolnı” atəş açılıb. Qatilin F.Vahabovun sinəsinə çoxsaylı bıçaq xəsarətləri yetirməsi haqda da xəbər var. Bakı polisi hazırda F.Vahabovu öldürən şəxsi axtarır.
Qanlı hadisə Xətai rayonunda dekabrın 20-də baş verib. 1970-ci il təvəllüdlü Fariz Mirvahid oğlu Vahabov Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus “Hyundai” markalı, Az 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Olay F.Vahabov yaşadığı evin həyətində maşınını parklamaq istəyərkən baş verib. F.Vahabov hadisə yerindəcə keçinib. Hadisə yerində araşdırma aparan istintaq-əməliyyat qrupu ərazidən götürdükləri əşyayi-dəlilləri ekspertizaya təqdim ediblər. Hələlik killerin hansı silahdan atəş açdığı məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açanın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.
Sputnik.az saytı Fərhad Vahabovun əvvəllər MTN-in əməkdaşı olması haqda xəbər yayıb. Onun MTN-dən ayrılmasnın səhhətində yaranmış problemlə əlaqəli olması da qeyd olunur. İşdən uzaqlaşandan sonra F.Vahabov bizneslə məşğul olub. İstintaq hazırda qətllə bağlı bir neçə versiya üzərində çalışır. İlkin qənaətə görə qətl biznes maraqların toqquşması ilə əlaqəlo ola bilər. Bununla belə hadisənin F.Vahabovun əvvəlki işi ilə də bağlı ola biləcəyi də istisna olunmur.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
E.HÜSEYNOV,
"Yeni Müsavat"