14:27
Qara dənizdə hava şəraitinin kəskin olması ilə əlaqədar Panama bayrağı altında üzən yük gəmisi batıb.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Samsun vilayəti sahillərində batan “Volqo Balt 214” adlı gəmidə 13 nəfər ekipaj üzvü olub. Ekipaj üzvlərindən 7 nəfər xilas edilib, 2 nəfər həlak olub, 4 nəfər isə axtarılır. Heyətdən 9-nun Ukrayna, 2-nin Azərbaycan, 2-nin isə Rusiya vətəndaşı olduğu bildirilir.
Türkiyə Hava Qüvvələri Komandirliyi tərəfindən axtarış-xilasetmə tədbirləri üçün 2 qayıq, 2 helikopter və 1 təyyarə cəlb edilib.
Həlak olanların hansı ölkə vətəndaşı olması hələlik məlum deyil.
***
***
Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.
***
İtkin düşən Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun meyiti tapılıb.
Report-un verdiyi məlumata görə, onun meyiti suda gəminin göyərtəsində sıxılmış vəziyyətdə aşkar olunub.
Bildirilib ki, T.İsmayılov və digər Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimovun gəmidə sıxılmış vəziyyətdə qalmış meyitlərinin çıxarılması istiqamətində iş aparılır.