Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları: xüsusi amansız qətl planı

20-01-2019, 13:49   


Həmyerlisini xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Onun cəzası azaldılıb.

Musavat.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Sabirabad şəhər sakini Vüqar Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlqıla qəsdən adam öldürməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Vüqar Süleymanov qanunsuz olaraq yivsiz odlu ov silahı üçün döyüş sursatı hazırlamaqla qisas almaq məqsədilə Davud Fərəcovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd edib.

Hadisə 2017-ci ilin noyabr ayında baş verib. İttihama görə, Vüqar Süleymanov həmyerlisi və tanışı Davud Fərəcovun Rusiyanın Mahaçqala şəhərində onun barəsində xoşagəlməz söhbətlər etməsindən xəbər tutub.

Həmin söhbətlər Mahaçqalada Sabirabaddan olan şəxslər arasında olub və Vüqar da bundan xəbər tutub. Davud Sabirabada qayıdarkən Vüqar bu məsələyə aydınlıq gətirmək istəyib.

Vüqar bu məqsədlə Davudla görüşüb və belə sözləri danışıb-danışmamasını dəqiqləşdirmək istəyib.

O, əvvəlcə nənəsinin evinin həyətyanı sahəsində gizlətdiyi 12 kalibrli qoşalüləli yivsiz ov tüfəngini götürüb. Tüfənglə birlikdə gizlətdiyi bir ədəd 12 kalibrli boş patronu isə atəşin təsir qüvvəsini artırmaq məqsədilə içərisinə şurup, qayka və vint kimi metal hissəciklərlə doldurub. Daha sonra həmin silahı “Sabir” adına su kanalının yaxınlığında gizlədib.

İttihamda yazılır ki, Vüqarın məqsədi Davudu su kanalının yanına gətirmək və təsdiq cavabı alarsa, öldürmək olub. Vüqar Davud Fərəcova zəng edərək onu su kanalının yaxınlığına dəvət edib. Vüqar qardaşı İlqara zəng edərək Davudu maşınla dediyi əraziyə gətirməsini istəyib.

Görüş yerinə Davud Fərəcovun yanında əmisi oğlu, qohumu və qonşusu da gəlib. Bu zaman söhbət qısa olub və Vüqar Davudla sonra təkbətək görüşməyi planlaşdırıb.

Bir neçə gün sonra Vüqar yenidən Davuda zəng edərək onunla görüşmək istədiyini deyib və onu yenidən su kanalının yanına çağırıb. Bu görüşə Vüqar qardaşı İlqarla gəlib. Davudun yanında isə əmisi oğlu Pərviz Fərəcov olub.

Görüş zamanı Vüqar ov tüfəngini Davud Fərəcovun döş nahiyəsinə tuşlayıb və barəsində rüsvayedici sözlər danışıb-danışmamasını soruşub. Davud “hə” cavabını verib. Vüqar atəş açamaq istəyərkən Pərviz qışqırdığından Vüqar atəş istiqamətini dəyişib.

İstintaq orqanı belə qənaətə gəlib ki, Vüqar şəxsiyyətinin alçaldılmasını, adının ləkələnməsini və dost-tanışları yanında nüfuzdan düşməsini düşünərək Davud Fərəcovu qisas almaq məqsədilə qəsdən öldürmək istəyib.

Barəsində çıxarılan hökmdən narazı qalan Vüqar Süleymanov apellyasiya şikayəti verib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə baxılıb.

Vüqar Süleymanov Davudu öldürmək niyyətinin olmadığını deyib və əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla törədildikdə) maddəsinə tövsif edilməsini istəyib.

Davud Fərəcov məhkəmə prosesində iştirak etməyib. O, Vüqarı bağışladığını bildirib və məhkəməyə barışıq ərizəsi təqdim edib.

Məhkəmə tərəfləri dinlədikdən sonra belə qənaətə gəlib ki, Vüqar Süleymanovun əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edilməsinə əsas yoxdur. Çünki Vüqar Süleymanov zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etməsi və bu cinayəti ümumi təhlükəli üsulla icra etməsi məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilib.

Belə ki, o, cinayətin törədilməsi üçün odlu silah seçib, ov silahı üçün olan patronun içərisində olan qırmaları boşaldıb içərisinə şurup, qayka və vint kimi təsərrüfat təyinatlı kiçik metal hissəciklər dolduraraq döyüş sursatı hazırlayıb, əvvəlcədən tüfəngin atəşə yararlığını yoxlayıb, tüfəngi cinayəti törədəcəyi ərazidə əvvəlcədən gizlədib və tüfəngi zərərçəkmişin sinə nahiyyəsinə tuşlayıb. Məhkəmə bunları nəzərə alaraq tövsiflə bağlı vəsatəti əsassız hesab edib.

Amma məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi qənaətlə razılaşmayıb. Belə ki, məhkəmə tərəflər arasındakı barışığın, zərərçəkmiş şəxsin müalicəsinə sərf olunmuş xərclərin nəzərə alınmadığını bildirib.

Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin hökmünü dəyişərək, Vüqar Süleymanova yüngül cəza təyin edib. Onun cəzası 14 il 6 aydan 11 il 3 aya endirilib.

İlkin Muradov,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.