''Polis rəisi dedi ki, torpağımı mənimsəyən adamın arxasında durub''

22-01-2019, 09:51   
 

Füzuli rayon sakini məhkəmə qərarının icra olunmadığını deyir


“Füzulinin Zərgər kəndindən olan imkanlı bir köçkün var. Qohumlarının hamısı polisdə, vəzifədə işləyir. Bunlardan istifadə edib, mənim torpağımı alıb, vermir. Ev də tikib içində. Nə az, nə çox, 77 sot torpaq sahəsidir, qaytarmır”.
Füzulinin Kürdmahmudlu kəndinin sakini Elxan Əliyev belə deyir.

Sənədlə adıma olan torpağımı zəbt edib, qaytarmırlar

E.Əliyev Meydan TV-yə bildirib ki, 1998-ci ildə hökumət ona 1 hektar 77 sotluq pay torpağı verib. Həmin Hacı Əliyev adlı şəxs o torpaq sahəsinin 77 sotunu zəbt edib, qaytarmır:

“Sənədlə, sübutla, öz adımadır. Zəbt edilən 77 sotda 2 böyük ev tikib, yol, bağ salıb. Bir sözlə, istədiyini edib. İllərlə aramızda çəkişmə oldu. Nə icra hakimiyyəti, nə bələdiyyə bacara bildi onunla. Əlacım kəsildi, 2014-cü ildə məhkəməyə üz tutdum. İşə Füzuli Rayon Məhkəməsi baxdı və o qənaətə gəldi ki, bəli, mən haqlıyam. Torpağımın mənə qaytarılması qərarını çıxardı. Ancaq kimə deyirsən, yenə vecinə olmadı”.

Bir ölkədə ki, məhkəmənin qərarı, prezidentin tələbi yerinə yetirilmir

E.Əliyev deyir ki, Hacı Əliyev bir müddət sonra məhkəmənin qərarından apelyasiya şikayəti verib. İşə Şirvan Apelyasiya Məhkəməsi baxıb:
“İnanın, Şirvan Apelyasiya Məhkəməsi də işə baxdı və qərara gəldi ki, haqlı olan mənəm. Birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Di gəl, icra məmurları işlərini görmək istəmirlər. Məhkəmənin qərarı icraya yönəldilib, ancaq icra edilmir. Buna görə Ədliyyə Nazirliyi və Prezident Administrasiyasına da şikayət etdim. Məktubuma cavab da aldım. Onlar da işin icra olunmasını tələb ediblər. Ancaq edilmir, baxılmır. Qalmışam pis vəziyyətə. Bir ölkədə ki, məhkəmənin qərarı, prezidentin tələbi yerinə yetirilmir, daha kimdən nə gözləyək?”

Yuxarılardan necə tapşırılıbsa, heç kim ona bata bilmir

Elxan Əliyev deyir ki, məktublarına cavab alandan sonra icra məmurları gəlib, onunla görüşüblər. Ancaq yenə işlərini görmədən çıxıb gediblər:

“Gəldilər, görüşdük. Axşamacan telefon qulaqlarında danışdılar, çaydan içib, mürəbbədən yedilər. Sonda da çıxıb getdilər. Elə bil deyirlər ki, buranın şahı bizik. Hacı Əliyev kimdirsə, o, prezidentdən də, nazirlikdən də böyük adamdı deyəsən. Yuxarılardan necə tapşırılıbsa, heç kim ona bata bilmir”.
Rəis mənə dedi ki, o kişidən nə istəyirsən?
Elxan Əliyev deyir ki, bu yaxınlarda Füzuli Rayon Polis İdarəsinin rəisi də onu görüşə çağırıb. O, heç bir cinayət törətmədiyi və polislik bir işinin olmadığı üçün əvvəlcə getməyib. Sonra israrla xəbər göndərdikləri üçün gedib idarəyə:
“Dedim mən nə etmişəm ki, polisə çağırırsız? Rəis mənə dedi ki, o kişidən nə istəyirsən? Soruşdum kişi kimdi. Dedi, Hacıdan əl çək. Dedim, mən niyə əl çəkim? O, mənim torpağımı mənimsəyib, o, əl çəksin. Dedi, onun arxasında mən durmuşam, ona heç nə edə bilməzsən, əl çək dedimsə, əl çəkməlisən. Axırda da bildirdi ki, Hacı Əliyev onun işçisidir, arxasında da o durub. Dedim, axı 1998-ci ildə dövlət bu torpağı mənə verib. Bu, necə olacaq? Məsləhət gördü ki, gedib başqa yerdən torpaq tələb edim. Bildirdim ki, verirsənsə, öz işçinə ver, mənim yerim var. Heç dinləmədi də. Baxın də, hamı üstümə gəlir, hətta polis rəisi belə. Mənə təzyiq göstərirlər”.
İllərdir bu vəziyyətdəyik
E.Əliyev hazırkı torpağından razıdır. Deyir, yeri yaxşıdır, yola yaxındır:
“Verəcəkləri torpaq kim bilir harada olacaq, istəmirəm, lazım deyil. Yol kənarında, evimə yaxın yeri qoyub, niyə düşməliyəm dərələrə? Neyləyim kilometrlərlə uzaq yerdən olan torpağı? Camaat əkib-biçir, pul qazanır, təsərrüfatla məşğul olur. Biz illərdir bu vəziyyətdəyik”.
Həm həyat ağırdır, həm yaşamaq, həm də dolanışıq
Şikayətçi deyir ki, çətin, kasıbkarlıqla dolanan zəhmət adamıdır. Bir-birinin ardınca həyat yoldaşı və qızı dünyasını dünyasını dəyişib. Aldığı zərbələrdən hələ də özünə gəlməyib:
“Bir tərəfdən də maddi çətinliklər sıxır adamı. Həm həyat ağırdır, həm yaşamaq, həm də dolanışıq”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdmahmudlu Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyənin sədri Eynulla Xudiyev Füzuli rayonunun işğal olunmuş Zərgər kəndindən olan məcburi köçkün Hacı Əliyevin həqiqətən də Elxan Əliyevə məxsus torpaqda özünə ev tikdiyini təsdiqləyib. Onun doğru etmədiyini söyləyib:
“Biz oların arasındakı problemi həll etməyə çalışdıq. Razılaşdıra bilmədik. Müsbət nəticə almadığımızdan Elxan Əliyev məhkəməyə müraciət etdi. Daha sonrasının necə olduğunu bilmirəm”.
Bir yolunu tapıb həll etməyə çalışırıq
Füzuli Rayon İcra Şöbəsindən də işin onlarda olduğunu təsdiqləyiblər. Tezliklə problemi həll edəcəklərini söyləyiblər:
“Bir az mübahisəli məsələdir. Digəri də məcburi köçkündür. Çölə atmaq olmur. Bir yolunu tapıb həll etməyə çalışırıq. Tezliklə narazılıq aradan qaldırılar”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.