"Cavanlarımızın hamısı qul bazarındadır"

24-01-2019, 10:13   
 

'Biz bu hakimiyyətdən narazıyıq''
Lerik rayonu, Siyov kəndinin camaatı şikayətçidir.
Onlar Meydan TV-yə giley-güzar edirlər ki, digər kəndlərlə müqayisədə onlara qarşı ayrı-seçkilik olunur. Üstəlik, kəndlərində heç bir yenidənqurma işləri aparılmır.
Sosial problemlərlə də maraqlanan yoxdur.
"Cənub bölgəsinə ögey münasibət var. Hansı dağ kəndinə baxırsan, inkişaf edir, yollar, qaz xətti çəkilib, az-çox abadlaşma işləri aparılıb. Bəs bizə niyə heç nə etmirlər? Açığını deyim, biz bu hakimiyyətdən narazıyıq", - kənd sakini Sulduz Əbilov deyir:
"Problemlərimiz çoxdur, saymaqla qurtarmaz. Amma bununla belə, hələ də gözləyirik, ümidlə yaşayırıq ki, insafa gəlib, biz tərəflərə də baxacaqlar. Keçən il ölkə başçısının Lerikə səfəri olacaqdı deyə, yol problemini bir balaca həll etdilər, asfalt çəkdilər. Qalan problemlər eləcə yerindədir. Hər dəfə aidiyyatı quruma müraciət edəndə, deyirlər ki, bizdən asılı deyil. Elə problemlər var ki, elə yerli hakimiyyətdən asılıdır. Lakin onlar da həyata keçirmir. İcra başçısı rayona gəlir, amma kəndə yaxın durmur. Çünki dili gödəkdir".
Kənd sakini Asif Məmmədov isə deyir ki, əhalisinin sayı 1500 nəfər olan Siyov sakinləri evlərindən didərgin düşüb:
"Kənd camaatının 80 faizi buradan Bakıya köçüb. Gedin, özünüz baxın, buradakı evlərin çoxu boşdur. Ancaq ər-arvad, yaşlı pensiyaçılar qalıblar. Bu, kəndin demoqrafik vəziyyətidir. Cavanlarımızın hamısı hazırda qul bazarındadır. Nə qədər ali təhsilli uşaqlar var, gedib, Bakıda qul bazarında, karyerlərdə fəhləlik edib, daş daşıyırlar. 53 yaşım var, illərdir, işsizəm. Bezmişəm, intihar həddinə çatmışam. Təsərrüffatla məşğul oluruq, heyvan saxlayıb, satırıq. Un, qənd pulunu güclə çıxarırıq. Üstəlik, sovet hökuməti dağılandan sonra kəndimizdə heç bir inzibati bina təmir olunmayıb. Gəlib, desinlər, göstərsinlər, görək, Azərbaycan 25 ildir müstəqillik qazanandan, bu kəndə hansı bir irəliləyiş olub? Sovetləri tərifləmirəm, amma müqayisə edəndə, indiki durumdan qat-qat yaxşı idi. 26 kilometrlik Piran-Vijaker yoluna asfalt çəkildi. Amma biz kor bağırsaq çıxıntısı kimi qıraqda qaldıq. Bütün Drığ mahalına asfalt çəkiblər, amma Syov yaddan çıxıb".
Asif Məmmədov söyləyir ki, təbii qaz problemi ilə əlaqədar şikayət etmədikləri qurum, döymədikləri qapı qalmayıb:
"Qazımız olsa, yay mövsümündə, ay ərzində 5-6, qışda isə lap çox 50-60 manat pul xərcləmiş olarıq. Bu da ilə 300 manat edir. Amma hazırda hər ailə, bir ildə oduna ən azı, 7-8 yüz manat pul verir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik. Hətta kəndin qadınlarının dilindən imza toplayaraq, prezidentə məktub yazmışıq. Amma heç bir nəticəsi olmayıb. Hər dəfə deyirlər ki, büdcədən təsdiq olunmayıb. Olunsa, biz qaz problemini həll edərik. Ümumilikdə, talış bölgəsində meşə ancaq bizim ərazidədir. Buranı Azərbaycanın ağciyəri adlandırmaq olar. Amma təəssüf ki, meşələr kütləvi şəkildə qırılıb. Həm sosial tərəfdən vəziyyət pis idi, həm də bəzi hərc-mərclik, özbaşınalıq yarandı, rayon səviyyəsində meşələri qırıb daşıdılar. Sovetlər dönəmində, bu kənd mərkəzi ərazi olub. Hazırda isə Syov sanki adaya çevrilib. Bütün balaca kəndlərdə məktəb tikilib, qaz çəkilib, bizdən başqa".
Siyov kənd orta məktəbinin bədən tərbiyəsi müəllimi Qüdrət Əmirov isə "Məni ən çox yandıran, ən ağrılı yerim, kənd camaatının cavanları əksəriyyətinin Bakıya köçməsidir", - deyir:
"Mən nə üçün yaşayıram? Bir oğlum vardı, o da çıxıb Bakıya getdi. Bundan sonra mənim yaşamağıma heç dəyməz. Övladlarımız hamısı kənddən çıxıb, gedib. Oğlum niyə bu əziyyətləri görüb, kənddən getməlidir? Zəmanə dəyişib, biz birtəhər dözürük. Yeniyetmələr bu durumu qəbul etmir. Müasir dövrdür, internet əsridir, onlar özü üçün çalışır. Biz yaşlı adamlar da təklənmişik. Vəziyyət çox acınacaqlıdır, camaat bezib. Hökumət nümayəndələrinə deyəndə ki, camaat sizdən narazıdır. Başlayırlar, müxtəlif böhtanlarla bizi şərləməyə. Çox biabırçı bir vəziyyətdir".
Lerik Rayon İcra Hakimiyyəti başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Bayramov Meydan TV-yə bildirib ki, kənddəki mövcud problemlərdən xəbərdardırlar:
"Kənd yeridir, problemlər həmişə olub. Bundan sonra da olacaq. Biz də çalışırıq ki, problemləri maksimum həll edək. Nə qədər mümkündürsə, əlimizdən nə gəlirsə, onu da edirik. Əsas təbii qazdır. Bu problemlə bağlı da cənab başçıya məlumat verilib, nəzarətindədir. 2019-cu ildə kəndimizdə qazlaşdırılma işi başa çatacaq. İnzibati binalara gəlincə, hesabatda təqdim etmişik, plana salınıb. Nəzərdə tutulub ki, hissə-hissə müəyyən qədər bu problemlər aradan qaldırılsın".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.