Lerik sakini: "Prezidentlə görüşməyim deyə məni aparıb bir sutka su-kanal idarəsində saxladılar"

25-01-2019, 17:12   
 

Zəlzələdən sonra çadırda yaşayan kənd sakini ona heç kimin kömək etmədiyini deyir
"Qışın soyuğunda evsiz-eşiksiz qalmışıq. Üç azyaşlı uşağımla çadırda yaşayırıq. Qaz da yoxdur ki, heç olmasa, canımız isinsin".
Bu sözləri Meydan TV-yə Lerik rayonu, Qışlaq kənd sakini Qalib Kərimov deyir. Bildirir ki, ötən il avqustun 28-də baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşüb:
"Təsəvvür edin, zəlzələdən sonra biz bir həftə çöldə qaldıq. Fövqəladə Hallar Nazirliyinin Lerik rayonundakı komissiyasının üzvləri evə baxış keçirərək, çadır qurub, o gedən-getdilər, bir də geri qayıtmadılar. Hökumət çadır verib, qışın soyuğunda burada yaşayırıq. Ucqar dağ kəndidir, qışda qarı əskik olmur. Uşaqlarım hələ balacadır, bizə heç kimin rəhmi gəlmir".

Şikayətçi söyləyir ki, məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Prezident Adminstrasiyasına müraciət edib:
"Hətta ötən il prezident bura, Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışına gələndə görüşüb, dərdimi demək istədim, amma qoymadılar. Yol kənarında dayanmışdım. Dörd nəfər polis əməkdaşı gəldi, dedi ki, burada dayanma, prezident keçəcək. Əlimdə məktubum vardı, göstərdim, dedim ki, bunu prezidentə verməliyəm. Məni aparıb, bir sutka su-kanal idarəsində saxladılar. Prezident gedəndən sonra rayonun rəis müavini gəldi, məktubu məndən alanda, dedim ki, əl vurma, sənə yox, cənab prezidentə yazılıb. Mənə dedi ki, sən çox danışırsan, məktubu da götürüb getdi. Nəyim var, satmışam, düşmüşəm bu işin arxasınca. Hinduşka, toyuq satıb Bakıya gedirəm ki, prezidentə sözümü deyim, çünki rayonda məni eşidən yoxdur. Prezident Adminstrasiyasına getdim, orada dedilır ki, Lerik rayon icra başçısına tapşırmışıq, problemin həll olunacaq. Mən də onlara inandım, İcra başçısının yanında oldum, sözü bu oldu ki, hara və kimə şikayətə gedirsən, get. İkinci dəfə Prezident Adminstrasiyasına getdim, bir nəticəsi olmadı. Əlim hər yerdən üzüldü, yollandım İrana. Azərbaycanın İrandakı səfirliyində oldum, dedim ki, ölkəmin vətəndaşlığından imtina edirəm. Oradan Azərbaycana, Prezident Adminstrasiyasına müraciət etdim. İranda da mənə dedilər ki, geri qayıt, Lerikin icra başçısı səni yerbəyer edəcək. Gəldim, icra başçısı ilə görüşdüm, son sözü bu oldu ki, get hara müraciət edirsən, et, daha mənim yanıma şikayətə gəlmə".
 


"Biz uzaq məsafədə yaşayırıq, dərdimizi, problemimizi hökumətə çatdıra bilmirik. Cənab prezidentin xəbəri olsa, bu işi belə saxlamayacaq. İmkan da vermirlər ki, gedib, dərdimizi prezidentimizə deyək",- deyə Qalib Kərimov əlavə edir:
"Heç bir yerdə işləmirəm. Kəndə iş yeri yoxdur. Neyləyim, gedim, meşədən ağac qırım? Buna görə də min manat cərimə yazırlar. Hökumət mənim balalarıma sahib çıxsın, yoxsa uşaqlarım qışın soyuğunda qırılıb-batacaq. Kəndin qazı yoxdur. Çadırı da odun peçi ilə isidirik. Odun almağa da pulumuz yoxdur".

Meydan TV məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov əməkdaşımızla söhbətində bildirib ki, Qalib Kərimovun şikayəti yerində araşdırılıb. Evə baxışdan sonra müvafiq sənədlər hazırlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinə göndərilib:
"Hər iki nazirliyin mütəxəssisləri, həmçinin rayon icra hakimiyyətindən nümayəndə ilə evdə olmuşuq. Onu da deyim ki, evdə qəza vəziyyəti, təbii fəlakət nəticəsində yox, uzun müddət əsaslı təmir aparılmadan istismar edildiyindən yaranıb. Amma biz göndərilən sənədlərdə qeyd etdik ki, ev təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşüb. Yəni həmin evdə müəyyən qüsurlar var idi. Zəlzələ vəziyyəti daha da pisləşdirib.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy verdi ki, 5,1 bal gücündə zəlzələ təbii fəlakət hesab edilmir. 7 və daha yüksək bal olduqda, təbii fəlakət hesab olunur və onda dəymiş ziyana görə vətəndaşlara müəyyən köməklik göstərilir.
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri isə həmin şəxsin ailə vəziyyətini nəzərə alaraq, ailəni çadırla təmin etdi.
Qəzalı evlərlə bağlı İH-də hec cür vəsait nəzərdə tutulmur ki, biz kimlərəsə nəsə kömək edək. Ona görə də Lerik Rayon İcra Hakimiyyəti bununla da öz işini bitirmiş hesab edir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.