Jurnalistin "həyəcanlandırdığı" qadınlar məhkəmədə danışdılar...

31-01-2019, 11:23   
Jurnalistin
















"Axşamlar criminalaz.com-a girirəm, baxım görüm nə var, nə yox. Sözün açığı, qorxuram, ay müharibələr olacaq, aləm qarışar bir-birinə... Həyatda tək bir qızım var. Onsuz da o qədər şəhid vermişik ki... İki nəvəm var, yuxarı siniflərdə oxuyurlar, çox vaxt dərslərini internetlə yazırlar. İstəmirəm uşaqların başı belə şeylərlə dolsun. Xahiş etmişəm, bu kanal yığışdırılsın, başqa heç nə...", - 59 yaşlı Məlahət Məmmədovanın məhkəmədə dedikləridir.

Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakini olan M.Məmmədova "Şüvəlan" ASC-də kadrlar şöbəsinin müdiridir. 

O, qızı ilə birlikdə criminalaz.com saytının baş redaktoru, jurnalist Anar Məmmədova qarşı şikayətçi olub. Jurnalistə də bu saytda yayımlanmış, Gəncədə icra başçısının güllələnməsi və daha sonra orada baş verənlər haqda iki yazıya görə dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb.

M.Məmmədova və qızı Samirə Canıyevanın prokurorluğa şikayətində yazılıb ki, onlar criminalaz.com-da Gəncə hadisələri haqda bu iki yazını oxuyandan sonra həyəcan keçiriblər, təşvişə düşüblər və s. Amma yanvarın 29-da məhkəmədə dindirilən ana-balanın heç biri konkret hansı yazıdan söhbət getdiyini deyə bilmədi.

"Sakitlik istəyirəm"

Məsələn, prokuror Orxan Kəngərli şahid M.Məmmədovadan soruşub ki, criminalaz.com-da Gəncənin icra başçısına qarşı sui-qəsdlə bağlı hansı informasiyanı oxuyub? O isə belə cavab verib: «Onun iş yerində güllələnməsi. Mən nə Orduxan tanıyıram, nə də başqa adam. Onların bu hərəkətləri amansızdır, lazımsız bir şeydir. Hələ bir onu güllələyib, bunu güllələyib. Məni kiminsə yerinə gətirib qoyacaqlar? Yaşayırıq də.. Mən heç nə istəmirəm, sakitlik istəyirəm...».

Vəkil Elçin Sadıqov şahid xanımdan soruşub ki, Orduxanın (bloqer Orduxan Temirxandan söhbət gedir-red.) məsələyə nə dəxili var, onu həyəcanlandıran yazılarda bu adamın çağırışlardı var idimi?

«Yox. Elə bil ki, girirəm kanallara da... Saytlara girirəm, Orduxan cavan oğlandır, saçını arxadan bağlayıb, gəzir şəhərdə. «Mən filan şəhərdəyəm, ay camaat, oyanın, mitinq edək, filankəsə qarşı, beşmankəsə qarşı». Girib bu şeyləri görürsən, adam istər-istəməz pis olur. Kimə qarşı? Dövlətimizə qarşı? Prezidentimizə qarşı? Yaxşı, bu prezident çıxdı, yerinə gələn kim olacaq? Başlayaq indi onun barəsində danışaq? Pis baxıram bu işlərə», – M.Məmmədova sualı belə cavablayıb.

Onun qızı S.Canıyeva konkret nədən qorxub-həyəcanlandığını deməyib. Hətta etiraf edib ki, özü o saytdan heç nə oxumayıb: «Oxumuşdum deyəndə ki, məlumatlıyam. Evdə də söhbətlər gedir ki, dava düşür, qırğın düşür. O, bununla atışır, bu onunla atışır. Bu, onu vurur, o, bunu güllələyir. Nə bilim, bu kimi məlumatlar... Tam olaraq, dəqiqliyi ilə bilmirəm. Məlumatlı deyiləm. Amma bu şeylər məni narahat edir. Gəlirəm evə, görürəm anamın qanı qaradır, oturub, halsızdır. Gəlib dərman vermişəm. Nəsə oxuyub. Deyirəm, ay ana, fikir vermə, bəlkə yalan söhbətdir, bax belə...».

S.Canıyeva bildirib ki, 26 saylı xəstəxanada işləyir, özü də çox qorxaq adamdır. Bir neçə il öncə 21 dekabrda dünyanın dağılacağı haqda şayiələr yayılanda da qorxmuşdu: «21 dekabr hadisəsi oldu, ay dünya dağılacaq, nə bilim nə. Bununla da əlaqədar bizə zənglər olurdu. Xəstələr bizə xəstəxanaya zəng vururdu ki, belə bir şey doğrudan olacaq? Onsuz da biz gərginik, özüm də çox qorxacaq adamam. İstəyirəm sakitçilik olsun...».

Məhkəmə fevralın 8-də davam edəcək.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com-a girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də A.Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

A.Məmmədov ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.

azadliq.org






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.