Ağdam sakini: "26 illik müvəqqəti məskunlaşma olur? "- "Gərək 5-6 min hörmət edəsən ki, səni ev siyahısına salsınlar"

10-02-2019, 10:01   


' 


“Palçıq evlərdir. İçi çat-çat olub, uçub-tökülür. Döşəməsi palçıq olduğundan, qışda daimi nəm olur. Nəticədə hamımız yel xəstəliyindən əziyyət çəkirik. Uşaq da, böyük də revmatizmadır”.

Beyləqanda “Göbələk” ərazisi adlanan yerdə yaşayan Ağdam köçkünü Təranə Novruzova belə deyir.

Burada əvvəl başı göbələk formasında restoran olduğundan ərazinin adı belə qalıb. T.Novruzova isə 1993-cü ildən burada məskunlaşıb. O vaxt dövlət onlara kərpicdən olan bu evləri müvəqqəti məskunlaşmaq üçün tikib. Təranə Novruzova deyir ki, 26 illik müvəqqəti məskunlaşma olmur. Artıq bir çarəsinə baxılmalıdır:

“Amma baxmırlar, maraqlanmırlar. Dəfələrlə müraciət də etmişik. Deyirlər, nə edək, gərək yuxarıdan edilə. Bu yuxarı haradır, bilmirik. Evlər tökülüb gedir. Şəraitimizi də görürsüz, bərbad gündəyik. Hamımız xəstəlik tapmışıq. Evin içini çadırla döşəmişik ki, yağış yağanda su çıxmasın”.
Gərək 5-6 min hörmət edəsən ki, səni ev siyahısına salsınlar
T.Novruzova yaşayışından, şəraitindən narazıdır. Deyir, oğlu evlənmək yaşındadır. Normal şərait olmadığından, evləndirə bilmir:
 


“Bura hansı qız gələr? Evin divarları o qədər nazikdir ki, yağış yağanda su axır. Yer də ki, elə bilin çadırda yaşayırıq. Bizdə belədir, kütləvi məskunlaşmalara ev tikilir, şəhərcik qurulur, bizim kimi yerlərdə yaşayan 3-5 ailələr isə pul verməsələr, olmur. Gərək 5-6 min hörmət edəsən ki, səni ev siyahısına salsınlar. Verməyənə heç nə düşmür. O pul bizdə olsa, ev tikib içində yaşayarıq də. Köçkün haradan alsın o qədər pulu?”
İnkişaf etmiş ölkəyə 20 ailəni yerləşdirmək nədir ki?
Gülsüm Manafova da bu ərazidə yaşayır. Deyir, 26 ildir belə ömür sürüb, daha bəsdir, o da yaxşı evdə, şəraitli mənzildə yaşamaq istəyir:

“Hamı kimi rahat yaşamaq istəyirəm. Bu, xüsusi bir tələb deyil. Çox sadə ehtiyacdır. İstəyirəm evimin içində hamam olsun, kranı açanda isti suyu gəlsin, ən əsası kranı, suyu, işığı, qazı olsun. Nə qədər vedrələrdə su daşımaq, su isidib yuyunmaq olar? 20-yə yaxın ailə yaşayır bu ərazidə. Onları evlə təmin etmək inkişaf etmiş Azərbaycan üçün çətin olmamalıdır”.
Siçanın, ilan-qurbağanın içindəyik

G.Novruzova deyir ki, yaşadığı evə qaz gəlmədiyindən, evi qızdırmaq üçün odundan istifadə edirlər. Amma işıqları pis deyil, aradabir söndürürlər:
 


“Bunlarla tavanı, döşəməsi, divarı palçıqdan sıvanmış bir evi nə dərəcədə qızdırmaq olar? Hər yeri dəlmə-deşikdir. İstilik qalmır içəridə. Bir sözlə, çətindir, axı ev deyil. Torpaq tökülür, yerdən ilan çıxır. Siçanın, ilan-qurbağanın içindəyik. Rütubət isə bir ayrı dərddir. Uşaqlarımızı da, özümüzü də xəstə salıb”.
Evimizin yerində ev tiksələr, böyük yaxşılıq etmiş olarlar
“Biz demirik gedib bizə torpaq sahəsi ayırsınlar, orada ev tiksinlər. Lazım deyil bu qədər əziyyət. Elə bu yaşadığımız ərazidə bizə normal ev tiksələr, bəsimizdir”, - sakinlərdən Kazım Manafovun sözləridir.

Deyir ki, onsuz da Ağdamdan köçməklə öyrəşdiyi məhəlləsindən, əzizlərindən, qonşularından bir dəfə ayrılıb. Bunu ikinci dəfə yaşamasa, sevinər:
“Odur ki, bura da razıyıq. Yaxşıdır, öyrəşmişik bu əraziyə. Nolar, elə bir ev tikib verələr. Biz də ömrümüzün bundan sonrakı hissəsini rahat evdə yaşayarıq. Bir-birimizə qaynayıb qarışmışıq. Burada, evimizin yerində ev tiksələr, böyük yaxşılıq etmiş olarlar”.
Bir kiçik daxmada 2-3 ailə yaşayır
Sakinlər bildirirlər ki, evlərin kiçik, şəraitsiz olması bir yana, problemin biri də hər evdə bir neçə ailənin yaşamasıdır:

“Məsələ də orasındadır ki, balaca-balaca şəraitsiz evlərdir, hər evdə isə azı 2-3 ailə yaşayır. İndiyə qədər gəlib bizimlə maraqlanmayıblar. Ev siyahısına almayıblar. Biz də istəyərik yaxşı şəraitimiz olsun. Bu millət elədir ki, kasıbçılıq çəkən deyil. Özlərinə şərait qura bilirlər. Mal-heyvan, toyuq-cücə saxlayırıq, dolanırıq, şükür, ehtiyac içində deyilik. Sadəcə ev tikə biləcək qədər varlı deyilik” – deyir, sakinlərdən Rafael Novruzov.
Tək dərdimiz evdir
R.Novruzov sual edir:
“Bir insan həyatında neçə dəfə ev qura bilər ki?” Sonra da elə özü cavablayır. Deyir, özünü toparlayıb bir dəfə Ağdamda ev-eşik tikib. Müharibə o şəraiti əllərindən alıb. Sonra da köçkün həyatı, şəraitsizlik, adaptasiya problemi onlardan illərini alıb. Nəticədə bir də özlərində güc toplayıb, sıfırdan ev qura bilməyiblər:
 

“Özümüzə güclə gəldik. Birtəhər çörək pulumuzu da çıxarırıq. Ancaq yenidən ev tikmək üçün qüvvəmiz yoxdur. Hökumət elə bizə bir normal ev tiksə, başqa heç nə lazım deyil. Baxın, əkin-biçin üçün torpağımız da yoxdur. Ancaq birtəhər dolanırıq. Kimsəyə ehtiyacımız yoxdu. Tək dərdimiz evdir”.
Bəs bizə nə zaman ev veriləcək?
Rafael Novruzov bu il balaca bir daxma tikə bilib. Deyir, onu da zülmlə, kasıbçılıqla birtəhər başa gətirə bilib:

“Gələnin, gedənin yanında xəcalətli olmayaq deyə birtəhər tikmişik buranı. Dəfələrlə müraciətlər etmişik, kömək istəmişik. Nə Ağdam, nə də Beyləqan Rayon İcra Hakimiyyəti səsimizi eşidib. Maraqlanan yoxdur ki, dərdiniz nədir. Nəsə bir köməklik istəyirsən, kömək edən olmur. Köçkünlərə yeni evlər tikilir. Gedirsən, deyirlər, sizin üçün deyil, başqaları üçün nəzərdə tutulub. Başqaları kimlərdir? Hamımız köçkünük də. Bəs bizə nə zaman ev veriləcək? Biz nə vaxt normal bir yerdə yaşayacağıq? Evimizə bir qonaq gələndə utanırıq. Deyirik, buradan bizə bir az yer ayırın, verin. Bir az normal şərait quraq, onu da vermirlər. Evlər də ki, çiy kərpicdəndir. Tökülüb-dağılır başımıza”.
Zamanla hamı evlə təmin ediləcək
Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən köçkünlərə ev tikilməsi, onların siyahıya alınması, yerləşdirilməsi məsələlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin baxdığını bildiriblər:

“Həmin məsələlər bizim səlahiyyətimizdə olan iş deyil. Düzdür, vaxtaşırı biz də bununla bağlı müraciətlər alırıq. Ancaq biz nə ev tikən, nə də köçkünləri yerləşdirən qurumuq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsinlər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin ərazilərdə yaşayan bütün məcburi köçkünlər siyahıya alınıb. Hamısı ev növbəsindədir. Onlara uyğun yeni mənzillər tikilən kimi köçürüləcəklər:
“Sadəcə bu proseslər mərhələli şəkildə aparılır. İnsanların hamısını bir gündə köçürmək mümkün deyil. Bir neçə ilə hamı evlərlə təmin ediləcək. Problemli insan qalmayacaq”.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.