Qonşu Gürcüstanda “donuz qripi” adlandırılan A(H1N1) virusu can almaqda davam edir. Belə ki, fevralın 9-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb. Məlumata görə, o, yüksək risk qrupuna daxil olan şəxs xəstəxanada müalicə alıb.
Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur. Bununla da Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub.
Bu virusun sərhədlərimizdə olması vətəndaşlarımızı da təşvişə salır. Gürcüstanla sıx əlaqələrimiz olduğu üçün virusun Azərbaycanda da yayılmasından ehtiyat edilir. Lakin müvafiq qurumlar açıqlama yayaraq bildirirlər ki, Azərbaycanda donuz qripi adlanan virus mövcud deyil.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev sputnik.az saytına deyib ki, H1N1 virusu insanı yoluxduran ştamdır. Lakin ölkəmizdə virusa donuz qripi adı qoyulub: “Bu yanlışdır. Azərbaycanda donuz qripi adlı bir xəstəlik və xəstə yoxdur. Əhali elmi-tədqiqat virusu aparmır. Virusun adının əhali üçün nə önəmi var? Bu virus sadəcə olaraq A tipindən olan ştamdır. Bir daha deyirəm ki, bir çoxlarının şübhələndiyi xəstəlik Azərbaycanda yoxdur”.
Lakin buna baxmayaraq, sosial şəbəkələrdə qripdən ölənlərlə bağlı məlumatlar yayılır. Rəsmi açıqlamalarda isə bildirilir ki, həmin şəxslər başqa xəstəlikdən vəfat ediblər. Xüsusilə də son günlər Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olan Nərdanə Tağızadənin vəfatı, geniş müzakirəyə səbəb olub. Məlumata görə, ağır vəziyyətdə olarkən yerləşdirildiyi klinikalardan birinin həkimləri onun H1 N1 (donuz qripi), daha sonra isə leptospiroz virusundan vəfat etdiyini deyiblər. Ancaq ölüm kağızında onun ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazılıb. Səhiyyə Nazirliyi isə Tağızadənin vəfatı ilə bağlı yaydığı məlumatda qeyd edib ki, onun leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb: “Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”.
Məlumat üçün qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Nazirlikdən o da bildirilib ki, aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.
Onu da qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də bildirib ki, apardıqları yoxlamalar əsnasında Azərbaycanda A(H1N1) virusu aşkar olunmayıb.
“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirdi ki, söhbət burada konkret epidemiyadan gedir: “Donuz qripi ilk dəfə 2009-cu ildə donuzlarda və insanlarda peyda olub. Ona görə də simvolik olaraq ”donuz qripi" adlandırılıb. 2009-cu ildə də bu virusdan xeyli insan tələfatı olub. Ona görə də virusun yayılması narahatlıq yaradır. Düşünürəm ki, Azərbaycanda da bu virusun yayılma ehtimalı böyükdür. Çünki Gürcüstanla sərhədik və bizim orada xeyli soydaşlarımız yaşayır ki, onlar da miqrasiya durumundadır. Təbii ki, belə olan halda bu virusun Azərbaycana daşınması da mümkündür. Çünki bu virus hava-damcı yolu ilə yayılır. Xatırlayırsınızsa, bir neçə il öncə Azərbaycanda quş qripi də yayılmışdı. Bu virus qanla keçirdi. O zaman Azərbaycanda xeyli köməkliklər oldu. Həm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xeyli texniki yardım edildi, həm də mütəxəssislər gəldilər və nəticədə bu infeksiya lokallaşdırıldı. İndi də donuz qripi ilə bağlı fərqli rəsmi məlumatlar verilir. Biz iddia edə bilmirik ki, Azərbaycanda donuz qripi var. Ancaq məntiqi baxımdan və epidamoloji vəziyyəti nəzərə alaraq, əminliklə deyə bilərik ki, onun bura keçmə ehtimalı kifayət qədər yüksəkdir".
A.Qeybulla hesab edir ki, Gürcüstanda bu virusdan ölənlərin sayı daha çoxdur: “Dövlətin də bir siyasəti var. Orada ölənlərin 20 nəfər olması da hələ ki dəqiq statistika deyil. Real rəqəm yəqin ki, bundan çoxdur. Çünki Gürcüstan bir turizm ölkəsidir və insanları qorxuya salmamaq, çəkindirməmək üçün yəqin ki, statistikaya da əl gəzdirilir. Azərbaycanda da bunun olması mümkündür. Hər il soyuqdəymədən, qripdən insanlar dünyasını dəyişirlər. Bu cür hallar indi də var. Ancaq dəqiq deyə bilmərik ki, onun əsasında birbaşa donuz qripi dayanır, yoxsa yox. Bir məsələ də havaların isti keçməsidir. Əgər qar olsa, qış fəsli normal keçsə, bu virusun ölmə ehtimalı da artar. Havaların bu şəkildə keçməsi də onun yayılma şansını artırır. Diqqət etmişəm ki, bu iş qış hər yerdə zəif keçir. Moskvada belə 0 dərəcə temperatur var. İqlimdə bu cür dəyişikliyin getməsi, virusların fəallaşmasına, onların genişlənməsinə səbəb olur. Qrip hər il konkret bir ştamla peyda olur və bunların hər biri özünü müxtəlif formada aparır. Məsələn, bir zamanlar ”ispan qripi" yayılmışdı. Bu qripdən ölənlərin sayı, taundan ölənlərin sayından sonra ikinci yerdə durur. Belə bir formada dünyasını dəyişənlər olub. Donuz qripi də ciddi şəkil ala bilər. Buna daha ciddi yanaşmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qrip bir karantin infeksiyası hesab edilir. Harada yayılırsa, orada karantin tədbirləri görülməlidir. Adətən qripin A, B, C olmaqla üç forması var. A virusu epidemiyaya meylli olan, mövsümi xəstəlikdir və hər il də peyda olur. Onun bəzi formaları çox yüngül, bəziləri isə nisbətən ağır keçir. Ona görə də diqqətli olmaq lazımdır. Nəinki insanları rahat etmək ki, heç bir şey yoxdur. Əhali maskalardan istifadə edib, qorunmalıdır".
Əli RAİS,
“Yeni Müsavat”