Elmar Vəliyevin Gəncə təhsilində iki bəlalı adamı: saçyoldu, qoçuluq, saxta attestat, rüşvət…

11-02-2019, 10:08   


Elmar Vəliyevin Gəncə təhsilində iki bəlalı adamı: saçyoldu, qoçuluq, saxta attestat, rüşvət…Gəncədəki 10 saylı orta məktəbdə direktorla valideynin saçyoldusu ölkənin ikinci şəhərində təhsil səviyyəsini çılpaqlığı ilə ortaya qoydu. Tam bir rəzalət gördük! Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun 2012-ci ildən bəri idarəçiliyi nəticəsində acınacaqlı vəziyyətə düşən şəhər təhsili bu əlbəyaxa dava ilə möhrünü vurmuş oldu. Tam bir biabırçılığa şahid olduq!
Z.Hüseynov Gəncənin orta məktəblərində elə anarxiya, özbaşınalıq, qanunsuzluq “demokratiyası” yaradıb, dərəbəyliyi o dərəcəyə çatdırıb ki, direktor gah katibəsini döyməkdə ittiham olunur, gah valideynlə saçyoldusunun görüntüləri üzə çıxır. 10 saylı məktəbin direktoru Arzu Əliyevanın əlbəyaxa davasının videosu əslində, təəccüb doğurmadı. Çünki onun adı əvvəldən mediada müxtəlif pisliklərdə hallanırdı.
A.Əliyeva Gəncənin sui-qəsd edilmiş sabiq icra başçısı Elmar Vəliyevin kadrı kimi tanınır. Onun həyat yoldaşı Qəzənfər Əliyev Samux rayon icra başçısının müavinidir. Elə Gəncənin təhsil idarəsi müdiri Z.Hüseynovun da E.Vəliyevin adamı olduğu haqda iddialar səslənirdi. Şəhərin meri dəyişsə də, Gəncə təhsilində E.Vəliyevdən qalan kadrların təsiri və bərbad idarəçiliyi davam etməkdədir. Bu da narazılıq doğurur.
Zakir Hüseynovun adı saxta attestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə adı hallanıb.Nazir xəbərsizdirmi? Bir müddət əvvəl Zakir Hüseynovun direktorları yanına çağıraraq hər ay ona 1000-2000 manat arasında rüşvət verməyi tələb etdiyi iddia olunurdu. Saytlar yazmışdı ki, Təhsil İdarəsinin rəisinin qanunsuz tələbinə etiraz edən direktorlara “İcra başçısı Niyazi Bayramovun qərarıdır, kim icra etməsə cəzalandırılacaq” deyilibmiş. Belə çıxır ki, Z.Hüseynov Gəncə hakimlərinə biət etməkdə peşəkardır. Əvəvlcə Elmar Vəliyev, sonra Niyazi Bayramovun tələblərinə boyun əyib, özünə də sərvət toplayıb, təhsil şefindən daha çox oliqarxa, biznesmenə çevrilib. Onun torpaqları, obyektləri olduğu deyilir. Zakir Hüseynovun icra başçısına bu “sadiqliyi” əslində qarşılıqlı maraqların təmin olunmasından yaranır.
İstər Gəncə təhsilinə ayrılan küllü miqdarda vəsaitin “yeyilməsində”, istərsə təhsil ocaqlarından yığılan məbləğin bölüşdürülməsində icra başçısı ilə Zakir Hüseynov birgə hərəkət edir. Bu isə onların hər ikisinə kifayət qədər böyük kapital qazandırır. Amma 10 saylı məktəbdəki saçyoldu, dava-qırğın Gəncə təhsilinin nə günə düşdüyünü tamamilə ortaya qoydu və Z.Hüseynovun vəzifədən gedişini qaçılmaz elədi. Müşahidəçilərin fikrincə, nazir Ceyhun Bayramov məlum faktlardan sonra tədbir görəcək, Gəncə təhsilinə reputasiyası təmiz kadr təyin edəcək.
Məlumdur ki, C.Bayramovun Gəncədə böyük təsirləri var, şəhərdəki dövlət universiteti rektoru da ona yaxın adamdır. O baxımdan tezliklə Gəncə təhsil idarəsi şefi Zakir Hüseynov barəsində ölçü götürüləcəyi, o cümlədən 10 saylı məktəbin direktoru Arzu Əliyevanın cəzalandırılacağı, direktorluqdan qovulacağı gözləniləndir.
Bir müddət əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Arzu Əliyeva öz müavini Rəna İsmayılovanı xəstəxanalıq edib. Yəni, adam döymək onun xasiyyətidir. Direktor Arzu Əliyeva özünü təhsil nazirinin müavini Mətin Eynullayevin yaxın adamı kimi təqdim edir. Mətin Eynullayevin onlarla ailəvi yaxın tez-tez deməkdən ləzzət alır. Həmçinin, Arzu Əliyeva müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni təhqir etmiş, nəticədə onunla əlbəyəxa olmuşdur. “Sən məni tanımırsan ,mənə dəli ceyran deyərlər” deyə öyünmüşdür.Bundan sonra telefonla öz həyat yoldaşına zəng edib məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır. Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı.
Direktor xanım olmağına baxmayaraq, dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə isə rüşvət ayaq tutub yeriyir. Bütün bu faktlar davamlı olaraq mediada yazılıb, məktəbdən çıxarılan müəllimlərin şikayət məktublarında öz əksini tapıb, medianın özündən uydurmadığı təsdiqlənib. Sonuncu video – direktorun valideynlə əlbəyaxa olması qırmızı xətti keçməklə nəticələndi. İndi nəzərlər nazirdədir. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.(REPORTYOR.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.