Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə üz tutub. Dünyanın elm və innovasiyalar nəhəngləri arasında öncüllərdən olan Çin Allahverdiyə nələr verib? Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən AMEA Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri Allahverdi Şahverənovla söhbətimizdə də məhz ağıl və idrakın, istedadın həyatda, həqiqətən, gözəl uğurlara yol açmasına bir daha şahidlik etdik.
Ann.az muallim.edu.az-a istinadən Allahverdi Şahverənov ilə müsahibəni təqdim edir:
- Çində təhsil sizə nələri qazandırdı?
- 2013-cü ildə ATU-nun müalicə-profilaktika fakültəsini hələ heç bitirməmişdim. Doktorantura təhsili almaq üçün Almaniyanın bir universitetinə müraciət etmişdim. Bu ölkəyə müraciət etməyim normal hal idi, çünki Asiyanı, doğrudan da, tanımırıq. İş elə gətirdi ki, Almaniyadan əvvəl Çindən müraciətimə cavab gəldi. 2013-cü ildə dövlət xətti ilə Çin Xalq Respublikasının Elm və Texnologiyalar Universitetinə onkologiya üzrə doktorantura təhsili almağa yollandım və nə yaxşı ki, Çinə getdim deyə bilərəm. Bu gün dostlarıma dəfələrlə deyirəm ki, mütləq Çinə gedin. Saysız-hesabsız xəstə və çoxsaylı nadir görünə bilən xəstəliklər var. Digər dövlətlərin xəstəxanalarında bəlkə 6 ayda bir dəfə görə biləcəyiniz xəstələri standart olaraq hər gün görə bilirdik. Mənə yalnız klinik həkim tərəfi deyil, həm də molekulyar tərəfi maraqlı idi. Həvəsim həm klinikanı, həm də laboratoriyanı birgə idarə etmək, xəstədən alınmış materialı laboratoriyada yerindəcə araşdırmaq idi.
Bu kombinasiya həmişə marağımda olub. Elə də oldu, deyə bilərəm ki, bu sarıdan şanslıyam. 3 il çox maraqlı keçdi. Bir ildən sonra arzuladığım "Pubmed" bazasında ilk məqaləmiz dərc olundu. Bu, super xəbər idi, düzdür, impakt faktoru (1.3) hələ yüksək deyildi. 2014-2015-ci illərdə dissertasiyamı yazmağa başlamışdım. Marağım ən çox beyin xərçəngi xəstəliyinə yönəlmişdi. Bu, ən ağır, ciddi xərçəng xəstəliklərindən biridir. Xərçəng hüceyrələri üzərində işləyən bir tədqiqatçı kimi deyim ki, həqiqətən bir başbəlasıdır. Biz o hüceyrələrə müxtəlif dərman preparatları tətbiq edirdik. 2015-ci ildə biz Stenford və Con Hopkins universitetlərindən həmkarlarımızla birlikdə bir layihəyə başladıq. Bu layihəyə daxil olmaq üçün mən əlimdən gələni edirdim. Yəni öz rəhbərimə də dəfələrlə bildirmişdim ki, bu layihə mənə çox önəmlidir. Çünki hiss edirdim ki, bu, həm çox nüfuzlu bir jurnalda çıxacaq, həm də nəticəsinin müsbət və ya mənfi olmasına baxmayaraq, çox önəmli olacaq. Elə də oldu. 2016-cı ildə bizim impakt faktoru 6.5 olan Britaniyanın "Anesteziologiya" jurnalında məqaləmiz dərc olundu. Sonra həmin ildə yenə "Neyroinflammasiya" jurnalında (impakt faktor 5.1) məqaləmiz dərc edildi. Bu məqalə mənim üçün daha maraqlı oldu, çünki istinadlar daha çox oldu. Bu, anesteziologiyada istifadə etdiyimiz izofluron adlı dərman maddəsinə həsr olunmuşdu. Dünyada bu məqaləyə çoxsaylı istinadlar başlamışdı, hazırda da davam edir. Artıq istinadların sayı 80-dən çoxdur. Bu uğur həm də gələcək karyeramda bəzi dəyişikliklər etdi, daha effektiv nəticələr əldə etməyə yönəldim. Düzdür, xərçəng üzərində işləyən dünya səviyyəli elm adamları ilə müqayisədə ciddi nəticə əldə etdiyimə inanmıram. Hazırda rəhbərlik etdiyimiz laboratoriyada çox da ciddi nəticələr əldə etdiyimizi düşünmürəm, ancaq buna inanıram, xüsusilə də genom redaktə sistemində, yəni gen dəyişmə sahəsində. Çünki genləri dəyişmiş qidalar kimi genləri dəyişmiş insanların da yaranacağını nəzərə almalıyıq. 2016-cı ildə doktorantura təhsilimi bitirərək AMEA Genetik Ehtiyatlar İnstitutuna qayıtdım. Burada insan genetikası üzrə qrup rəhbəri idim və qrup üzvlərinin əksəriyyəti xaricdə təhsil almış gənclər idi. Bu qrup mənə görə AMEA-da həqiqətən xüsusi bir qrupdur. Hətta biz otaqda ingilis dilində elmi müzakirələr edirik. 2017-ci ildə mən artıq gen redaktə sistemi ilə yavaş-yavaş tanış olurdum. Və postdoktoral təhsil üçün Çinin Şencen Elm və Texnologiyalar Universitetini seçdim. Bu arada mənə Almaniya və digər ölkələrdən postdoktorantura təhsili üçün dəvətlər gəlmişdi. 2017-2018-ci illərdə postdoktorantura təhsilimi yalnız CRISPR genom dəyişmə sistemi üzərində aldım. 2017-ci ildə bir məqaləmiz də dərc olundu. Sonra Azərbaycana qayıtdım və burada insan genetikası laboratoriyasında Krispin genom sistemi - gen dəyişmə üzrə işlərə başladım. Biz birbaşa insan kök hüceyrələri üzərində istədiyimiz hədəf geni kəsə, mutasiyaya uğrayıb anormaldırsa, kəsib onu sağlamı ilə əvəzləyə və ya geni deaktivasiya edə bilərik. Bu cür mükəmməl sistemi öyrənmək və Azərbaycanda tətbiq etmək çox ciddi uğur olar.
- Hazırda hansı sahədə tədqiqatlar aparırsınız?
- Hazırda xərçəngin biologiyası, genetikası və epigenetikası əsas hədəfimizdir. Artıq nəticələrimiz də var. Genetika bizdə çox məşhur anlayışdır, ancaq epigenetika o qədər də tanış deyil. Epigenetika genetika qədər çox ciddi bir sahədir, yəni genlər qaydasındadır, sadəcə, onun məlumat ötürmə sistemlərində, belə desək, problem var. İkinci istiqamət sidik kisəsi və yoğun bağırsaq xərçəngidir. Üçüncü istiqamət kök hüceyrələri üzrə CRISPR/Cas9 redaktə sisteminin tətbiqi ilə bağlıdır. Hələlik bu sistemi tam tətbiq etmişik deyə bilmərəm, ancaq tətbiq etməyə başlamışıq. Bunun da uzun mərhələləri var. Bu sahədə Ukrayna alimləri ilə birlikdə talassemiya üzərində bizim yeni bir layihəmiz var. Talassemiya üzərində tədqiqatlarımız davam edir. Bununla yanaşı, yeni genin tapılması fikrimcə, ciddi uğurdur. Bizim talassemiyaya hədəflənməyimizin bir səbəbi də var. Talassemiya xəstələrinin müalicəsində sümük iliyi transplantasiyasından istifadə olunur. Gün gələcək CRISPR genom redaktə sistemi ilə talassemiya xəstələrinə sümük iliyinin köçürülməsinə ehtiyac qalmayacaq. Həmin sistem vasitəsilə anormal kök hüceyrələrində olan mutasiyaları aradan götürə, onları yenidən normal gen ilə bərpa edə bilərik. Normal işləyən, artıq funksional aktiv vəziyyətdə, heç bir patologiyası olmayan kök hüceyrəsini yenidən həmin xəstəyə köçürüb, bununla da həmin xəstəyə qan köçürməyə, onu kök hüceyrə transplantasiyasına məruz qoymağa ehtiyac olmayacaq bir sistemi burada tətbiq etməyə çalışırıq. Bu da bizim 4-cü sahəmizdir.
- Dünyada bu tədqiqatlara olan xüsusi maraq nədən qaynaqlanır?
- Bəli, mən də deyərdim ki, bütün dünyada xərçəng tədqiqatlarına böyük maraq var. Bu sahəyə böyük miqdarda vəsait ayrılır. Bunun arxasında isə özəl sektorun rolu durur. Bu, mənim şəxsi fikrimdir. Çünki dünyada çox zəngin insanlar var ki, xərçəngdən qısa müddətdə dünyasını dəyişib. Məsələn, məşhur "Apple" şirkətinin təsisçisi Stiv Cobs milyardlarla dolları olmasına baxmayaraq, mədəaltı xərçəngindən dünyasını dəyişdi. Bu gün xərçəngin yaratdığı problemlərlə bağlı bir sıra dövlətlərdə proqramlar qəbul olunub. Bu, ölkələr üçün böyük maddi zərərdir. Buna görə də bütün dünyada xərçənglə bağlı böyük narahatçılıq var. İkincisi, niyə genom redaktə sisteminə bu qədər vəsait ayrıldı? Bu üsul çox ucuz və effektivdir. Siz istədiyiniz formada insan genomuna müdaxilə edə bilirsiniz. Bu, inanılmaz inqilabdır. İstədiyiniz geni kəsib və ona başqa bir geni daxil edə, istədiyiniz geni bloklaya bilərsiniz. Bu nəyi göstərir? Mən hətta 2017-ci ildə bir elmi müşavirədə demişdim ki, (bu fikrimə bir az da gülüş yaranmışdı o vaxt) artıq insanları tamamilə dizayn etmək mümkün olacaq. Artıq mənim söylədiklərimin gülüşlə qarşılanmasının yersiz olduğunu görmək olar. Çünki 2018-ci ilə Çində genetik modifikasiya olunmuş uşaqlar doğuldu. Bu, böyük mesajdır. 2017-ci ildəki cümlələrimə bir də diqqətlə qulaq asılmasına səbəb olacaq hadisədir. O vaxt dedim ki, gün gələcək, bizim yetişdirdiyimiz xüsusi təyinatlı əsgərlər şikayət edəcəklər. İnsanda müəyyən bir maksimal qaçma sürəti var və ona uyğun məşqlər keçirilir. Elə əsgərlərlə qarşılaşacaqlar ki, saatda 45 km əvəzinə 60 km qaça biləcək. Bu, artıq faktdır. Faktiki olaraq Çin kimi bir dövlət xalqını necə bu qədər qida ilə təmin edə bilir? Çin sırf genom redaktə sisteminə təşəkkür etməlidir. Düzdür, deyirlər, genetik modifikasiya olunmuş qida ziyandır. Birincisi, bununla bağlı dəqiq təsdiqedici tədqiqatlar yoxdur. İkincisi, dünyada insanların sayı çox sürətlə artır. Genom redaktə sistemi olmadan onları qida ilə təmin etmək mümkün deyil. Bunsuz biz heç nə edə bilmərik. Çünki qlobal iqlim dəyişiklikləri baş verir. Bu, o deməkdir ki, biz ənənəvi kənd təsərrüfatı üsulları ilə bütün əhalini qida ilə təmin edə bilmərik. Ona görə də indi nə edirlər? Çox sadə. Siz bitkilərin genomuna müdaxilə edib müxtəlif iqlim şəraitlərində yetişə bilən onlarla fərqli bitki yetişdirə bilərsiniz. Bu, inanılmazdır və artıq kənd təsərrüfatında tətbiq olunur. Bu isə böyük miqdarda vəsaitin ayrılması deməkdir. Dünya dövlətləri - gələcək 100-200 illik strateji hədəflər qoyan dövlətlər genom redaktə sisteminə ciddi vəsait ayırır, istədikləri kimi insan yetişdirə bilərlər.
Siz gün gələcək istədiyiniz göz rəngində, istədiyiniz saçda, istədiyiniz cinsdə (oğlan və ya qız), istədiyiniz intellektual göstəricisi olan canlıları yarada bilərsiniz. Mən buna qəti şəkildə inanıram.
- Statistika necədir, hansı dövlətlər bu sahəyə daha çox pul ayırır?
- Genom redaktə sisteminə hazırda böyük həcmdə vəsait ayıran 2 ölkə var - ABŞ və Çin. Dünyanın heç bir dövləti bu iki ölkə qədər kök hüceyrələrinə və genom redaktə sisteminə pul ayırmır. Burada nəhəng rəqəmlərdən söhbət gedir. Kök hüceyrələrinə gəlincə, ABŞ-ın nəhəng universitetləri var ki, onlar bu sahədə lider və çox fəaldırlar. Kök hüceyrə sahəsində ABŞ digər ölkələri üstələyir. Çin isə rəqibsiz ikinci yerdədir. 3-cü isə digər dövlətlərdir. Məsələn, Yaponiya təxminən Almaniya ilə eynidir. Avstraliya və Kanadanın rəqəmləri bir-birinə oxşayır. İkinci bir nüansı da bildirim. Avropa Birliyinin kök hüceyrələrinə ayırdığı məbləğ Çin dövlətinin ayırdığı məbləğdən bir neçə dəfə azdır. Bu, artıq kök hüceyrələri və gen redaktə sisteminə dünyanın super dövlətlərinin niyə bu qədər pul ayırmasının bir səbəbidir.
- Hüceyrə və ya gen terapiyasının imkanları barədə nə deyə bilərdiniz?
- Artıq fərdiləşdirilmiş tibb dünyasına daxil olmuşuq. Sizin gen xəritəniz olacaq. Hər bir fərdin gələcəkdə müalicəsi bunun üzərində olacaq. Xəstəyə fərdi, spesifik dərmanlar tətbiq ediləcək. Sizin gen xəritənizə baxıb hər hansı dərman maddələri seçiləcək. Bunların da artıq öz proqramları hazırlanır. Hələlik dünyada tam həcmdə tətbiqi yoxdur, gələcəkdə isə bütün insanlarda olacaq. Xəritənin hazırlanma qiyməti də ucuzlaşacaq. İnsan genomu xəritəsinin hər bir fərd üçün hazırlanması o qədər ucuz olacaq ki, bildiyimiz flaş kartlar və ya hansısa bir yaddaş kartında sizə təqdim olunacaq. Bunun qısa vaxtda, yaxın 5-10 ildə reallaşacağına ümid edirik və hüceyrə terapiyası məhz bunun üzərindən aparılacaq. Siz də tam haqlısınız ki, kök terapiyası sahəsində şirkətlər var ki, nəhəng işlər aparırlar. Ciddi universitetlərdə genom redaktə sistemi əslində, genom terapiyasının yan effektlərinin qarşısını almağa kömək edəcək. Biz bilirik ki, CRISPR-Cas sisteminin yan təsirləri var. Məsələn, genetik qayçı bizim xəbərimiz olmadan başqa genləri kəsə bilər. Bu, artıq təsdiqlənib və 2018-ci ildə məqalə şəklində dərc olundu. Velkam Sanger İnstitutunda həmkarlarımıza demişdilər ki, artıq CRISPR-Cas gen dəyişmə sistemi bizim xəbərimiz belə olmadan gendə zədə yarada və bu zədəni növbəti nəsillərə keçirə bilər. Ona görə də bu sistemə klinik tərəfdən tamamilə ehtiyatla yanaşılır. Mən deyərdim ki, bu gün onun ehtiyatla davranılan sahələrinə böyük miqdarda vəsait ayrılır. Yan effektləri də minimuma endirəcəklər ki, artıq klinikada tətbiq olunsun. Genom redaktə sistemi klinikada tətbiq olunduğu zaman, yəni protokollarla buna icazə verildiyi andan gen terapiyasının daha uğurlu başlandığını deyə bilərik.
- Biz daha çox nəticə görmək istərdik. Nəticələrin isə xərçənglə bağlı olmasını arzulayırıq. Demək olarmı ki, yaxın illərdə bu bəlanın sonuna yaxınlaşa biləcəyik?
- Yaxın illərdə gözləmirəm, burada təbii ki, müxtəlif düşüncələr var. "Xərçəngin sonu" cümləsinə biz hazır deyilik. Sadə dildə desək, xərçəngin növləri var, hər növün öz yarımnövü, hər yarımnövün öz yarım-yarım növləri, onların da alt tipləri, hər birinin özünə uyğun bir molekulyar mexanizmi var. Hərəsi fərqli bir dünyadır - işin problemi budur. Ona görə də biz beyin xərçənginə, ağciyər xərçənginə tamam başqa tərəfdən baxırıq. Hələ onların özləri də tam spesifikləşməyib. Məsələn, xemoterapiya dediyimiz üsul, əksər xəstələri xemoterapiyaya yönəldirlər. Bu, onu göstərmir ki, xərçəngin səbəbi eynidir və xemoterapiya onu məhv edəcək. Xeyr! Bu, əslində, xərçəngin müalicəsində hələ də dünyada spesifik müalicə baxımından inkişafın zəif olduğunu göstərir. Bütün dünyada xemoterapiyanı əksər növ xərçəng xəstələrinə tətbiq edirlər. Xərçəngin bayaq dediyim bütün növlərinin hər birinin öz müalicəsi var, spesifik müalicəsi olana qədər xərçəngin sonundan danışa bilmərik. Onların hər bir növünün öz spesifik müalicəsi, öz dərmanını tətbiq etdikdən sonra biz onların ümumi xərçəngə səbəb olan ortaq nöqtəni tapıb ona spesifik bir dərman hazırlaya bilərik. Təbii ki, biz dərmandan danışırıqsa, gen dəyişmə sistemi artıq xərçəng hüceyrələrinə tətbiq olunur. Amma onun özünün bir problemi var və başqa mutasiyalara səbəb ola bilər. Bu, çox ciddi problemdir. İkinci genom redaktə sistemidir. Xərçəngin bəzi növləri mutasiya ilə bağlıdır, biz onun qarşısını almağa çalışırıq, lakin başqa bir mutasiya yarada bilərik. İnanılmaz dərəcədə çətinliklər vaş verir. Ona görə də bütün dünyada problem yarandı. Nəticədə nisbi yanaşmalar başladı. Dünyada heç bir ümumi metod yoxdur ki, rahatlıqla qəbul olunsun. CRISPR-Cas tibdə bir inqilab kimi qəbul olundu. Bu metod hazırda filtrdən keçirilir. Əminəm ki, bu filtrlə yan təsirlər minimuma endirilsə, biz genom redaktə sistemi ilə bəlkə də xərçəngin sonuna gələ bilərik. Qısamüddətli deməsəm də, ona maksimim yaxınlaşmaq olar. Deyilsə ki, CRISPR rahat şəkildə xərçəng hüceyrələrinə tətbiq olunsun, yəni orada yan effektlər demək olar ki, çox kiçik faizdir, onda deyə bilərik ki, biz xərçəngin sonuna yaxınlaşdıq.
- Necə bilirsiniz, xərçəngə tutulmayacaq insan yarada bilərikmi?
- Bəli. Hətta qocalmanın da qarşısının alına biləcəyinə inanıram. Bir qədər çətindir demək, hətta ölümün də qarşısını ala biləcəyik. Bizim genoma bu qədər müdaxilə şansımız var, bunu da edə biləcəyimizə inanıram.
Uzun müddət yaşaya biləcək canlıları yaradacağımıza inanıram. Çünki qocalmaya səbəb olacaq faktorları, eləcə də insan bədənində, təbii ki, zamanla yaşlanacaq faktorları nəzərə alsaq, onların xəritəsini hazırlayıb insan bədənində tez qocalan hüceyrələrdən, toxumalardan tutmuş (xərçəng hüceyrələri demirəm) hər birini tam yeniləsək, niyə də yox?
Mən buna inanıram. Təbii ki, şəxsi fikrimdir və nisbidir.
- Yəni, texnologiyaların inkişafı deməyə imkan verirmi ki, bu məsələ yaxın illərdə həllini tapsın?
- Hazırda yox, heç 10 ildə, 50 ildə də yox. Amma 3000-ci ildə, 3019-cu ildə belə bir müsahibə olduğu zaman bəlkə də artıq bu mövzuları həll edib başqa problemlərdən danışılacaq. 3019-cu ildə inanıram ki, həmin o canlıları yarada biləcəyik.
- Gen mühəndisliyi sahəsində alimləri indi hansı problemlər maraqlandırır?
- Bildiyiniz kimi, talassemiya və hemofiliya xəstələrinə CRISPR-Cas məhsullarını birbaşa köçürüblər. Bu, inanılmazdır. Düzdür, xəstələrin bir qismi ağırlaşdı, ona görə də elmi işlər dayandırıldı, amma bəzi xəstələrin artıq qanı dəyişilmir, onlara sümük iliyini transplantasiya etməyə də ehtiyac yoxdur. Bu, super uğurdur. İkincisi, Oksford Universitetində irsi zədələnmələrlə doğulmuş xəstə gen dəyişmə sistemi ilə müalicə olunub, xəstə artıq az da olsa görür. Tam olmasa da, bir qism görmə var, bunun özü də inanılmaz göstəricidir. Hazırda gen mühəndisliyinin əsas hədəfi mutasiyaların yaratdığı yan effektlərin tam məhvidir.
- İndi gələk Azərbaycana. Bizdə bəhs etdiyimiz sahələrdə aparılan tədqiqatlar nə səviyyədədir?
- Genom redaktə sisteminin tətbiqi səviyyəsi aşağıdır, bu faktdır. CRISPR-Cas sistemini ölkədə ilk dəfə biz tətbiq etməyə çalışırıq, bu iş ən qısa vaxtda sürətlənməlidir. Bunu təkcə Genetik Ehtiyatlar İnstitutunda deyil, həm də digər molekulyar hüceyrə biologiyası ilə məşğul olan istənilən bir qurum, bir kafedra, laboratoriya, mərkəz varsa, ən qısa müddətdə tətbiq etməlidir. Niyə? Birincisi ucuzdur, effektivdir, qısa müddətdə aktivləşdirilə bilər. Təbii ki, bunun üzərində aparılan tədqiqatlar zaman alacaq. Ümumi olaraq bir daha deyirəm ki, genom redaktə sistemi üzərində tədqiqatlar ölkəmizdə aşağı səviyyədədir və inkişaf etməlidir.
- Bu, mütəxəssis çatışmazlığı ilə bağlıdır?
- Bəli, bu həm də kadrlarla bağlıdır. Bizim insan genetikası laboratoriyasının üzvü Xəqani hazırda Nobel mükafatı laureatı Əziz Səncərin laboratoriyasında çalışır. Onun da tədqiqatının bir hissəsi CRISPR-Cas sistemi ilə bağlıdır. Ancaq 1-2 nəfər kifayət deyil. Komandalar sistematik, dayanmadan işləməlidir. Bu, bir komanda işidir. Komanda olmadan bu işləri tamamlaya bilmərik. Tədqiqatlar tamamlanmalıdır ki, nəticələr məqalə şəklində dərc oluna bilsin. Bundan əlavə, bioinformatika mütəxəssisləri olmalıdır. Bu sahədə mütəxəssislərimiz azdır, bunun özü də problemdir. Digər qurumlar üçün də bir stimul ola bilər ki, Genetik Ehtiyatlar İnstitutunda artıq CRISPR-Cas sisteminin tətbiqinə başlanılır.
- Universitetlərimizdə tədqiqatçı qrupların yaradılmasına necə baxırsınız?
- Hesab edirəm ki, bütün universitetlərimizdə süni intellekt, gen mühəndisliyi, biotexnologiyalar sahəsində tədqiqat qrupları yaradılmalıdır. Süni intellekt və genom yeni daxil olduğumuz tədqiqat sahələri deyil, artıq nəticələri əldə olunan sahələrdir, biz hətta gecikirik. Bildiyiniz kimi, IBM kimi şirkətlər özünün çoxsaylı süni intellekt proqramlarını artıq çoxdan tətbiq edir. Gün gələcək laboratoriyalarda və hospitallarda gündəlik tətbiq olunacaq. Bu cür texnologiyalar bizdə də tez müddətdə tətbiq edilməlidir. Bu, çox vacibdir.
- Çində tələbələrin tədqiqatlara cəlb olunması səviyyəsi necədir?
- Statistika inanılmaz dərəcədə yüksəkdir. Çünki Çin başa düşür ki, magistr və doktorantların bir qismi gələcəkdə Nobel alacaq, bir qismi çox böyük laboratoriyaların rəhbəri olacaq, bir qismi kəşflər edəcək və s. Bunun da nəticələrini gördükləri üçün böyük vəsaitlər ayırırlar. Çin hökuməti görür ki, magistr və doktorantların sayının artması ilə şirkətlərin sayı artacaq və tədqiqatların effektivliyi təmin olunacaq. Elmi tədqiqatlarla şirkətlər arasında düz əlaqə var. Buna görə də magistr və doktorant hazırlığına böyük vəsait ayırırlar. Çin dövləti bəzi stimullaşdırıcı işlər də görür. Nə edir? Əgər sizin laboratoriya dünyanın yüksək impakt faktorlu, məsələn, "Nature", "Science" kimi məşhur jurnallarda məqalə dərc etdirirsə, həmin laboratoriyalara inanırlar və milyonlarla vəsait ayrılır. Bunu bildiyi üçün də laboratoriyalar gecə-gündüz işləyir. Bu da özlüyündə bir kombinasiyadır. Biz Çin təcrübəsindən çox rahat yararlana bilərik. İri vəsaitlər ayrılacaqsa böyük nəticələr əldə olunacaq. Magistr və doktorant ordusu hər bir dövlət üçün çox önəmlidir.
- Növbəti hədəfləriniz nədir?
- Əsas hədəflərimdən biri Nobel mükafatı almaqdır. Digər hədəfim isə insanlığın hələ də şahid olmadığı elmi ideyaları istehsal edən təhsil ocaqlarını və dünyanın ən məşhur universitetlərinə sahib elmi mərkəzlərini qurmaq və onlara rəhbərlik etməkdir.
www.ann.az