Qubada dəhşətli cinayət: 87 yaşlı bibisini qəbiristanlıqda zorlayıb öldürdü

25-02-2019, 09:56   
 


Tüfeyli həyat tərzi keçirən, Rusiyada adam öldürdüyünə görə həbsdə yatmış 45 yaşlı Mişi Migirovun növbəti qurbanı 87 yaşlı doğma bibisi olub. O, ahıl bibisini qəbiristanlıqda, iki ay əvvəl dünyasını dəyişən doğma qardaşının məzarı önündə zorlamaqda və onu döyərək öldürməkdə ittiham olunur.

Dəhşətli və dəhşətli olduğu qədər də utancverici hadisə ötən il aprelin 17-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində baş verib...

Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada və qətldə təqsirləndirilən Quba rayonu, Qırmızı Sloboda qəsəbə sakini Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Mişi Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə bibisi Şuşan Sumxayevanı ötən il aprelin 17-də özü ilə “Yəhudi qəbiristanlığı”na aparıb. Taksi sürücüsünə onları on dəqiqə gözləmələrini tapşırıb, yaşlı, xəstə bibisi ilə birgə məzarlığa doğru addımlayıb. Sərxoş vəziyyətdə qardaşı Raxamin Migirovun məzarı önündə dayanan Mişi elə oradaca bibisinə yumruqla çoxsaylı zərbələr endirib, daha sonra isə qadını zorlayıb.

Bir saata yaxın qəbirstanlığın önündə gözləyən taksi sürücüsü onların qayıtmadıqlarını görüncə ərazidən keçən post patrul xidmətinin əməkdaşına bu haqda məlumat verib. Taksi sürücüsü polislə birgə qəbiristanlıqda Mişi ilə bibisini axtarıblar. Nəhayət, onları yarıçılpaq vəziyyətdə qəbirlərin arasından tapıblar. M.Migirovu polis bölməsinə, zərbələrin təsirindən yerdə zarıyan qadını isə xəstəxanaya çatdırıblar. 87 yaşlı Ş.Sumxayeva aldığı xəsarətlərdən ertəsi gün elə xəstəxanada dünyasını dəyişib.

M.Migirov ilkin dindirmə zamanı bibisini zorlamadığını deyib. Adam öldürməyə gəlincə isə, bu, onun ilk “əl işi” olmayıb, eyni əmələ görə Rusiyada məhkumluq həyatı yaşayıb.

Təqsirləndirilən Mişi Migirov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində qoca anası, mərhum qardaşı arvadı, onun iki övladı ilə eyni evdə yaşadığını, böyrək çatışmazlığından əziyyət çəkdiyinə görə hərbi xidmətə getmədiyini, ailə qurmadığını göstərib. On iki-on üç il əvvəl Moskvada alverlə məşğul olub. Rusiyada yaşadığı müddətdə narkotikə qurşanıb. Təxminən 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində adam öldürdüyünə görə həbsxanaya düşüb, 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra isə Azərbaycana deportasiya edilib. Doğulduğu kəndə qayıdan M.Migirov spirtli içki aludəçisi olduğundan sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilib.

İfadəsində içkili olduğu zaman heç nəyi yada sala bilməməsini dəfələrlə vurğulayan M.Migirov doğma bibisi Şuşanın onların evindən iki küçə aşağıda tək yaşadığını deyib: “Bibim gənc yaşlarından evli olsa da, övladı yox idi. Öz pensiyası və qəsəbə camaatının köməkliyi ilə dolanırdı. Bibimlə aramızda heç vaxt dava-dalaş, münaqişə olmayıb”.

M.Migirovun ifadəsinə görə, ötən il aprelin 17-də axşam saatlarında evdə spirtli içki qəbul edib. Bir qədər sonra küçəyə çıxıb, taksi sürücüsü Ramindən onu “Yəhudi qəbiristanlığı”na aparmasını xahiş edib. Parkın yanından keçərkən yolda dostu Eldarı görüb. Maşını saxlatdırıb Eldarı səsləyib, ona qardaşının qəbrini ziyarət etməyə getdiyini deyib, birgə getməyi xahiş edib. Eldar da razılaşıb: “Marketdən araq və iki ədəd plastmas stəkan aldım. İkinci stəkanı ölən qardaşımın ruhu üçün almışdım. Yəhudilərdə adət belədir, qəbir üstündə olarkən mərhumun ruhu üçün də spirtli içki içilir. Maşından düşüb qəbiristanlığa getdim. Eldarla sürücü isə məni maşında gözlədilər”.

M.Migirov qardaşının məzarını ziyarət edib, təkbaşına qəbir üstündə içdikdən sonra Eldargilin yanına qayıdıb. Yolda taksi sürücüsündən borc pul istəyib, yenidən məzarlığa gedəcəyini, içki alacağını, borcunu isə sabah qaytaracağını deyib: “Sürücüyə məni bibimgilə aparmağı xahiş etdim. Bibim evdə tək idi. Dedim, dur, səni qəbiristanlığa ziyarətə aparacağam. Birlikdə evdən çıxdıq. Raminin maşınına əyləşib qəbiristanlığa getdik. Raminə dedim ki, sən burada bizi beş-on dəqiqə gözlə, ziyarət edib qayıdırıq”.

Qoca və yaşlı bibisi ilə birgə məzarlığa gələn, doğmalarının qəbirlərini ziyarət edən Mişi sonradan baş verənləri xatırlamadığını deyib: “Bibimlə qardaşlarımın qəbrini ziyarət etdik. İki ay əvvəl rəhmətə gedən qardaşım Binsionun məzarı qarşısında oturdum. Bibim də yanımda dayandı. Sərxoş idim, özümü idarə edə bilmirdim. Sanki özümdən getdim. Ayılanda gördüm ki, polis əməkdaşları başımın üstündə dayanıblar. Ayağa qalxdım, bibim hərəkətsiz vəziyyətdə yerdə uzanmışdı, paltarları ətrafa səpələnmişdi, sifətində, başında xəsarətlər vardı. Nə baş verdiyini anlamadım. Amma əllərim, başım bərk ağrayırdı. Bibimi xəstəxanaya apardılar. Polis şöbəsində olanda onun xəstəxanada öldüyünü öyrəndim. Bibimin necə xəsarət almasını bilmirəm”.

M.Migirov ifadələrində özünü təqsirli bilmədiyini, bibisini zorlamadığını, onu öldürmədiyini deyib.

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.