2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində növbəyə dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsi mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunacaq.
Bu barədə ANS PRESS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilir ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" imzaladığı sərəncamda 2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunmasını nəzərdə tutur. Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müvafiq tədbirlər planı hazırlayaraq, prezidenti ilə razılaşdırmaqla həyata keçirəcək.
Həmçinin, yerli icra hakimiyyəti orqanları ƏƏSMN-nin müraciəti əsasında əlil və şəhid ailələri üçün fərdi ev tikintisinin aparılması üçün torpaq sahələrinin ayrılmasını təmin edərək, bu barədə prezidentə məlumat verəcək. Sərəncamda Nazirlər Kabinetinə cari ilin əvvəlinədək mənzil növbəsinə dayanmış əlil və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tələb olunan ilkin vəsaitin 2014-cü il dövlət büdcəsindən ayrılmasını, habelə 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib. ƏƏSMN Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satın alınaraq növbədə dayanmış əlil və şəhid ailələrinə təqdim olunması məqsədilə müvafiq işlər aparılır.