Qurtuluş günü münasibətilə Avropaya motoyürüşü - 10 min kilometrilik çətin və mürəkkəb turu başa vurmuş baykerlərimizi baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovla görüşüblər.
ANS PRESS-in məlumatına görə, qəbulda Əli Əhmədovla yanaşı Mübariz Qurbanlı, Səyavuş Novruzov kimi deputatlar da iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Əli Əhmədov baykerlərin yürüşünü yüksək qiymətləndirib. "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qayıdışı ilə əlaqədar ANS Şirkətlər Qrupu çox gözəl aksiya keçirib. Bu cür aksiya keçirərək böyük bir məsafə qət etmək böyük uğurdur. Bu Azərbaycan dövlətinə, dövlətçiliyə böyük ehtiramdır. Eyni zamanda böyük şücaət və qəhrəmanlıq nümunəsidir. Siz əvvəlcədən çoxlu sayda çətinliklər ola biləcəyini bilirdiniz və Heydər Əliyevin yolunda belə çətinlikləri gözə aldınız. Mən bunu alqışlayıram".
Nazir müavini motoyürüşçülərin bu addımının gənc nəslə bir nümunə olduğunu deyib.
"Çox sevindirici haldır ki, Azərbaycanda Heydər Əliyevin gördüyü işləri yüksək qiymətləndirənlər çoxdur. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan dünyanın ən uğurlu inkişaf edən ölkələrdən biridir".
Motoyürüşə rəhbərlik edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də təşəkkürünü bildirib: "Harley Davidson" bir çox ölkə vətəndaşlarını birləşdirir. "Biz Qurtuluş günü münasibətilə 8 ölkədə Heydər Əliyevə həsr edilmiş guşələri ziyarət etdik. Özümüzlə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən broşurlər götürmüşdük. Bizim məqsədimiz Azərbaycanı tanıtmaq idi. Səfərimizi Serbiyada Heydər Əliyevin adını daşıyan parkda yekunlaşdırdıq".
Yürüş iştirakçıları səfər zamanı bir anlıq olsa da, motosikletlərdə Azərbaycan bayrağı çıxarılmadığını deyiblər: "Gürcüstan, Bolqarıstan, Serbiyada Heydər Əıliyevin adına parkları ziyarət edərkən çox qürur duyduq".
Daha sonra Əli Əhmədova "Harley Davidson"un emblemi olan köynək hədiyyə edilib.
Qeyd edək ki, "Azərbaycanı Avropada tanıdaq" devizli motoyürüş 14 gün davam edib.