Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Əliyev Tural Məzahir oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının verdiyi xəbərə görə, məhkəmə prosesi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib. Məhkəmə baxışı iyul ayının 3-ə təyin edilib.
Sözügedən qətl hadisəsi ötən il oktyabr ayının 16-da Binəqədi şosesi, 4 ünvanında qeydə alınıb. T.Əliyev münaqişə zəminində 1991-ci i təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib.
Həmin gün daha iki nəfər - Elçin Qılıncxan oğlu Baxşıyev və Seymur Famil oğlu Fərzəliyev bıçaq yarası alıblar.
İlkin araşdırmalar zamanı T.Əliyevin E.Baxşıyevlə facebookda mübahisə etdiyi məlum olub. Mübahisəni aydınlaşdırmaq məqsədilə gənclər bir-birindən telefon nömrəsi alıblar və hadisə baş verən gün görüşüblər.
E.Baxşıyev görüşə tək gəlməyib. Dostları Ə.Məlikovu və S.Fərzəliyevi də çağırıb. Mərhum Ə.Məlikov davanın üstünə gəlib çıxıb. Dava zamanı T.Əliyev cibindən çıxardığı bıçaqla Ə.Məlikovu öldürüb, E.Baxşıyev və S.Fərzəliyevi isə yaralayıb.
Hadisədən sonra T.Əliyev qaçıb gizlənsə də gecə saatlarında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Törətdiyi cinayət əməlinə görə T.Əliyev Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinir. Bu maddələrlə ona ömürlük həbs cəzası verilə bilər.
Qeyd edək ki, qətlə yetirilən Ə.Məlikov Əmlak Məsələləri Dövlət Komitəsinin kadr, dövlət qulluğu və dövlət qurumları ilə iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.