Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin açıqlamasına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən reaksiya gəldi
İyunun 22-də paytaxtda güclü küləyin əsməsi nəticəsində Dövlət Bayrağı Meydanındakı bayrağımızın yararsız vəziyyətə düşməsinə məsuliyyət daşıyan qurum və şəxslərlə bağlı deyilənlər rəsmi təşkilatları da hərəkətə gətirib. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidməti bayrağın endirilməsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən məlumatda bildirilir ki, texniki göstəricilərə görə Dövlət Bayrağı küləyin sürəti saniyədə 28 metrə çatana qədər dirəkdə saxlanıla bilir. “22.06.2014-cü il tarixinə olan hava proqnozunda küləyin güclü olacağı bildirilsə də, onun saniyədə 30-35 metrə çatacağı barədə heç bir məlumat olmayıb. Küləyin sürətinin qəflətən qısa müddət ərzində kəskin artdığını görərək, bayrağın endirilməsinə qərar verilib. Bayrağın endirilməsi prosesi 17 dəqiqə vaxt tələb edir. Çəkisi 350 kq, sahəsi 2450 kvadrat metr olan bayraq endirilərkən küləyin güclü təzyiqinə (saniyədə 33 m) tab gətirməyib” - deyə açıqlamada qeyd olunur.
İdarədən o da bildirilib ki, küləyin sürəti aşağı enən kimi Dövlət Bayrağı yenidən qaldırılacaq: “Hündürlüyü 162 metr olan bayraq dirəyi üçün külək heç bir təhlükə yaratmır”.
Açıqlamadan ortaya çıxan nəticə budur ki, İdarə məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) üzərinə qoymağa çalışıb və bayrağın cırılmasının baiskarı kimi güclü küləyin əsəcəyi barədə qurumun qabaqcadan məlumat vermədiyinə eyham vurub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bundan dərhal sonra məsələyə reaksiya verib və 22-23 iyun tarixlərində ölkə ərazisində müşahidə edilən küləyin sürəti ilə bağlı məlumat yayıb. ETSN-in Milli Hidrometeorologiya Departamentindən APA-ya daxil olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi iyunun 22-23-də bəzi Kür vadisi rayonlarda, eləcə də ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda küləyin maksimal sürəti 18-26 m/s-yə çatıb. Bakıda və Abşeron yarımadasında isə küləyin sürəti 30-32 m/s-dək güclənib.
Göründüyü kimi, qurum ehtiyatlı da olsa, güclü küləyin olacağı barədə əvvəlcədən məlumat verdiyini xatırladıb.