Volqoqrad vilayət Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev aşağı pensiya alanları “alkaş və tüfeyli” adlandırmasına görə üzr istəyib. Virtualaz.org xəbər verir ki, deputat çıxışının doğurduğu qalmaqal və rezonansdan sonra fikirlərini qeyri-dəqiq ifadə etmədiyini bildirib.
Nəbiyev dəqiqləşdirib ki, çıxışında vaxtilə işlədiyi müəssisənin bəzi əməkdaşlarını misal gətirmək istəyib, amma bu zaman qeyri-korrekt müqayisə apardığını etiraf edir. O, qeyd edib ki, əvvəlki pensiya sistemində yaxşı işçilər və işinə vicdanla yanaşmayanlar təxminən eyni pensiya alırdılar, üstəlik olduqca aşağı. Deputat belə situasiyanı ədalətsiz adlandırıb.
Nəbiyev deyib ki, pensiyaların yaşayış minimumuna indeksasiya edilməsi haqda qanun layihəsinə səs verib. “Mənim pensiyalar barədə dəqiq olmayan çıxışımdan tam haqlı olaraq hiddətlənmiş hər kəsdən üzr istəyirəm”-Həsən Nəbiyev deyib.
Deputat əlavə edib ki, o uzun müddət böyük kollektivə rəhbərlik edib. Bilir ki, səhərdən axşama işləyənlər layiqli pensiya alır. “İnsanlar dörd növbə işləyirdilər! İndi belə şey yoxdur. Stəkanı əlindən yerə qoymayanlar isə...Özünüz başa düşürsünüz də. “Volqoqradneftemaş”da isə həmişə maaşları vaxtlı-vaxtında veriblər. Ölkə pulsuz qaldığı vaxtda zavod maaşları ödəyirdi”-Nəbiyev bildirib.
Deputat qeyd edib ki, onun çıxışını əslində təhrif ediblər. “Bu, sifariş idi, kimlərəsə sərfəli olub. Lakin mənim üçün fərqi yoxdur! Kimsə məni gözdən salmaq istəyirdi, amma Allaha şükür olsun...20 ildir prezident Putinin tabeçiliyi altında işləyirəm və həmişə onun mövqeyini dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəm. “Vahid Rusiya” partiyasında olsun, yaxud kənarda, qəlbim həmişə prezidentlə olacaq!”-Nəbiyev deyib.
***
Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayət edən aztəminatlı şəxsləri “alkaş” və “tüfeyli” adlandırıb. Virtualaz.org xəbər verir ki, deputatın bu çıxışı ciddi qalmaqal yaradıb, o cümlədən “Vahid Rusiya” partiyasının rəhbərliyi Nəbiyevin çıxışını pisləyiblər.
Deputat Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaları müzakirə etmək üçün çağırdığı təcili iclasda edib. Yeni qanuna əsasən bu cür pensiyaçıların aylıq pensiyalarına təxminən 500 rubl (8 dollara yaxın) əlavənin edilməsi nəzərdə tutulur.
Həsən Nəbiyev uzun müddət “Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki “Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra “Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə “Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.
“Mən sizlərin arasında ən iri rəhbər olmuşam, başçılıq etdiyim müəssisədə 6 minə yaxın adam işləyib. Bizim müəssisədə işləyənlərdən soruşun. Axı onların pensiyası yeddi-səkkiz min rubl deyil. Xeyli yuxarıdır. Ayda 16-17 min rubl pensiya alırlar. Bəzilərinin, hansılar ki, dəzgahlarda işləyiblər, qaynaqçı, çilingər olublar, pensiyası 20 min rublu keçir”-deputat çıxışında bildirib.
Həsən Nəbiyev deyib ki, pensiyası heç 10 min rubla da çatmayan volqoqradlılar ona “alkaşları və tüfeyliləri” xatırladır.
“Onların pensiyası ona görə səkkiz mindir ki, alkaş və tüfeylidirlər. Kimlər ki, normal işləyib, ayda 20-25 min, hətta daha çox alırlar”-deputat israrla deyib.
Həsən Nəbiyev aztəminatlı şəxslərin pensiyalarına əlavələrin edilməsini məqsədəuyğun saymayıb. Bildirib ki, belələri yoxsul olduqlarına görə özləri günahkardır. “Mən hesab edirəm: qoy bu artım 1000 rubl, 500 rubl olsun. Amma aztəminatlı onun özü olub. Özü özünə bu şəraiti yaradıb. Axı o normal adam ola bilərdi”-deputat bildirib.
Hakim partiyanın deputatı, milyonçu (2017-ci ildə rəsmi gəliri 18 milyon rubl olub) Nəbiyevin bu çıxışı dərhal günün mövzusuna çevirib və sosial şəbəkələrdə hiddətə səbəb olub. Deputata dərhal öz gəlirlərini xatırladıblar. “Vahid Rusiya” partiyasının regional şöbəsinin Katibi Sergey Qornyakov deyib: “Bu gün Volqoqrad Dumasının növbədənkənar iclasında deputat Həsən Nəbiyev aztəminatlı şəxslərin maddi vəziyyətlərinə görə özlərinin günahkar olduğunu deməyi rəva bilib. Təbii ki, bu deyilənlər ictimaiyyətin hiddətinə və narazılığına səbəb olub. Qeyd edirəm ki, bunlar sırf Həsən Nəbiyevin mövqeyidir. Partiyamızın fraksiyasının bu məsələ ilə bağlı tutduğu mövqe ilə heç bir əlaqəsi yoxdur”.
Qornyakov deyib ki, deputat ancaq şəxsi informasiyasına əsaslanıb bu cür qəti qənaətə gəlməli deyildi. “Əlbətdə, onun kimi dövlət adamları bu cür populist çıxışlar etməyi özlərinə rəva görməli deyillər. Şübhəsiz ki, cüzi pensiyanı vətən naminə vicdanla işləmiş adamlar alırlar. Ona görə də bu cür adamlar danışmazdan əvvəl yaxşıca düşünməlidir. Partiyanın regional şöbəsi deputat Həsən Nəbiyevin çıxışına görə vətəndaşlardan üzr istəyir”-o bildirib.
“Vahid Rusiya” partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. Qərara alınıb ki, deputatın çıxışını Dumanın etika komissiyasının xüsusi iclasında müzakirə etsinlər.
“Biz Volqoqrad vilayət dumasında baş vermiş insidenti müzakirə edəcəyik. Bu hiddət doğuran bəyanatı qiymətləndirəcəyik və deputat Həsən Nəbiyevin “Vahid Rusiya” partiyasının sıralarında qalıb-qalmaması məsələsini müzakirə edib qərar çıxaracağıq”-Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri, etika Komissiyasının sədr müavini Vasili Piskaryev deyib.
Qeyd edək ki, Azərbaycanda da vaxtaşırı olaraq deputat Hadı Rəcəbli təxminən Həsən Nəbiyev kimi bəyanatlar verir və nəticədə sosial şəbəkələrin, mətbuatın hədəfinə çevrilir.
Virtualaz.org