Prezidentin nəvəsi ilk dəfə üzə çıxdı: “Məni və anamı zəhərlədilər” - VİDEO

24-06-2014, 10:40   
Prezidentin nəvəsi ilk dəfə üzə çıxdı: “Məni və anamı zəhərlədilər” - VİDEO
Özbəkistan prezidenti İslam Kərimovun onun adını daşıyan nəvəsi İslam Kərimov ilk dəfə üzə çıxıb və anası Gülnarə Kərimova ilə bağlı neçə vaxtdır baş verənlərdən danışıb.
Virtualaz.org saytı xəbər verir ki, nəvə İslam Kərimov özü Rusiyanın REN-TV telekanalı ilə əlaqə saxlayıb və müsahibə vermək istədiyini deyib.
Bu, Gülnarə Kərimovanın 21 yaşlı oğlunun ilk müsahibəsidir və ilk dəfədir ki, o, ictimaiyyət qarşısına çıxır.
Xatırladaq ki, G.Kərimova ötən ilin payızından etibarən atasının qəzəbinə tuş gəlib. Özbəkistan prezidentinin bir vaxtlar onun varisi hesab olunan böyük qızının bütün biznesi əlindən alınıb, yaxın ətrafına daxil olan adamlar həbs edilib, özü prezidentin mühafizəçiləri və hətta İslam Kərimovun özü tərəfindən döyülüb.
Bu ilin fevralından isə G.Kərimova 15 yaşlı qızı İmanla birlikdə Daşkənddə ev dustağı edilib.
21 yaşlı İslam telekanalın “Nedelya” proqramının aparıcısı Marianna Maksimovskayaya müshibəsində anasının həbsinin səbəbləri, sui-qəsd və hazırda ev dustağı olan anası ilə bacısının azadlığa buraxılması üçün necə mübarizə aparması barədə danışıb.
Bundan başqa, İslam jurnalistlərə indiyədək heç vaxt mətbuata çıxmamış ailə fotolarını da təqdim edib. Söhbət Londonda baş tutub. Belə ki, Özbəkistan prezidentinin nəvəsi Oksfordda oxuyur.
Virtualaz.org həmin müsahibənin stenoqramını və videokadrlarını təqdim edir:
- Siz sonuncu dəfə ananızı nə vaxt görmüsünüz?
- Sonuncu dəfə onu yanvarın sonunda Daşkənddə görmüşəm.
- Onun Twitter hesabına əsasən ananız az qala ev dustaqlığında saxlanılır...
- Mənim onunla əlaqəm məhduddur və bir çox detalları bilmirəm. Ancaq bunu dəqiq bilirəm ki, onu bacımla birlikdə nə evdən, nə də ölkədən buraxmırlar. Bacım hətta təhsilini davam etdirmək üçün geri qayıda bilmədi (G.Kərimovanın qızı da Londonda təhsil alırdı-red.).
- Ananıza hansısa rəsmi ittiham irəli sürülüb?
- Yox. Mən bunu qeyri-rəsmi ev dustaqlığı hesab edərdim.
- Doğrudurmu ki, kimlərsə ananızla Özbəkistan prezidentinin arasını vurub, onları dalaşdırıb?
- Mən bunu mübahisə, dava adlandırmazdım, hesab edirəm ki, çox şeylər prezidentin çiyinləri arxasında baş verir. Əgər yaxın vaxtlarda anam mənimlə görüşə bilməsə və öz müalicəsini davam etdirə bilməsə, o zaman baş verənlərin bütün aspektləri barədə araşdırma başlatmaq lazımdır.
***
Müsahibə zamanı Özbəkistan prezidentinin nəvəsi etiraf edib ki, ötən ilin payızından etibarən babası ilə heç cür əlaqə yarada bilməyib. Ötən il dekabrın 22-də, ad günündə isə onu prezidentin evinə buraxmayıblar.
“O vaxta qədər mənim hər ad günüm onun yanında keçirdi. Lakin bu dəfə biz onun evinə gedəndə qapıdan qaytardılar. Hansısa əmrə istinad etdilər, detalları dəqiqləşdirmədilər. Mən hesab edirəm ki, babam neçə vaxtdır onunla əlaqə yaratmağa çalışdığımızı bilmir” - deyə Gülnarə Kərimovanın oğlu bildirib.
Bəs Özbəkistan prezidenti doğrudanmı ailəsində baş verənlərdən xəbərsizdir?
Kiçik İslam Kərimov hesab edir ki, kimlərsə onun anası və babası ilə manipulyasiya edir, onları bir-birinə qarşı qoymağa çalışır: “Bizim düşmənlərimiz ona uydurma informasiya çatdıra bilərlər. Əgər mən onunla əlaqə yarada bilsəydim və ya o, mənim müsahibəmə baxsaydı, yəqin nəticə çıxarar və vəziyyəti düzəldərdi”.
İ.Kərimov təsdiq edib ki, anasını ağır metalla zəhərləməyə çalışıblar (bu barədə Gülnarə Kərimova Twitterdə yazmışdı-red.).
Özbəkistan prezidentinin nəvəsi özünün də sui-qəsdə məruz qaldığını açıqlayıb: “Bu, iki il əvvəl olmuşdu. Anamı güclə xilas etdilər. Məndə daha aşağı doza idi, ona görə də daha az zərbə vurdu. Biz müalicə kursu keçdik. Mən il yarım, anam isə hələ də müalicə alır. Son informasiyalara görə, onun müalicəsini davam etdirmək üçün dərman almaq imkanı yoxdur”.
- Bəs babanız bu sui-qəsd cəhdi barədə bilirdi?
- Hə, o, baş verənlərlə bağlı kursdadır. O, olduqca narahat oldu. Fikrimcə, əsas hədəf anam idi.
Aparıcı qeyd edir ki, Rusiyada Gülnarə Kərimovanın müdafiəsinə Dövlət Dumasının deputatı və müğənni İosif Kobzon qoşulub. O, prezidentin qızı ilə bağlı baş verənlərdən narahatlığını ifadə edib. Kobzonu Gülnarə Kərimovanın qızı İmanın səhhəti xüsusilə narahat edir. Müğənni qızın ürək xəstəliyindən əziyyət çəkdiyini bildirir.
Müğənni bildirib ki, 16 yaşlı İman da onun kimi kardiostimulyator daşıyır və bu cihazı hər bir neçə aydan bir yoxlamaq lazımdır.
“Qəribədir ki, o, ölkədən çıxa bilmir. Ona görə də mən İslam Kərimova müraciət etməyə və ondan nəvəsinin səhhətinə diqqət ayırmağı xahiş etməyə hazıram” - deyə Kobzon bildirib.
Gülnarə Kərimovanın oğlu müsahibədə anasının dostlarının və şirkətlərinin əməkdaşlarının həbs edildiyini təsdiqləyib: “İndiyədək 30-dan çox adam yoxa çıxıb. Hələlik bilmirik bunların arxasında kim dayanır, ancaq kimdirsə, vəzifəcə kiçik adam deyil. Məqsəd gələn ilki seçkilərdə disbalans yaratmaqdır”.
- Deyilənə görə, siz də “qızıl gəncliyin” tipik nümayəndələrindən olmusunuz, dəbdəbəli maşınları xoşlayırsınız. Və ananız qəzəbə tuş gələndə sizin bahalı avtokolleksiyanızı müsadirə ediblər...
- Birincisi, heç vaxt bahalı maşın kolleksiyam olmayıb, ikincisi, mənim çox ciddi anam var. Əvvəllər mən bunu başa düşmürdüm, ancaq indi bu xasiyyətinə görə ona minnətdaram. Və mən özümü “qızıl gəncliyin” nümayəndəsi hesab etmirəm.
- Birbaşa suala görə bağışlayın, ancaq siz Britaniyada hansı pulların hesabına oxuyursunuz və yaşayırsınız?
- Anamın mənə bağışladığı müəyyən məbləğ var. Hazırda mənim xərclərim yoxdur, təhsil və yaşayış xərcindən başqa.
- Bəs babanız sizin tərbiyənizdə iştirak edib?
- Hansısa yaşa qədər - hə. Lakin biz anamın işlərinə görə müxtəlif şəhərlərə səyahət edəndə və xarici ölkələrdə yaşayanda babamla ünsiyyətim məhdudlaşdı. Buna baxmayaraq babam mənim şəxsiyyətimin formalaşmasına kifayət qədər töhfə verib. Hətta valideynlərimin boşanmasından sonra mənə öz familiyasını da verdi.
Müsahibə zamanı kiçik İslam Kərimov anası ilə onun kiçik bacısı Lola arasında münasibətləri şərh etmək istəməyib. Bununla belə etiraf edib ki, onların arasında heç də yaxşı münasibətlər hökm sürmür.
Gülnarə Kərimovanın oğlu onu da deyib ki, Özbəkistan prezidentinin ailəsində hamı rusca danışırdı və bu, ona dinini seçmək hüququ verirdi. Və o, İslamı seçib. Üstəlik indi oxuduğu Oksford Universitetini də seçib.
İslam Kərimov sui-qəsddən sonra universitetə mühafizə ilə gedir, tələbə yoldaşlarına hansı ailədən olduğunu deməməyə çalışır. Və indi babasının Özbəkistanın hakim ailəsində yaşanan bu dolaşıq əhvalatlara son qoyacaq qərarını gözləyir.
Qeyd: təqdim etdiyimiz bu fotolar mətbuatda ilk dəfə dərc olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar