Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin Qarabağ işinə əl qoydu

24-06-2014, 09:35   
Putin Qarabağ işinə əl qoyduKreml ABŞ-ı prosesdən kənarlaşdırmağa başlayır

Rusiya prezidenti Vladimir Putin ikinci dəfə hakimiyyət başına qayıdandan bəri ilk dəfə Dağlıq Qarabağ münaqişəsinə vaxt ayırmağa hazır olduğunu nümayiş etdirib.

Virtualaz.org saytının xəbər verdiyi kimi, iyunun 23-də Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı barədə rəsmi açıqlama yayılıb.

Kremldən yayılan açıqlamaya əsasən prezidentlər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Putin münaqişənin dinc yolla həllinin axtarışına hərtərəfli dəstək verməyə hazır olduğunu ifadə edib.

Bu telefon danışığı Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda apardığı danışıqlarla bir vaxtda baş tutub. Lavrov İrəvanda Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün tərəflər arasında danışıqlar prosesinin bərpasına kömək etməyə hazır olduğunu ifadə etmişdi.

Son günlərin hadisələrinin xroniki ardıcıllığının təhlili belə deməyə əsas verir ki, kifayət qədər intensiv xarakter almış Rusiya-Azərbaycan danışıqlarının gündəmində Azərbaycanın əsas problemi mərkəzi mövzulardan biridir və prezident Vladimir Putin nəhayət münaqişənin nizamlanması üçün tərəflər arasında vasitəçiliyə hazırdır.

Putin ikinci dəfə hakimiyyət başına gələndən sonra Qarabağ məsələsi ilə bağlı hər hansı təşəbbüs göstərməmişdi və bu məsələni gündəmdən çıxarmışdı. Hətta iki il əvvəl Putin ənənəvi geniş mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin sual verməsinə imkan yaratmamış və belə demişdi: “Bilirəm, Qarabağı soruşacaqsınız”.

Putinin ikinci dəfə hakimiyyət başına qayıtmasından sonra Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair prezident səviyyəsində göstərdiyi vasitəçilik səyləri də dayandırıldı. Hansı ki, bundan əvvəl prezident Dmitri Medvedyev Azərbaycan və Ermənistan dövlət başçıları ilə çoxsaylı görüşləri təşkil etmişdi və bir neçə il ərzində danışıqlar Əliyev-Medvedyev-Sərkisyan formatında davam etmişdi.

Bu danışıqlarda tərəflər bəzən razılaşmaya yaxın olsalar da proses uğursuz başa çatdı və Putinin yenidən prezident seçilməsindən sonra Rusiya bu formatda danışıqları yenidən təşkil etməyə maraq göstərmədi.

Analitiklərə görə, Putinin Qarabağ məsələsinə vaxt ayırmaması əslində onun münaqişə ətrafındakı status-kvonu dəyişməkdə maraqlı olmamasının sübutu idi. Hansı ki, Rusiyanın keçmiş sovet respublikaları ilə bağlı indiki siyasəti fonunda bu taktika tamamilə məntiqlidir.

Ancaq indi Putin Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə çalışır və görünür, nəzərə alır ki, Azərbaycanın əsas probleminin həllində hansısa irəliləyiş olmasa, onu “yeni SSRİ” layihəsinə cəlb etmək də mürəkkəb məsələdir.

Digər tərəfdən, Ukrayna böhranından sonra Minsk Qrupunun digər iki həmsədri - ABŞ və Fransa Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri gücləndirməyin vacibliyini dərk edirlər. Ötən ay atəşkəsin əldə olunmasının 20 illiyi ərəfəsində Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ölkəsinin Qarabağ nizamlanmasına dair mövqeyini təqdim edərək geniş polemikalara səbəb oldu.
Ceyms Uorlik

C.Uorlikin təqdim etdiyi mövqe əslində xeyli ölçüdə həmsədr ölkələrin tərəflərə çoxdan təqdim etdiyi Madrid prinsiplərindən ibarət idi.

Lakin Amerikanın mövqeyində bəzi konkretləşdirmələr yer alırdı ki, bunlar da daha çox Ermənistanda narazılığa, etirazlara səbəb oldu. Məsələn, Laçın rayonu (dəhliz çıxılmaqla) da daxil olmaqla işğal altındakı ətraf rayonların geri qaytarılması və münaqişə regionunda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi...

Tamamilə aydın idi ki, ABŞ münaqişənin həllinin optimal variantını təqdim etməklə bu problemin nizamlanmasına dair danışıqları yerindən tərpətməyə, Cənubi Qafqaz regionunda mövqelərini qismən də olsa saxlamağa çalışırdı. Ceyms Uorlikin rəsmi Vaşinqtonun mövqeyini təqdim etməsindən sonra amerikalı rəsmilər bildirdilər ki, Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşünün baş tutmasına çalışırlar.

ABŞ-ın ardınca Fransa da fəallıq göstərdi və prezident Fransua Olland əvvəl Bakıya, daha sonra İrəvana səfər edərək tərəflərə münaqişəyə dair təkliflər təqdim etdi. Fransa prezidenti bu təkliflər üzrə danışıqlar aparmaq üçün prezidentlər İlham Əliyev və Serj Sərkisyanı Parisə dəvət etdi.

Qeyd etmək lazımdır ki, ABŞ və Fransanın təşəbbüslərinə münaqişə tərəflərindən heç biri xüsusi intuziazmlə yanaşmadı. Bunu başa düşmək çətin deyil. İndi heç kimdə şübhə yoxdur ki, keçmiş sovet məkanında məsələləri həll edən Qərb deyil, Rusiya və Putindir. O zaman ABŞ və Fransanın patronajlığı altında Qarabağ danışıqları aparıb boş yerə vaxt itirmək nəyə lazım?

Və belə vəziyyətdə Rusiya da hərəkətə keçir və Putin xüsusi missiya ilə Sergey Lavrovu əvvəl Bakıya, daha sonra İrəvana ezam edir.

İndi gözləmək olar ki, yaxın həftələrdə Putinin vasitəçiliyi altında Azərbaycan və Ermənistan prezidentləri arasında ikitərəfli, yaxud üçtərəfli formatda danışıqlar baş tutacaq.

Sergey Lavrov İrəvanda keçirdiyi brifinqdə deyib ki, Rusiya Fransanın tərəflərə təqdim etdiyi Qarabağ təkliflərini dəstəkləyir. Ancaq Lavrov ABŞ-la Qarabağ nizamlanmasında əməkdaşlıq imkanları haqda danışmayıb. Rusiya ilə ABŞ arasında münasibətlərin indiki vəziyyəti bu imkanların tükəndiyini deməyə əsas verir. O zaman Rusiya Qarabağ nizamlanmasında təşəbbüsü yenidən üzərinə götürərsə, əsas şərtlərdən biri ABŞ-ı prosesdən kənarlaşdırmaq, bununla da Vaşinqtonun keçmiş sovet məkanından sıxışdırılıb çıxarılması yönündə daha bir addım atmaq olardı.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar