Deputat “Diqlas”da malı yanan sahibkarları günahkar çıxardı

28-03-2019, 10:53   

 

Martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verdi. Yanğın ticarət mərkəzi yanıb kül olandan sonra söndürüldü.

Ötən gündən etibarən ölkə gündəmini zəbt edən yanğından sonra bir sıra məsələlər də aydınlığa çıxdı. Məlum oldu ki, “Diqlas” ticarət mərkəzində yanğından və digər təhlükələrdən mühafizə üçün kifayət qədər önləyici tədbirlər görülməyib. Üstəlik həmin mərkəzdə yerləşən obyektlərin bir çoxunun  icarə müqaviləsi belə olmayıb. O da aydın oldu ki, mağazaların, orada yerləşdirilmiş malların sığortası olmadığına görə, sahibkarlara külli miqdarda ziyan dəyib.  

“Diqlas” hadisəsi haqqında Modern.az-a danışan 18 saylı Nərimanov – Nizami seçki dairəsinin deputatı Rasim Musabəyov qeyd edib ki, dövlətin “Diqlas” ticarət mərkəzində yerləşən mağazaların sahibləri qarşısında heç bir öhdəliyi yoxdur:

“Onlar mallarını sığorta etməliydilər. Mağazaları icarəyə götürərkən ticarət mərkəzinin yanğından mühafizə olunub-olunmadığı ilə maraqlanmalı idilər. Camaat bir çox hallarda ucuzluğa qaçır. Əsas icarə haqqı az olsun, sığorta da, yanğından mühafizə də lazım deyil. Sonradan bir xəta baş verəndə hamı deyir ki, dövlət kompensasiya versin. Hansısa formada sahibkarlara kömək mütləq olacaq. Amma sahibkarlar belə durumlardan sonra nəhayət nəticə çıxarmalıdırlar. Bu cür yanğın ilk dəfə deyil. Ticarət mərkəzlərində, mağazalarda dəfələrlə belə yanğınlar olub. Amma təəssüf ki, müasir tələblərə uyğun şəkildə işini qurmayan şəxslər bundan əziyyət çəkirlər.

Yanğının səbəbləri kimi ticarət mərkəzində təhlükəsizlik qaydalarına əməl olunmaması da qeyd olundu. Bu məsələ “Diqlas”ın rəhbərliyini də məsuliyyət altına alır. Buna cavabdeh olan şəxslərin üzərinə məsuliyyət qoyulacaq. Amma mərkəzdə çalışan, səlahiyyətli şəxsləri həbs etməklə məsələ həll olunmayacaq. O qədər sahibkarın malları batıb. Heç nə onlara təskinlik verməyəcək. Söhbət ondan gedir ki, sahibkarlar da vaxtında təhlükəsizlik tədbirlərinin görülməsini tələb etməli idilər. Yenə deyirəm, baş verən hadisədən nəticə çıxarılmalıdır”.  

Qeyd edək ki, obyektlərdə təhlükəsizlik tədbirlərinin görülməsniə FHN məsuliyyət daşıyır. Deputat bu mövzuya toxunmayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.