Şəhid ailəsi: 6 uşağı qaynamış kartofla həyatda saxlayırıq
30-03-2019, 10:14
Elşən Babayev Fövqəladə Hallar Nazirliyindəki işini itirəndən özünə yer tapa bilmir “Üç uşaq qardaşımdadır, üç uşaq məndə… Qardaşım da illərdir ki, işsizdir. İki ailə, anam, mən… 11 nəfər mənim 380 manat maaşıma möhtac idi. Bir də atamın şəhidliyinə görə aldığımız prezident təqaüdü… İllərdir ki, kartdan birbaşa borca gedir, gəlib evə çatmır. Necə dolanaq, dərdimizi kimə deyək, bilmirik”. Mingəçevir sakini Elşən Babayev Meydan TV-yə danışır ki, uzun illərdən sonra tapdığı işini itirib. Daha doğrusu, ölkə xaricində müalicədə olarkən onu işdən azad ediblər. Bununla da ailənin nəfəsliyi hesab olunan son dolanışığı əldən çıxıb. “Kəmaləddin Heydərov tapşırdı, işə götürdülər” Elşən Babayev deyir, hərbi xidmətdən qayıdandan sonra qardaşı Elşadla Mingəçevirin Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət edib. Ancaq işi düz 10 ildən sonra tapıb. Belə ki, 4 il əvvəl anası İradə Babayeva fövqəladə hallar naziri Kəmaləddin Heydərova şəhid ailəsi kimi müraciət etdikdən sonra nazirin göstərişi ilə Elşən FHN Mingəçevir şəhəri üzrə yansöndürmə hissəsinə yanğınsöndürən kimi işə götürülüb. Bir müddət əvvəlsə səhhətindəki problemlərə görə FHN-ə müraciət edərək kömək istəyib: “Sinir xəstəliyindən müalicə oluna bilmirdim, maddi imkanım çatmırdı… FHN-ə müraciət etdim ki, müalicələrimə kömək eləsinlər, ancaq eləmədilər. Mən də Moskvadakı qohumların yanına gedib onların köməkliyi ilə müalicə olunmağa qərar verdim. Çünki səhhətim günbəgün pisləşirdi, həkimlər demişdilər ki, üstünə düşməsəm, sonra müalicə də xilas etməyəcək. FHN rəhbərliyinə ərizəylə müraciət etdim ki, Rusiyaya müalicəyə gedirəm və getdim. 2 ay müalicələrimlə məşğul oldum, geri qayıdanda xəbər tutdum ki, məni işdən azad ediblər”. “Birinci müavindən kömək istədim” Elşən Babayev və anası İradə xanım dəfələrlə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. İradə xanım deyir, təkcə fevral ayında nazirin qəbuluna düşmək üçün iki dəfə Mingəçevirdən Bakıya gəlib: “Fevralın 7-də nazirin birinci müavini Etibar Mirzəyev qəbul elədi, dedi, məndə olan məlumata görə, oğlunuz yaxşı işçi olub, fədakar olub, işinə məsuliyyətlə yanaşıb, ancaq sizin oğlunuza heç cür kömək etmək imkanımız yoxdur. Dedim, axı oğlum iki ailəyə, mənə - xəstə anasına baxır. 6 körpənin qarnını doydurur. Dedi, çox istərdim kömək edəm, ancaq iş yoxdur”. Ana ümidini itirməyib, fevralın 26-da növbəti dəfə Mingəçevirdən Bakıya – Fövqəladə Hallar Nazirliyinə gəlib. Bu dəfə geriyə məyus şəkildə qayıdıb. “Dedi, sabahı gözləmə, get bu gün yandır” “Dedilər, sizə artıq bir dəfə qəbul ediblər, sözlərini deyiblər, ikinci dəfə çətin qəbul etsinlər. Dedim, axı məni nazir qəbul eləməyib hələ. Oğlumu işə nazirin göstərişiylə götürmüşdülər, bəlkə yenə göstəriş verər… Dedilər, ana, gözləmə, nazir qəbul eləmir. Özümdən ixtiyarsız dedim ki, bəs neynəyək, sabah gedək biz də özümüzü yandıraq ki, nazirin diqqətini çəkək, bizi qəbul eləsin? Oranın işçisi olan bir xanım qayıtdı ki, sabahı niyə gözləyirsiz, elə bu gün də yandıra bilərsiz… Mən o binanı necə tərk elədiyimi bilmirəm. Mənim oğlum iş vaxtı olmasa da, görüb yanğın var, elə mülki geyimdə, təkbaşına yanğın olan yerə gedib, adamları xilas edib, bunu nazirlikdəkilər də bilir. Elə sinirləri də işdə pozulub, ancaq müalicəsi üçün müraciətlərinə heç cavab da vermədilər,” - İradə Babayeva deyir. Hər iki qardaş ayrı-ayrılıqda kirayədə yaşayırlar və yarım ildir ki, kirayəhaqqı ödəmirlər. Deyirlər ki, ev sahibləri də onların durumunu bilir deyə, kirayəhaqqı üçün çox sıxışdırmırlar. Elşən Babayev iş tapmasam, vəziyyətimiz bundan da ağır olacaq, deyir: “Uşaqlara hər gün soyutma kartof veririk. Elə gün olur ki, heç çörək də olmur evdə… Anam şəkərdən, təzyiqdən əziyyət çəkir. Vaxtlı-vaxtında qidalanmalıdır, qidalanmır". FHN Mingəçevir şəhəri üzrə yansöndürmə hissəsindən bildirilib ki, Elşən Babayev uzun müddət xəbərdarlıqsız və üzrsüz səbəbdən işə gəlmədiyi üçün işdən azad edilib. İşdən çıxarılmasında heç bir qanunsuzluq olmayıb.Müəlliflər: Meydan TV