Qarabağ müharibəsinin bir qrup veteranı mərhum dissident Əşrəf Mehdiyevin yaratdığı Qeyrət Partiyasını bərpa etmək təşəbbüsü irəli sürüb. Məlumatı “Media forum” saytına keçmiş döyüşçü Vaqif Əlisoy verib. O deyib ki, təşəbbüs qrupunda onunla birgə Qarabağ müharibəsinin veteranları Camal Əhmədov, Azər Telmanoğlu, Tofiq Cəfərov yer alır.
Vaqif Əlisoy qeyd edib ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etmək hər bir vətəndaşın borcudur: “Biz rəhmətlik Əşrəf Mehdiyevin Qeyrət Partiyasını bərpa etmək niyyətindəyik. Bu partiya siyasi mübarizədən kənar olacaq, hakimiyyət uğrunda mübarizə aparmayacaq. Yeganə məqsəd Qarabağın azadlığına nail olmaqdır. Biz Qarabağ adı altında fəaliyyət göstərən bütün təşkilat və insanları bərpa edəcəyimiz Qeyrət Partiyası ətrafında birləşməyə çağırırıq. Məqsəd Vətənə, Qarabağa qayıtmaqdır. Hamı bilməlidir ki, Qarabağsız Azərbaycan yoxdur!"