Xəbər verdiyimiz kimi, aprelin 4-də Bakı şəhəri Səbayel rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin 8-ci sinif şagirdi intihar məqsədi ilə özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Müxtəlif bədən xəsarətləri alan məktəbli qız 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, iki gün sonra dünyasını dəyişib.
Artıq faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.
Qeyd edək ki, hadisə baş verən zaman məktəbli qızın bədbəxt hadisə zamanı yıxıldığı deyilsə də, sonradan məlum olub ki, qız bir qrup öz sinif yoldaşları tərəfindən psixoloji təzyiqlərə, lağ-lağı hərəkətlərə məruz qaldığı üçün intihara əl atıb.
Beləliklə, məktəblinin faciəsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Əksəriyyət məktəblərdə psixoloq fəaliyyətinin yetərli olmadığını vurğulayır...
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan psixoloq Ramil Nəcəfli xatırlatdı ki, bu yaxınlarda məktəblərdə “məktəblinin dostu” layihəsi həyata keçirilib: “Sual olunur ki, bəs bu nə işə yarayır? Əgər həqiqətən də ”məktəblinin dostu" şagirdlərə ehtiyacı olduqları mövzuda dəstək olursa, istərdik ki, onların sayı daha da artırılsın. Şəxsən mən bir psixoloq kimi dəfələrlə məktəblərə müraciət etmişəm ki, orada seminarlar, valideynlərlə toplantılar, təlimlər həyata keçirək. Lakin hər zaman mənə verilən cavab bu olub: “Narahat olmayın, məktəbdə bu işlə məşğul olan işçilərimiz var”. Son hadisə məktəblərdəki psixoloqların fəaliyyətsizliyini bir daha sübut etdi. Ümumiyyətlə, təkcə məktəblərdə deyil, xəstəxanalarda da vəziyyət bu cürdür. Psixoloqlar xəstələrlə işləmək əvəzinə, yalnız sənəd, anket doldurmaqla məşğuldurlar. Və yaxud elə bir mövzu ilə məşğuldurlar ki, effektli deyil.
Məktəb psixoloqlarının demək olar ki, böyük əksəriyyəti öz işlərinin öhdəsindən bacarıqla gələ bilmirlər. Müəllim və şagirdlərin, eləcə də şagirdlərin bir-biri ilə düzgün formada ünsiyyəti, davranışı haqda işlər aparılmır. Qeyd edim ki, adətən məktəb yaşlı uşaqlar daha həssas, hətta kobud şəkildə desək, qəddar, dözümsüz olurlar. Yəni bir-birilərində nəsə səhv davranış olduqda bağışlamır, lağa qoyur, ələ salır, nəticədə qarşı tərəf ağır psixoloji problem yaşaya, hətta intihar həddinə gəlib çata bilərlər. Buna görə də belə vəziyyətlərdə faktiki olaraq onlara köməklik göstərən şəxslər lazımdır. Bu missiyanı təkcə psixoloqların üzərinə qoymaq olmaz, valideyn də mütəmadi olaraq övladlarının davranışlarını analiz etməli, maraqlanmalıdır. Əgər sorğu keçirsək, məlum olacaq ki, bir çox valideynlərin öz uşaqlarının davranışlarından, üzləşdiyi problemlərdən xəbəri yoxdur. Eləcə də müəllimlərin əksəriyyəti öz fənnini keçməklə işini bitmiş hesab edir.
Əvvəllər vəziyyət çox sərt idi. Məktəb rəhbərliyi şagirdlərə çox ciddi nəzarət edirdi. Hətta valideynlər də “əti sənin, sümüyü mənim” prinsipi ilə yanaşaraq bu öhdəliyi tamamilə müəllimlərin öhdəsinə buraxırdı. İndi isə dəhşətli mənzərə yaranıb. Müəllimlər şikayətlənir ki, şagirdlərə “güldən ağır” söz deyə bilmir, valideynlərdən çəkinirlər. Yəni tərbiyə məqsədi ilə müəllim şagirdə öz tənbehini bildirməkdə çətinlik çəkir, aciz qalıb. Bunu müasirlik kimi qəbul edənlər də olsa, bu fikirlə heç cür razı deyiləm. Müəyyən mənada bəzi cəza üsullarını şagirdlərə tətbiq etmək lazımdır".
Psixoloq onu da qeyd etdi ki, yuxarı siniflərdə şagirdin məktəb və yaxud sinif dəyişdirməsi də psixoloji təsirlər yarada bilir: “Bu cür hallar mövcuddur. Xüsusən də yuxarı sinifdə təhsil alan şagirdlər sinfə, yeni sinif yoldaşlarına, müəllimlərinə adaptasiya oluna bilmirlər. Bu zaman valideyn prosesi yaxından izləməlidir. Yəqin, baş verən son faciəni izləmisiz. İntihar edən məktəblinin anası bildirib ki, sinif yoldaşları onu ağır şəkildə təhqir edib, lağa qoyublar. Sual olunur ki, bəs valideyn niyə bu halda önləyici tədbirlər görməyib? Görünür ki, nə valideyn, nə də müəllimlər tərəfindən həmin şagirdə effektli təsir göstərilməyib. Valideynin, sadəcə, məlumatlı olması yetərli deyil, ən pis halda şagirdi başqa məktəbə köçürmək olardı”.
Psixoloqun sözlərinə görə, əslində baş verən faciədən sonra bütün məktəb rəhbərliyini ayağa qaldırmaq, valideyn iclası keçirmək, şagirdlərə tapşırıqlar vermək lazım idi ki, bu cür hallara yol verilməsin: “Məktəbdə elə bir atmosfer yaratmaq lazımdır ki, şagird problemi içində saxlamasın, olub-bitəni rahat şəkildə başqalarına desin”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”