Başı kütləvi iğtişaşlara və hərbi çevrilişə qarışmış Misirdən bu ilin martında belə xəbərlər yayıldı: Misir ordusunun hərbi həkimləri general İbrahim Abdulatinin başçılığı ilə QİÇS və Hepatit C xəstəliklərinin müalicəsi üçün cihaz və dərman preparatları icad edib.
Elan edilmişdi ki, Misir hərbi həkimləri tərəfindən ixtira edilmiş müalicə texnologiyası “Complete Curing Device” (CCD) adlanır və bu texnologiyanın köməyi ilə heç qan analizi də aparmadan insan bədənindəki HİV və Hepatit virusları yox edilir, daha sonra kompleks müalicə aparılır.
Misir hərbi həkimləri son sınaq işlərinin aparıldığını və bu texnologiya ilə müalicənin rəsmən iyulun 1-dən başlayacağını bildirmişdilər.
Təbii ki, “daimi mühərrik” ixtiraları seriyasından olan bu “elmi kəşf” dünya səhiyyə elmində ciddi qəbul edilmədi. İndi isə məlum olur ki, sən demə, bu fırıldağın da izləri Azərbaycana gəlib çıxır. Necə və hansı formada?
“Əl-Ərəbiyə” telekanalının şərhçisi Bassem Yousif yazıb ki, Misir hərbi həkimlərinin az qala bütün xəstəlikləri “müalicə edən” aparat ixtira etməsi barədə “elmi araşdırma” Ümumdünya Elm, Mühəndislik və Texnologiya Akademiyasının (World Academy of Science, Engineering and Technology-WASET) saytında yerləşdirilib. Hansı ki, həmin “akademiya” əslində fırıldaqçı şəbəkədən ibarətdir, dünyanın nüfuzlu elmi mərkəzlərinin təşkil etdikləri elmi konfransların “surətini” çıxarıb öz saytında yerləşdirir və bu “konfranslara” qatılmaq istəyənlərdən 400 avro məbləğində haqq alır.
Misirin ingilisdilli “Egypt İndependent” nəşri WASET-in əslində fırıldaqçı şəbəkə olduğunu çox asanlıqla sübuta yetirib. Qəzetin reaktorları Wikipediya-dan “copy-past” üsulu ilə topladıqları materialları “elmi araşdırma” adı altında bu “akademiyaya” göndəriblər. Cəmi 24 saat sonra “akademiyadan” cavab gəlib ki, bu “elmi araşdırma” qəbul edilib və əgər müəlliflər onun “akademiyanın” saytında dərc olunmasını istəyirsə, 400 avro ödəməlidir.
Virtualaz.org saytı internetdə araşdırma aparanda məlum olub ki, Azərbaycanda qeydiyyatdan keçmiş WASET adlı “akademiyanın” fırıldaqları barədə çoxsaylı şikayətlər var.
Virtualaz.org