Şamaxı sakinləri: Qul bazarılarını öz inhisarlarına alıblar, deyirlər, iş yerləri açmışıq

15-04-2019, 09:14   

 

Şamaxı sakinləri iddia edirlər ki, onları aylıq cüzi maaşa oturdub, hər gün ən ağır işlərdə qul kimi işlədirlər
“Bizi şənbə-bazar demədən, həftənin yeddi günü söküntü yerlərində, bağlarda ən ağır işlərdə işlədirlər. Bu işlərə görə gündəlik fəhləpulu 15-20 manatdır, o pulu alıb öz ciblərinə qoyurlar, bizə isə ayda 166 manat maaş verirlər. Deyirlər, siz maaşa baxırsız, gündəlik qazanca yox.. Bizi qul yerinə işlədirlər. Etiraz edirik, deyirlər, dövlətdən iş istəyirdiz, bu da sizə iş...”
Şamaxı sakinləri Vasif Burcalıyev, Əbülhəsən Babayev və Raqib Ağayev Meydan TV-yə danışırlar ki, bu ilin yanvarından hökumətin yaratdığı “DOST” İş Mərkəzi MMC-də sosialyönümlü fəaliyyətlə bağlı işə qəbul olunublar. Onlara peşələrinə uyğun işlər vəd olunsa da, “DOST”la müqavilə bağlayandan sonra təklif edilən işlər qane etməyib. Məlum olub ki, hökumətin işlə təmin etmə siyasəti əslində “qul bazarı” kimi tanınan, işsizlərin iş tapmaq üçün toplaşdığı yerləri rəsmiləşdirməkdən ibarətdir.
“Söküntü yerlərində, üzüm bağlarında qul kimi işlədirlər”
Vaqif Burcalıyev danışır:
“Bizi Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evlərin söküntüsündə, ayrı-ayrı şirkətlərə məxsus üzüm bağlarında işləməyə məcbur edirlər. Hər səhər Heydər Əliyev parkına yığıb, ordan taksilərə mindirib ya bağlara göndərirlər, ya da söküntü yerlərinə... Zəlzələdən zərər çəkmiş evləri, daş hasarları sökürük, daşları, dam örtüklərini, taxtaları daşıyıb aparıb, özləri üçün satırlar. Bizə verilməli olan gündəlik 15-20 manatı da öz ciblərinə qoyurlar. Etiraz edənləri kütləvi şəkildə işdən çıxarırlar”.
“Başçının sağ əli Yaqub...”
Digər sakin Əbülhəsən Babayev deyir, işlərin başında rayon icra hakimiyyətində oturan, ancaq oranın rəsmi işçisi olmayan, hamının icra başçısının sağ əli kimi tanıdığı Yaqub adlı şəxs dayanır:
“Bu işlərə Yaqub adlı şəxs başçılıq edir. Hər şeyi o idarə edir. Şamaxı Rayon İcra Hakimiyyətinin ikinci mərtəbəsində - məktublar şöbəsində oturur. Biz icra hakimiyyətinə gedib onunla görüşmək istəyəndə içəri buraxmırlar, deyirlər, o adam buranın işçisi olmadığı üçün onunla içəridə görüşə bilməzsiz. Çağırırlar çölə, onunla icra hakimiyyətinin binasının qarşısındakı pilləkənlərin üstündə danışırıq. Deyirik, axı bizi səhərdən axşamacan, hətta şənbə-bazar günləri də işlədirsiz, niyə gündəlik pulumuzu vermirsiz? Deyir, sizin aylıq maaşınız var, maaşınız hər ay kartınıza vurulur, kartdan alırsız”.
“Bu da qul bazarıdır, ancaq işlədib pulunu vermirlər”
Bundan əvvəl də Meydan TV-yə müraciət etmiş və “DOST” MMC ilə müqavilə bağlandıqdan sonra, peşəsinə uyğun deyil, süpürgəçi işi ilə təmin olunmasına etiraz etmiş Raqib Ağayev danışır. Deyir, “DOST” MMC tərəfindən maaş kartlarına 166 manat məbləğində maaş köçürülüb. Ancaq bu məbləğ gördükləri işlərin qarşılığında çox cüzidir.
“Apreldən maaşımız 180 manat olub, bunun da 6 manatı sosial sığortaya çıxılacaq, əlimizə gəlib 174 manat çatacaq. Belə götürəndə, cəmi 8 manat artım olub. Hər gün fasiləsiz ağır işlərdə çalışıb ayın sonunda 174 manat alacağıq. Bilirsiz, bir var, qul bazarında dayanırsan, fərdi adamlar yaxınlaşıb sənə iş təklif edir, görəcəyin işə görə zəhməthaqqı danışısan, razılaşıb gedirsən. Adam səni aparır, işlədir, kişi kimi zəhməthaqqını da ödəyib yola salır. Bir də var, yenə qul bazarı kimi adamları Heydər Əliyev parkına toplayırlar, özləri səni istədin-istəmədin, razılaşdın-razılaşmadın, ən ağır işlərdə işləməyə aparırlar. Sadəcə, günün sonunda sənə çatacaq zəhməthaqqını özlərinə götürürlər. Yəni ki, bu da qul bazarıdır, sadəcə, işlədib pulunu vermirlər”.
“Süpürgəçi işinə götürüblər, söküntü yerlərində fəhlə işlədirlər”
Şikayətçilərin sözlərinə görə, zəlzələdən qəzalı vəziyyətə düşmüş tikililərdə işləyərkən, fəhlələrin texniki təhlükəsizliyi üçün heç bir tədbir görülmür:
“Hasarları sökürük, birinin başına, birinin ayağına daş düşür... Çünki elə adamlar var ki, heç vaxt belə işləri görməyiblər. Başımızda “kaska” yox, toz ciyərlərimizə dolur, “maska”mız yox... Əslində zəlzələdən dağılmış tikililərlə bağlı işlərin icra hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu işləri Fövqəladə Hallar Nazirliyi görməlidir. Biz isə icra hakimiyyətinin “komxoz”unun işçiləriyik. Bizi ora süpürgəçi işinə götürüblər. Sadəcə, nəzarətsizlikdir, heç bir qurum nəzarət etmir, Baxmayaraq ki, “DOST” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir, hələ indiyədək bizimlə bu qurumdan bir adam da maraqlanmayıb. Kim harda istəyir, aparıb orda da işlədir bizi... Bir azdan eşitsəniz ki, bizi başçının, ya hansısa başqa bir məmurun şəxsi bağında, bostanında işlədirlər, təəccüblənməyin”.
 

“DOST” niyə yaradıldı?
Bu ilin əvvəli prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində işsizliyi aradan qaldırmaq məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) yaradılıb. Agentliyin “DOST İş Mərkəzi” işsiz vətəndaşların işlə təminatını və onlara əməkhaqqı verilməsini həyata keçirir. Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olanların arasından seçilir. Rəsmi məlumata görə, haqqı ödənilən bu ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilib. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və sair daxildir. Ancaq Şamaxı sakini iddia edir ki, bu proqram çərçivəsində yalnız küçə təmizlikçisi işlərinə cəlb olunurlar.
Şamaxı sakinləri deyirlər ki, bu ilin yanvarında işsiz kimi Şamaxı Rayon Məşğulluq Mərkəzinə dəvət olunublar. Onlara bildirilib ki, rayonda işsizliyi aradan qaldırmaq üçün ictimai işlərin yaradılmasına, əhalinin işlə təmin olunmasına başlanılıb. İş üçün müraciət edənlərə tezliklə peşələrinə uyğun iş təklifləri olacaq. Hər kəs öz peşəsinə uyğun iş üçün ərizə yazıb, lakin “DOST” MMC ilə müqavilələr bağlandıqdan sonra müraciət edənlərin əksəriyyəti süpürgəçi işinə götürülüb. İş orasındadır ki, iddialarına görə, indi onlara süpürgə verən də yoxdur, dağıntı yerlərində ən ağır işlərə cəlb ediliblər.
Şamaxı Rayon Məşğulluq Mərkəzindən bildirilib ki, təklif olunan işlərin vətəndaşlar tərəfindən qəbul edilib-edilməməsi könüllüdür:
“Deyilənlərin əsası yoxdur, vətəndaşlar təkcə təmizlikçi yox, peşələrinə uyğun başqa işlərlə də təmin olunurlar. Peşəsi, ixtisası, bacarığı olmayanlara isə təmizlikçi işləri təklif olunur. Heç kim küçə süpürməyə məcbur edilmir. Müqavilələrdə təklif olunan işlər, məvacib və iş saatları göstərilib. Vətəndaşlar özləri müqavilələrlə razılaşıb imza atıblar, müqavilələrin surəti onlara təqdim olunacaq”.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumda Yaqub adlı şəxs nə rəsmi, nə də qeyri-rəsmi çalışır. Qurumdan başqa suallara aydınlıq gətirilməyib.
Buradaykən …

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.