Tenderlər vasitəsilə dövlətin milyardlarını mənimsəyirlər - Hüquqşünas

16-04-2019, 09:11   
 

Tenderlər vasitəsilə dövlətin milyardlarını mənimsəyirlər

Azərbaycanda satınalmalarla bağlı maliyyə fırıldağı yüksək səviyyədədir və qanunda nəzərdə tutulan hallar həyata keçirilmir. Qanunda nəzərdə tutulan hallar həyata keçirilərsə, tenderlər şəffaf olarsa, bu sahədəki yeyintinin səviyyəsini xeyli aşağı salmaq mümkündür.

Bazimyol.info-ya istinadla xəbər veririk ki, bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, ilk olaraq elektron satınalma sistemini həyata keçirmək lazımdır.

“Elektron satınalma odur ki, bütün satınalmalar e-tender.gov.az saytında yerləşdirilir. İndi qısa məlumat verilir ki, tenderi kim keçirir və nə haqqındadır. Amma təfsilatlı heç bir məlumat mövcud deyil. Tenderə müraciət etmək istəyən şəxs gərək gedib həmin müəssisə ilə əlaqə saxlasın. Məsələn, Kürdəmir Rayon İcra Hakimiyyətinin keçirdiyi tender haqqında məlumatı Bakıdakı şəxsin öyrənməsi üçün həmin rayona getməyi çətinlik yaradır.

E-tender olduqda isə iştirak etmək istəyən şəxslər birbaşa internet üzərindən müraciət edə bilir”.

Hüquqşünas əlavə edib ki, elektron satınalmanın daha bir üstün cəhəti odur ki, iştirak payı aşağı düşür və yeni biznesə başlayanlar da tenderdə iştirak edə bilirlər: “Bu isə xırda və orta sahibkarlıq üçün faydalıdır. Digər tərəfdən, uyğunluq sənədləri deyilən bir şey var. Məsələn, bu sahədə ən azı 3 il işləməsinə dair, yaxud fövqəladədən sertifikatların olması və s. məlumatlar artıq sistemə yüklü olur. Hər dəfə lazım olanı əlavə edir və gedib yenisini almaq məcburiyyətində qalmır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, elekton tenderin tətbiq edilməməsi bu sahədə problemlərə gətirib çıxarır”.

Hüquqşünasın sözlərinə görə, bu sahədə problemlərdən biri müddətlə bağlıdır. “Dövlət satınalmaları haqqında” qanunun tələbinə görə, satınalma təşkilatları illik satınalma planının bir il əvvəldən verməldir. Normalda hər bir təşkilat oturub bunu hesablamalıdır ki, onun gələcək ildə nə qədər mala və ya xidmətə ehtiyacı olacaq. Bunu bir il əvvəldən demək büdcənin qorunması üçün də vacibdir. Çünki təşkilatlar büdcədən ayrılan pulu il ərzində xərcləyə bilməyəndə, son noyabr-dekabr ayında sırf bu pulu xərcləmək üçün başlayırlar sağdan-soldan nəsə almağa. Çünki onlar bu pulu xərcləmədikləri təqdirdə növbəti ildə onlara büdcədən ayrılan pay azalır. Bu azalma olmasın deyə, pulu sözün həqiqi mənasında israf edirlər. Əgər hansısa təşkilata təcili nəsə alınması vacibdirsə, bunun təciliyyəti əsaslandırılmalıdır. Buna nəzarət əvvəllər Dövlət Satınalmalar Agentliyində idi, indi isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindir. Yəni bu qurum qarşısında əsaslandırma olmalıdır ki, hansı fövqəladə halın baş verməsi ilə əlaqədar təcili satınalma həyata keçirilir və bu qurumun təsdiqi ilə satınalma həyata keçirilməlidir”.

Fərhad Mehdiyev əlavə edib ki, digər problemli məsələ tenderlərin yarışma prinsipi ilə həyata keçirilməməsidir: “Açıq tenderlərin minimum kotirovkası olmalıdır. 2017-ci ildə satınalmaların 40 faizi birbaşa mənbədən satınalma ilə həyata keçirilib. Bu, çox yüksək bir faizdir. Halbuki qanunvericilik buna istisna hallarda icazə verir. Buna o vaxt gedilir ki, bir malın, yaxud xidmətin bazarda çox məhdud sayda tədarükçüsü olsun. Yəni həmin mal tapılmadığı, yaxud da təcili ehtiyac yarandığı hallarda mümkün ola bilər.

Bizdə isə satınalmaların böyük hissəsi təcili şəkildə həyata keçirilir. Məsələn, Mərkəzi Seçki Komissiyası 12 aprel tarixində səsvermə otağına 2 gözlü səsvermə kabinasının hazırlanması və çatdırılmasının təkliflər sorğusu üsulu ilə satın alınmasının həyata keçirilməsi barədə elan verib. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 16.04.2019 16:00 tarixinədək qəbul olunur. Halbuki tələb olunan prosedurların 4 gün ərzində həyata keçirilməsi mümkünsüzdür.

Yaxud da Gəncə Dövlət Aqrar Universiteti aprelin 12-si kotirovka sorğusu elan edib. Universitetin bəzi müəssisələrin qazlaşdırılması ilə bağlı aprelin 12-də verilən elanda sənədlərin son qəbul tarixi kimi yenə aprelin 12-si göstərilib.

Görünən odur ki, qanunsuzluğu gizlətməyə heç ehtiyac görmürlər? Bu nə cəzasızlıqdır? Ona görə də demək olur ki, tender məsələlərində tam şəffaflıq, hesabatlılıq yoxdur və bu korrupsiyaya səbəb olan hallardandır. Nəticədə hər il milyardlarla pul havaya sovrulur. Burada “otkad” məsələlərinin olduğu da hamıya məlumdur. Bir də baxırsan ki, yeni yaradılmış, əvvəl bu sahədə heç bir təcrübəsi olmayan bir şirkət tender qalibi çıxır”.

Hüquqşünas vurğulayıb ki, bu neqativ halların qarşısının alınmasının ən yaxşı yolu elektron satınalmaların həyata keçirilməsidir. “Bu halda artıq tenderi hansısa icra hakimiyyəti keçirməyəcək, o, yalnız sifarişi verəcək. İnternet üzərindən satınalmaların əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tender qalibini insan deyil, proqram seçir. Yəni müəyyən komponentlərə - keyfiyyət, qiymət və sairə görə müəyyən ballar verilir və tenderin bağlandığı saatda ən yüksək bala sahib olan şirkət tenderi qazanmış hesab edilir. Dünyanın bir çox ölkəsində tender bu şəkildə həyata keçirilir”, – deyə Fərhad Mehdiyev bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.