YAP üzvü müxalifətçinin 14 yaşlı qızına hücum edib

18-04-2019, 09:11   
 

Zümrüd Yağmur: ''Tural Qarayev Sanayı aprelin 16-dan izləyirmiş''
Aprelin 17-də YAP-ın Suraxanı rayon təşkilatının üzvü Tural Qarayevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sanay Yağmura hücum etdiyi bildirilir.
Sanay Yağmurun sosial şəbəkələrdə yaydığı məlumata görə, Tural Qarayev onu təhqir edib və ona qarşı fiziki güc işlədib.
Zərərçəkənin anası, yazıçı Zümrüd Yağmurun Meydan TV-yə verdiyi məlumata görə, hazırda Sanay Yağmur Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsində izahat verir.
Zümrüd Yağmurun sözlərinə görə, Tural Qarayevin özbaşınalığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırlayıb, eyni zamanda vəkillə məsləhətləşmələr aparır.
Anası deyir ki, Tural Qarayev qızı Sanay Yağmuru aprelin 16-da da izləyirmiş:
“Dünən Tural Qarayev Sanayı dərsdən çıxanda izləyirmiş, sonra uşaq dükanların birinə girib onu itirmək istəyib. Amma bir az sonra dükandan çıxıb yolu keçərkən boz rəngdə avtomobil onun qarşısında dayanıb, yaxşı ki, Sanay tez ordan uzaqlaşıb. Doğrusu, intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı paylaşımı üzündən Sanaya təhdid vardı, amma bu dərəcədə olacağına inanmırdım. Aprelin 16-da Sanayın izlənməsini də ictimailəşdirmədim, çünki bu həddə davam edəcəyi ağlıma gəlməzdi”.
Z.Yağmur bildirib ki, bugünkü hadisə metronun “Elmlər Akademiyası” tərəfdə, saat 17 radələrində olub. Həmin vaxt yeniyetmə ingilis dili kursundan çıxıb, yanında rəfiqəsi olub, səkini keçəndə Tural Qarayev hücum edib, əvvəlcə söyüb, sonra vurub:
“Tural Qarayev uşağa hədə-qorxu gələrkən prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adını çəkib, onlardan üzr istəməsini tələb edirdi. Tural Qarayev eyni zamanda Elina Hacıyevanın adını çəkib uşağı hədələyib ki, niyə “event” təşkil edibsiniz?!”
Zümrüd Yağmur media vasitəsilə ölkə prezidentinə və xanımına müraciət edib:
“Əgər ölkə başçısı və onun xanımının adı çəkilərək küçədə 14 yaşlı uşaqlar döyülürsə, deməli, nələrisə doğru etmirsiniz ki, belə özbaşınalıqlar olur. Bir məqamı da xatırladım, Bakı Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov Qiyas İbrahimlə görüşəndə ona xəbərdarlıq etmişdi ki, Heydər Əliyevə qarşı sərt paylaşımlar etsən, hakimiyyətin fanatikləri sizi küçədə döyəndə, biz müdaxilə edə bilməyəcəyik. Nə baş verir, deməli, trolları küçələrə çıxarırlar?”
Tural Qarayev hərəkəti ilə bağlı heç bir açıqlama vermir. O, sosial şəbəkədə əleyhinə yazanları “Qərbin maşaları” adlandırıb, özünü vətənpərvər, “dövlətçilik naminə ölümə də hazır” şəxs kimi təqdim edib.
Tanıyanlar isə Tural Qarayevin əqli qüsurlu olduğunu iddia edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.