Bərzani: «Mosulun İŞİD tərəfindən işğalından bir neçə ay əvvəl Malikiyə xəbərdarlıq etdim, ciddi qarşılamadı...»
İraqın Hərbi Hava Qüvvələri Iraq-Şam Islam Dövləti (IŞID) terror təşkilatının yaraqlılarının işğal etdiyi Bayji şəhərinə aviazərbələr endirib. Qərb mətbuatının yazdığına görə, Salah-əd-Din vilayətinə endirilən hava zərbələri nəticəsində 19 nəfər ölüb, 17-si isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir. Məlumata görə, aviazərbələr nəticəsində xəsarət alanlar arasında yerli sakinlər də var. Iraq mətbuatı xəbər verir ki, hava zərbələri nəticəsində 40 nəfər yaraqlı məhv edilib.
İŞİD şiələrin müqəddəs türbəsini havaya uçurdu
IŞID əsas hədəflərindən birinin şiələr və onların müqəddəs ziyarətgahları, o cümlədən Kərbəla olduğunu bəyan edib. Bu baxımdan, yaraqlılar Suriya və Iraqda xüsusən şiələrə məxsus müqəddəs məkanlara hücumu davam etdirir. “Musavat.com”un məlumatına görə, dağıdılan növbəti ziyarətgahlardan biri Suriyanın Rakka kəndindəki Veysəl Karani türbəsi olub.
ABŞ İŞİD-ə vaxt qoydu
ABŞ dövlət katibi Con Kerri Iraqın Kürdüstan vilayətində səfərdədir. Kürdüstanda Kerri Muxtar vilayətin üç regionunun rəsmilərilə görüşmək niyyətindədir. Kerri dünən ölkədəki böhranın aradan qaldırılması məqsədilə Iraqın baş naziri Nuri əl-Maliki ilə danışıqlar aparıb.
Bu arada, o da məlum olub ki, terrorçular ölkənin ən böyük neftayırma zavodlarından birini ələ keçirib.
“Əl Ərəbiyə” telekanalı xəbər verir ki, IŞID zavoda hücum edərkən Iraq ordusunun əsgərləri silahlarını yerə qoyaraq qaçıblar. Bir neçə hərbçi isə terrorçulara əsir düşüb. IŞID bundan əvvəl zavoda 3 dəfə hücum etmişdi. Lakin Iraq ordusu hücumları dəf edə bilmişdi.
ABŞ-ı tərifləyən Bərzanidən kürdlərin müstəqillik anonsu
Iraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) sədri Məsud Bərzani CNN-ə müsahibə verib. “Virtualaz.org”un məlumatına görə, o, müsahibəsində bildirib ki, artıq Iraqın parçalanmaması mümkünsüzdür: “Çünki indi Iraqda müşahidə etdiyimiz vəziyyət bu şəkildə davam edə bilməyəcəyimizi göstərir. Bugünkü Iraq bildiyimiz və yaşadığımız iki həftə əvvəlki Iraqdan fərqlidir”.
Bərzani “Iraqlı kürdlərin uzun zamandır xəyalını qurduqları öz müqəddəratını təyin etmə və müstəqillik qərarının vaxtı gəldimi?” sualına cavabında isə bunları deyib: “Son 10 ildir yeni və demokratik bir Iraq yaratmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, bu cəhd uğurlu olmadı. Iraqdakı son vəziyyətlərdən sonra kürd xalqının öz gələcəyini təyin etməsi üçün yaranan bu fürsəti qiymətləndirməsinin lazım olduğunu düşünürəm”.
Iraq kürdləri olaraq müstəqillik tələbi ilə çıxış etmələrinə gəlincə isə Bərzani deyib ki, artıq kürd xalqının gələcəyini təyin etməyin vaxtı çatıb: “Biz də kürd xalqının qərarı nə olarsa, onu dəstəkləyəcəyik”.
Iraq kürdlərinin müstəqilliyini elan etməsi üçün referendumun keçirilib-keçirilməyəcəyindən də danışan Bərzani deyib ki, Iraq kürdləri artıq bir dəfə referendum keçirib: “Bir neçə il əvvəl bir referendum keçirildi. Lakin rəsmi deyildi. Bölgədəki digər ölkələrdən fərqli olaraq, doğru bir nəticə alındı. Xalqın 90 faizi müstəqilliyin elan edilməsini dəstəklədi. Indi isə lazım olarsa, yenidən referendum keçirə bilərik”.
Iraq kürdlərinin müstəqillik elan etməsi ilə Iraq dövlətinin dağılması ehtimalına toxunan Bərzani indiyə qədər ölkənin birliyinin qorunması üçün kürdlərin daha çox çalışdığını deyib: “2003-cü ildə Iraqda rejimin yıxılmasından sonra Iraqın birliyini və bütövlüyünü biz kürdlər qoruduq. Son on ildir bu işi biz etdik. Lakin indi Iraq dağılır. Mərkəzi hökumət hər şeyin üzərindəki idarəsini itirir. Ordu, polis və hər şey dağılır. Bu an IŞID-in ortaya çıxdığına şahid oluruq. Biz IŞID-lə çox uzun bir sərhədi paylaşırıq. Bu, bizim günahımız deyil, Iraqın çöküşünə biz səbəb olmadıq”.
Hazırda IŞID-lə savaşmadıqlarını deyən Bərzani Iraqın baş naziri Nuri əl-Malikiyə IŞID-lə savaşda dəstək ola biləcəklərini söylədiklərini bildirib.
Bərzani bu təkliflərinin əl-Maliki tərəfindən qəbul edilmədiyini deyib: “Baş nazir bizdən kömək istəmədi. Əksinə, kömək təklifimizi rədd etdi. Biz bu an Kürdüstanın IŞID və ya digər hər kəsdən qoruyuruq. Sərhədə yaxınlaşan hər kəslə döyüşərik. Terrorçularla döyüşmək vəzifəsinin icrasında tərəddüd etmərik. Lakin önümüzdə açıq bir gələcək olmadıqca, siyasi həll yolları mümkün olmadıqca döyüşməyəcəyik”.
Bərzani IŞID-in Mosula girməsindən uzun zaman əvvəl Iraqın baş naziri Malikiyə xəbərdarlıq etdiyini deyib: “Baş nazir Malikiyə xəbərdarlıq etdim. Mosulun IŞID tərəfindən işğalından bir neçə gün deyil, bir neçə ay əvvəl də xəbərdarlıq etdim. Amma ciddi qəbul etmədi. Bu mövzuda şahidlərim də var. Sünni bölgələrində yaşayan xalq Iraqın mərkəzi hökumətinin siyasətinə qarşı üsyan etdi. Yaşanan hər şey IŞID tərəfindən edilmədi. Lakin IŞID bu fürsəti qiymətləndirib idarəçiliyi ələ keçirmək istəyir. Region xalqı da fürsəti qiymətləndirmək istəyirdi. Bütün bu baş verənlər əslində, hökumətin səhv siyasətinin nəticəsidir. IŞID də fürsəti qiymətləndirdi”.
Bərzani müsahibəsinin sonunda ABŞ-ın Iraq üçün etdiklərini müsbət qiymətləndirib. ABŞ-a etdiyi köməklərə görə təşəkkür edən Bərzani ABŞ-ın bütün iraqlılara demokratik və müasir dövlət qurmaq üçün şans verdiyini deyib.
İŞİD-in yeni başkəsmə görüntüləri yayıldı
IŞID Iraq hərbi qüvvələri arasında gedən döyüşlərdə IŞID-in tərkibində vuruşan azərbaycanlılar öldürülüb. “Axar.az” xəbər verir ki, videoda terrorçuların pusquya düşdüyü anlar görüntüləri yayılıb. Orada azərbaycanlı döyüşçülərin ana dilində dediyi sözlər də eşidilir.
Bundan başqa, sosial şəbəkələrdə IŞID-in yeni başkəsmə görüntüləri yerləşdirilib.
Türkiyədə İŞİD mağazası açıldı
Türkiyənin Bağcılar bölgəsində açılan “IŞID Store”da yalnız şəriət geyimləri satılır. Mağazada cihadçı IŞID-in bayrağı olan köynəklər də satışa çıxarılıb.
Yalnız şəriətə uyğun qadın paltarlarlarının satıldığı mağazada IŞID bayraqları da ala bilərsiniz. Mağazanın girişində isə “Əhzab” surəsinin türkcə tərcüməsi yazılıb. Dükanın adından başqa bütün yazılar ərəbcədir.
Mühafizəkar əhalinin sıx olduğu Bağcılarda IŞID bayrağının olduğu köynəklər “Peyğəmbər Əfəndimizin möhürü” deyə təqdim edilərək alıcılara satılır.
IŞID mağazalarını Türkiyənin bir çox bölgəsində açılacağı haqda məlumatlar da yayılıb.
Hələlik yalnız qadınlara xidmət edən mağazada IŞID-in Mosulda qoyduğu qaydalara uyğun geyimlər satılır. Vitrində dayanan manekenə geydirilmiş çarşab yalnız gözlərin görünə biləcəyi şəkildə dizayn edilib. Mağazada satılan köynəklərin hər birində ərəbcə ayə və sözlər yazılıb.