“Əgər müqəddəs ziyarətgahlara hər hansı təhlükə olduğu zaman İran müdaxilə etməsə, şiələr arasında bir dövlət kimi nüfuzunu itirmiş olacaq”.
Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu İŞİD-i Qərbin dəstəkləməsi ilə bağlı bir sıra ekspertlərin səsləndirdiyi fikirləri şərh edərkən söyləyib.
O, ərəb ölkələrinin Qərbə artıq əvvəlki kimi etimad göstərmədiklərini bildirib:
"Qərb İŞİD-in arxasında dayanır" fikri, sadəcə, ona qarşı yönəlmiş kampaniyadır. İraqda Nuri əl-Maliki hakimiyyətini terrorçuların əli ilə devirmək və onları hakimiyyətə gətirmək Qərbin nəyinə lazımdır? Hər kəs yaxşı bilir ki, terrorçularla əlaqənin sonu müharibədir. Bizim özümüzə yaxşı bəllidir ki, bu terrorçular sonda hər zaman Qərbin özünü nişan alıblar. Məsələ ondadır ki, bir çox ekspertlər keçmiş hadisələri şərh edərkən köhnə geosiyasi təfəkkürə əsaslanaraq fikir söyləyirlər. Artıq Qərblə Körfəz ölkələri arasında bir çox ziddiyyətlər yaranıb. Bunun başlıca səbəbi onun İranla əməkdaşlığıdır. Ona görə də hər şey bu iddianın yanlışlığından irəli gəlir. Bir şey aydın olmalıdır ki, ərəb ölkələri artıq əvvəlki kimi Qərbə etimad göstərmirlər”.
Politoloq Körfəz ölkələrinin İŞİD-i dəstəkləyən əsas qüvvə olduqlarını söyləyib:
“İŞİD-in arxasında duranları başqa yerdə axtarmaq lazımdır. Biz müşahidə edə bilərik ki, İŞİD-in fəaliyyəti Körfəz ölkələrini narahat etmir. Necə olur ki, bu okeanın o tayındakı ABŞ-ı, Avropanı və İranı narahat edir, amma ərəb ölkələri bu dəqiqəyə qədər heç nəyə reaksiya verməyiblər. Digər bir tərəfdən isə Obama administrasiyası yeni müharibələrin aparılmasını dəstəkləmir. Ona görə də o, yenidən İraqa hücum etmək niyyətində deyil. Səbəb bayaq dediyimdir. Sonda İraq, İran, Türkiyə və digərləri kənarda qalacaq. Əsas hücum hədəfi ABŞ olacaq. Onun diplomatları, bazaları və sairə hədəfə çevriləcək. Amma eyni zamanda Con Kerri bölgədə səfərdə oldu və İraqın Xarici İşlər nazirinin müavini ilə görüşdü. Bu isə ABŞ-ın məsələyə laqeyd yanaşmadığını göstərir”.
Ə.Oruclu İŞİD-in ərəb ölkələri tərəfindən dəstəklənməsinin əsasən bölgədə gərginlik yaratmağa xidmət etdiyini deyib:
“Güman etmirəm ki, İŞİD-in arxasında Qərb dayansın. Sadəcə olaraq, bu maraqlar onu təmin eləmir. Başqa dövlətlər var ki, bölgədə gərginlik onların marağındadır. Məsələn, ABŞ-İran münasibətlərini korlamaq, İranı müharibəyə cəlb etmək bunun tərkibinə daxil ola bilər. Ona görə də bu, daha doğru ehtimaldır. Təsəvvür edin ki, İŞİD daha çox müqəddəs ziyarətgahların olduğu şəhərləri hədəfə almağa başlayıb. Bu, heç təsadüfi deyil. Bunu planlaşdıranlar anlayırlar ki, İran belə məsələlərə laqeyd qala bilməyəcək. Əgər hər hansı təhlükə olduğu zaman İran müdaxilə etməsə, şiələr arasında bir dövlət kimi nüfuzunu itirmiş olacaq. O ki qaldı terrorçu təşkilat, ərəb ölkələri və ABŞ adlanan sxemə, onu deyə bilərəm ki, belə bir şey artıq yoxdur”.