Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Demokratiyadan daha bir addım geri...”

25-06-2014, 13:11   
“Demokratiyadan daha bir addım geri...”«The Guardian»da Azərbaycanın məhkəmə sistemi barədə məqalədə Andlılar institutundan imtina belə qiymətləndirilir

Böyük Britaniyanın “The Guardian” qəzeti Azərbaycanın məhkəmə sistemində baş verənlər barədə məqalə dərc edib. “Azərbaycan Andlılar Məhkəməsindən imtina etdi” başlıqlı məqalədə göstərilir ki, Azərbaycan hökuməti məhkəmə sistemini nəzarətindən buraxmamaq üçün nəinki Andlılar institutunun tətbiqinə imkan vermədi, ümumiyyətlə, bu məsələni qanunvericilikdən çıxartdı. Məqalənin tərcüməsini təqdim edirik:

***

Azərbaycan hökuməti uzun müddət Andlılar Məhkəməsinin tətbiqi ideyası ilə oynayandan sonra indi bu ideyanı ümumiyyətlə, kənara atdı.

Əsas dəyəri insan haqları olan Avropa Şurası kimi bir təşkilatın Nazirlər Komitəsinə sədrlik edən ölkədə Andlılar Məhkəməsinin tətbiqinin lazım olub-olmaması məsələsi müzakirə olunurdu. Ötən həftə bu məsələ ilə bağlı qərar qəbul edən hökumət tərəfdarları iddia edir ki, sıravi vətəndaşların Andlılar Məhkəməsi funksiyasını yerinə yetirə bilməsi üçün yetərincə hüquqi biliklərə malik deyil. Tənqidçilər isə bu fikrə etiraz edirlər. Onlar hesab edir ki, Azərbaycan hökuməti məhkəmə sistemini əlindən buraxmaq istəmir.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Əli Hüseynli deyib ki, o, Andlılar məhkəməsi institutunu özünün də yaşadığı bu keçmiş sovet respublikasında işləməyəcək Qərb fenomeni kimi görür.

“Andlılar əsasən hüquq təhsili olmayan insanlardan ibarət olur. Ona görə də bir çox hallarda hüquqi qərarlar verə bilmirlər”, - deyə Əli Hüseynli bildirib. Onun sözlərinə görə, digər deputat həmkarları da “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edərək, Andlılar institutu ilə bağlı məsələnin qanundan çıxarılmasının tərəfdarı olublar.

Əli Hüseynli deyir ki, müzakirələr zamanı prokurorluq təmsilçiləri də Andlılar məhkəməsinin Azərbaycanda tətbiqinin əleyhinə çıxıblar.

Tənqidçilər isə deyir ki, əsl problem başqadır. Andlılar məhkəməsi institutunun tətbiqi, prosesdə andlı iclasçıların iştirakı prokurorları daha çox işləməyə, məhkəmələri daha müstəqil olmağa vadar edəcəkdi.

“Azərbaycan məhkəmələrində andlılar institutunun tətbiqinə başlansaydı, hakimlərin siyasi sifariş əsasında həbs olunmuş vətəndaşlar barəsində ədalətsiz qərarlar verməsi praktikasına son qoyula bilərdi”, - deyə vəkil Namizəd Səfərov “contact.az”a bildirib.

Bu institutun qanunvericilikdən çıxarılmasına gəlincə, vəkil bunu “demokratiyadan daha bir addım uzaqlaşmaq” kimi qiymətləndirir.

Fərqli fikirli adamların, xüsusən jurnalistlər və ictimai fəalların təqib olunması baxımından Azərbaycanın nüfuzu çox pisdir. Təkcə bu il ölkədə xeyli həbs və hökmlər dalğası yaşandı ki, beynəlxalq təşkilatlar bunu Ilham Əliyev hökumətini tənqid edənlərə qarşı repressiyalar kimi dəyərləndirir.

Hakimiyyət iddia edir ki, Azərbaycanda son 20 ildə məhkəmə sistemində xeyli islahatlar aparılıb. Buna misal olaraq, məhkəmə hakimlərinin bir neçə mərhələli seçimini göstərir.(azadlıq.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar