Eks-baş nazir onların təyinatı haqda danışdı
İyunun 23-də vəfat edən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev tarix üçün çox maraqlı adam idi. O, 1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi vəzifəsində işləyib.
1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. A.Vəliyevi şəriksiz olaraq indiki iqtidarda eyni vəzifədə ən çox işləyən məmur saymaq olar. O, hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında hamını qabaqlayır. Ramiz Mehdiyevi, Artur Rasizadəni, Ramil Usubovu və digərlərini.
Və maraqlıdır ki, A.Vəliyevi Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə mərhum eks-prezident Əbülfəz Elçibəy təyin edib. 1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra da o, vəzifəsində saxlanılıb.
Elçibəydən sonra iki dəfə Azərbaycanın növbəti prezidenti olmuş mərhum Heydər Əliyev hər iki dönəmdə A.Vəliyevə etimad göstərib. Hazırkı dövlət başçısı İlham Əliyev də hər iki dəfə seçildiyi prezidentlik dövründə onu vəzifəsində saxlayıb.
Elçibəy dövründə vəzifədə olmuş və bu gün də indiki iqtidarda təmsil olunan təkcə A.Vəliyev deyil. Eyni zamanda Su və Meliorasiya ASC-nin rəhbəri Əhməd Əhmədzadə və Mərkəzi Bankın sədri Elman Rüstəmovu da göstərmək olar.
AXC iqtidarı dövründə baş nazir olmuş Pənah Hüseyn hər üç məmur haqda fikirlərini “Yeni Müsavat”la bölüşdü. P.Hüseyn qeyd etdi ki, A.Vəliyevlə xüsusi münasibəti olmayıb: “Həmin dövrdə AXC-nin dayaq dəstələri var idi. O dəstənin üzvü idi. Tövsiyə olundu və vəzifəyə təyin edildi. Məlumatlı bir mütəxəssis olub. Ancaq Arif Vəliyevlə xüsusi bir münasibətimiz olmayıb”.
E.Rüstəmova gəlincə, P.Hüseynin sözlərinə görə, Elçibəy hökuməti vaxtında müavin vəzifəsində işləyib: “Milli Bankın sədr müavini idi. Bizim vaxtımızda sədr olmayıb. Sonra xaricə hazırlığa göndərildi. Milli Bankın sədri Cavanşir Abdullayev idi. Elman Rüstəmovla da şəxsi tanışlıq olmayıb”.
Sabiq baş nazir Əhməd Əhmədzadənin vəzifəyə təyin olunmasında isə İmam Mustafayevin rolu olduğunu qeyd etdi: “Əhmədzadənin İmam Mustafayevlə qohumluğu var idi. Onun adını prezidentlə görüşdə çəkmişdi. Elçibəyin yanında onun haqqında danışmışdı.Onun təyinatında İmam Mustafayevin rolu olub”.