DİASPORAMIZIN QANDALLARI… – Fuad Abbasova kimlər sahib çıxmalı idi?

23-05-2019, 21:03   

 



Moskvada azərbaycanlı jurnalist Fuad Abbasovun başına gətirilənlər bir tərəfdən Rusiyadan mədəd umanların, onun ətəyindən bərk-bərk yapışanların ağzının üstünə vurulan tərs şapalaq oldusa, digər tərəfdən də Azərbaycanın rəsmi xarici siyasət və diaspora qurumlarının, Rusiyada yaşayan milyarder həmyerlilərimizin, eləcə də jurnalist təşkilatlarının nə qədər aciz və asılı durumda olduğunu göstərdi.
Vəziyyət o yerə çatdı ki, öz zəifliyini, yazıqlığını hər cür bəhanələrlə gizlətməyə çalışanlar sözügedən jurnalistə müxtəlif “vedrələr bağlamağa”, “təxribatçı”, “agent”, “fırıldaqçı” və sair adlar qoymağa başladılar. Bəzi rusdilli “vətənpərvər” saytlarımız isə Rusiya hüquq-mühafizə orqanlarının hərəkətlərinə haqq qazandıracaq qədər endilər – ruslar buna “опустился ниже плинтуса” deyirlər…
Əlbəttə ki, F.Abbasov cəmiyyətimizə yalnız Rusiyadakı fəaliyyəti ilə tanışdır. Onu yaxından tanımaya bilərik, hətta hansısa qaranlıq məqsədlərə xidmət etdiyinə, hansısa qüvvələrin alətinə çevrilib-çevrilmədiyinə dair şübhələrimiz də ola bilər. Ancaq bu, heç kimə əsas vermir ki, ən azından rus telekanallarında pis-yaxşı mövqeyimizi müdafiə edən, kifayət qədər xidmətləri olan və damarında azərbaycanlı qanı axan bir jurnalist barədə heç bir sübut, fakt olmadan neqativ fikir yaratmağa çalışsın və az qala onun bu cür həbsinə, aşağılanmasına, təhqir edilməsinə haqq qazandırsın.

Diasporla İş üzrə Dövlət Komitəsi yenə hara “qeyb olub?”


Axı söhbət məişət zəminində hansısa qatı cinayət törətmiş şəxsdən, yaxud doğrudan da xalqımıza, millətimizə başucalığı gətirməyən hansısa əməlin sahibindən yox, Azərbaycana heç də dost olmayan münasibətin hökm sürdüyü bir ölkədə, mühitdə ölkəmizin və millətimizin mənafelərini müdafiə etməyə çalışan bir jurnalistdən gedir. Bəs hanı bu ölkənin xarici siyasət idarəsi, hanı diaspora təşkilatları, hanı adını Diaspora ilə İş üzrə Dövlət Komitəsi qoyduğumuz qurum?Əgər bir komitə özü bütövlükdə bir jurnalistin təklikdə gördüyü işi görə bilmirsə, bu da bir yana, heç olmasa imkanları daxilində onu müdafiə edə bilmirsə, kimə və nəyə lazımdır? Əslində, o jurnalistin qoluna vurulan qandalın qat-qat yekəsi bizim əlaqədar qurumların qollarında par-par yanır. Ortada nə bir etiraz, nə bir bəyanat, nə də ümumiyyətlə tərpəniş var. Biz hələ F.Abbasovun saxlanması ilə bağlı Rusiya paytaxtında hər hansı xırda da olsa aksiyanın, etirazın təşkilindən danışmırıq, çünki yoxdur belə bir şey!
Təkcə onu xatırlatmaq kifayətdir ki, bir müddət əvvəl Rusiyada azərbaycanlılarla çeçenlər arasında təşkil olunan təxribatın qarşısına çıxan, bu prosesi dayandırmağa çalışanlardan ən fəalı F.Abbasov oldu. Elə o vaxt da XİN, Diaspora ilə İş üzrə Dövlət Komitəsi sanki harasa qeyb olmuşdular. Bir diaspora, bir qurum ki, ermənilərlə qaynayıb-qarışan hansısa bir Ağadadaşla bacarmır, daha nə deyəsən?

Hanı abbasovlar, xəlilovlar, ağalarovlar, sadıqovlar?…


Bir anlıq təsəvvür edin ki, bu hadisə hansısa erməni jurnalistin başına gətirilib. Bu dəqiqə səfirdən tutmuş diaspora fəallarına, erməni politoloqlarından tutmuş müğənnilərinə, aktyorlarına, rəssamlarına, varlı iş adamlarına qədər, hamısı tökülüşmüşdülər müvafiq qurumların önünə, bəyanatların, etirazların ardı-arası kəsilmirdi. Ermənilər indi Rusiya telekanallarının birinə girib, o birisindən çıxırdılar. Bəs bizimkilər hanı? Polad Bülbüloğlunun səfirliyi quru, standart açıqlama verib, bir də hansısa sıravi əməkdaşı səviyyəsində F.Abbasova ayaqüstü baş çəkib, sanki canını qurtardı.
Bəs, hanı bizim hər seçki qabağı Moskvanın tütəyinə oynayaraq, fəallaşan milyarderlər, hanı özünü az qala Rusiyada yaşayan azərbaycanlıların atası qismində görən, Putinin dostu sayılan, bütün hüquq-mühafizə orqanlarında əlaqələri olan İlham Rəhimov? Guya Ramil Səfərovu Rumıniyadan gətizdirən Rəhimov az qala ikinci vətəni sayılan Rusiyada adi bir jurnalisti həbsdən, təqibdən, təhqirdən, nəhayət, deportasiyadan qoruya bilməzdimi? Bu zat-alilərinin azərbaycanlı jurnalistin haqq və hüquqlarına sahib çıxmasına nə mane olurdu görəsən?

Ümumiyyətlə, özlərini Rusiyada nüfuz sahibi kimi göstərən imkanlılarımızdan kimsə indiyə qədər Rusiya televiziyalarında, məsələn, Vladimir Solovyov kimi Azərbaycana qarşı ağzından üfunət tökülən, ermənilərdən tula payı, yal alan aparıcıların qarşısına çıxaracaq jurnalist, politoloq tapmaq, onu tanıtmaq, maliyyələşdirmək fikrində olublarmı? Əlbəttə ki, yox. Hanı bu milyarderlər – abbasovlar, xəlilovlar, ağalarovlar, sadıqovlar və sair?
Hələlik heç bir sübut olmadığından, F.Abbasovun kimin sifarişilə həbs olunmasını söyləyə bilmərik. Bilmirik bunu kim təşkil edib. Burada ermənilərdən tutmuş erməni qohumluğu olan diaspor başçısına qədər, çoxlarının adı hallandırılır. Ancaq onu deyə bilərik ki, kimliyindən asılı olmayaraq, öz jurnalist həmvətənini qandalladan, bu cür aşağıladan birisinin nəinki diaspor rəhbəri, heç azərbaycanlı adını daşımağa haqqı yoxdur.
Əgər doğrudan bu işin arxasından sapı özümüzdən olan baltalar çıxacaqsa, onda vay bu millətin halına.
Deputat Çingiz Qənizadənin F.Abbasovun həbsilə bağlı açıqlaması var. Təəssüf ki, onun dedikləri tam həqiqətdir: “Mən oradakı həmkarlarımızın bəzilərinin, eləcə də diaspora təşkilatlarının rəhbərlərinin fikirləri ilə tanışam və onlarla söhbət zamanı Fuad Abbasova qarşı münasibətin birmənalı olmadığını görürdüm. Ona qarşı qısqanclıq var idi. Aktiv fəaliyyətinə, hadisələrə çevik münasibətinə qısqanclıqla yanaşırdılar. Bu da bizim problemimizdir…”
Cəlal MƏMMƏDOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar