Əbülhəsən Abbasov,Fəlsəfə elmləri doktoru, professorQəribədir, xırdalı-irili arzularımızı ödəmək, taleyüklü problemlərimizi həll etmək üçün Allahdan imdad diləyirik, Yer üzünün hökmdarı olan ABŞ-dan, yüzilliklərin ara qarışdırıb, ilmə vuran Britaniyasından, başdan-ayağa bürokratikləşmiş, bədxassəli şişə bənzəyən Avropa İttifaqından dəstək və yardım gözləyirik, hətta daxili məsələlərimizi, yəni, bizi abır-həyaya salmaq, ölçüləri tanıtdırmaq naminə mənəviyyatı çoxdan qıcqırıb-köpüklənən Fransaya üz tuturuq, reveranslar etməkdən yorulmuruq, ancaq özümüzə bir qramlıq əziyyət verib, nəyin vacib olduğunu anlamaq, hansı işlərin zəruriliyini və necə görülməsini bilmək istəmirik.Əməli-praktiki fəaliyyət bir yana qalsın, düşüncəmizi öz bataqlığında boğan “konfort aləmi”ndən xilas etmək istəmirik. Konfort aləmində elə kef, ləzzət tutmaqdayıq ki, mənasız-məzmunsuz iclaslar, festivallar, seminar və konfranslar keçirməkdəyik.
Arabir ermənini söyməyi, rusu-farsı qılınclamağı, “gələn il Cıdır düzündə bayramlaşmanı” da özümüzə peşə etmişik. Düşüncə və əməlin ilişib qaldığı
“konfort aləmi” məhz bunu tələb edir. Bu mənada biz ifrat dərəcəyə yüksəlmiş gedonizmin bariz daşıyıcılarıyıq. Aristipp və Epikur, etik nəzəriyyələrini yaradarkən, heç təsəvvür də edə bilməzdilər ki, minilliklər sonra kimlərsə
ifrat gedonizmi özlərinin həyat düsturuna çevirəcəklər, düşüncənin də, əməlin də başına daş salacaqlar!Hə, cənablar, bir halda ki, düşüncə və əməlin başı daş altındadır, deməli, başın özündə də qüsurlar az deyil. Xatalı baş, bədənin ehtiyaclarını ödəmək əvəzinə, özü bir problemə çevrilir.
Havayı yerə demirlər ki, insanı bədbəxt etmək üçün əvvəlcə onun ağlını əlindən almaq, yəni, zay etmək lazımdır. Zay ağıl – elə ağılsızlıq deməkdir.Ağılsızlığın sərəncamında olan canın canı çıxmalıdır, başqa cür necə ola bilər!?Ağılsızlığın ümumilik miqyası genişləndikcə, onun ucbatından təkcə ayrı-ayrı fərdlər yox, bütövlükdə cəmiyyətin canı çıxır.
Görmürsüz, vaxtilə bir kənddə bir-iki dəli olardı, indi isə bütöv bir rayonda bir ağıllı adama rast gəlmək müşgül məsələyə çevrilib.Söz deməyə, fikir söyləməyə bir Allah bəndəsi tapmırsan, boynubükük bənövşə tək solub, yox olmağını gözləyirsən. Ancaq hərdən, daxili bir məcburiyyət hesabına, danışmalı, yazmalı olursan –
bilə-bilə ki, “Jara”nın istiliyində, cazla muğamın kakafoniyasında, Yevrovijin ajiotajında, genderizm-feminizm qatmaqarışığında, şair və müğənnilərin, politoloq və siyasətçilərin bolluğunda heç səni eşidən, oxuyan da olmayacaq. Hər kəs öz “kayf cığırı” ilə gedir, durub, yaxasından yapışası deyilsən ki. Neynəyəsən, yazmalı olursan, özü də nədən –
fəlsəfədən!İctimai şüurun xüsusi forması olan fəlsəfə öz idraki gücünə və refleksiya fəzasına görə bütün elmlərdən köklü surətdə fərqlənir. Tədqiqat obyektlərinin çoxçeşidliyi və əhatəliyi baxımından fəlsəfəni universal elm kimi fərqləndirə bilərik. Təsadüfi deyildir ki, bəzən fəlsəfəni hər şey haqqında elm kimi səciyyələndirirlər. Onun təbiət və iştimai hadısələrindən tutmuş idraki proseslər, psixoloji və tarixi təfərrüatlar barədə açıqlamalar verməsi, fikir söyləməsi təbii sayılır. Mübahisə doğuran başqa məsələdir –
fəlsəfə milli ola bilərmi? Hətta bilavasitə fəlsəfə sahəsində çalışanlar arasında elə şəxslərə rast gəlmək olur ki, “milli fəlsəfə” ifadəsinin özünü belə qəbul etmirlər. Onların qənaətinə görə, fəlsəfə həmişə ümumbəşəri xarakter daşıyıb, heç vaxt milli olmayıb və fəlsəfəni milli kontekstdən səciyyələndirmək, deməli, onu dar çərçivəyə salmaq, təyinatını və statusunu təhrif etmək deməkdir.
Əlbəttə ki, belə mövqe ilə barışmaq düzgün olmazdı.Fikrimcə, fəlsəfənin təyinatı və statusu elə ilk növbədə onun milliliyi təkzib ediləndə, nəzərə alınmayanda təhrif olunur. Milli özəyi-özəli, milli koloriti olmayan “fəlsəfə” heç vaxt bəşəri əhəmiyyət daşıya bilməz, o, nə lokal və regional, nə də universal təqdimatda bir fayda gətirməz, əksinə, şərə və ziyana yol açar. Habelə, milli köklərdən məhrum, öz tarixi ənənələrindən xaric fəaliyyət göstərən “fəlsəfə” müasirliklə ayaqlaşa bilməz; müasir olmaq üçün əlləşər, ancaq ortaya dəyərli məhsul qoymaqda aciz qalar. Fəlsəfənin milliliyi onun beynəlmiləl, bəşəri olmasını zəiflətmir, əksinə, gücləndirir.
Yalnız milli ruhlu fəlsəfə bəşəri əhəmiyyətli, kamil və valehedici ola bilər, mütərəqqi inkişaf üçün dəyərli töhfə verər.Milli-irsi qidadan məhrumluq –
anadangəlmə şikəstlik əlamətidir, reallıqlar aləmində batıb-boğulmamaq naminə keçici dəblər, məcburi çırpıntılar, kənardan diktə edilən impulslarla yaşamaq deməkdir. Belə yaşamaq mənasız, deqradasiyalara yol açan həyatdır ki, çox vaxt müasirləşmə, modernləşmə, liberallaşma görüntüləri ilə ört-basdır edilir. Bəzən bu görüntüləri ekstravaqant hərəkət-davranışlarla, geyimlərlə, danışıq tərzi və leksikası ilə bəzəyirlər –
təki başqalarından fərqlənəsən, özünə diqqət çəkəsən.İndi bu cür yaşamaq bizim elm və mədəniyyət, ədəbiyyat və incəsənət, habelə fəlsəfəmiz üçün, bir növ, aparıcı həyat düsturuna çevrilib ki, doğurduğu çirkabda, üfunətli gölməçələrində həqiqi elmi də, mədəniyyət və mənəviyyatı da məhv etməkdədir.
Xüsusi sübuta ehtiyacı olmayan bir həyati həqiqət var:
milliliyi olmayan adam özünə hökm edərək kamilləşə bilməz, onun sosiallaşması durmadan artan qüsurlar vektoru üzrə cərəyan edər. Özünə hökm etməyi bacarmayan başqalarına da hökm etməkdə, təsir göstərməkdə aciz qalar.Fəlsəfə də belədir. Məsələn,
Hegel fəlsəfəsi ona görə böyük təsir gücünə malikdir və bəşəri əhəmiyyətlidir ki, onun yaradıcısı və bu fəlsəfənin özü
alman milliliyinin, alman ruhunun müfəssəl, parlaq ifadəsidir. Belə fəlsəfənin hökmdarların və yaxud hansısa siyasi düşərgənin köməyinə, sədəqəsinə, onların uzatdıqları qoltuq ağacına ehtiyacı olmur. Əsl fəlsəfənin
qüdrəti Herkulesin dəmir əmudunun gücündən üstün olur.
Bəli, möhtəşəm fəlsəfə ilk növbədə milliliyin məhsuludur və bu mahiyyətdə cəmiyyətin bütün həyat və fəaliyyət sahələrinə
(siyasətə, iqtisadiyyata, mədəni-mənəvi və sosial həyata) yüksək dərketmədən, inteqrativ fikir generasiyasından keçmiş millilik anlamı gətirir. Millilik, xüsusən siyasət və idarəetmədə, yalnız dərin fəlsəfi təqdimatda gözəldir və xeyirə işləyir. Fəlsəfi dərketmədən keçməyən, fəlsəfə tərəfindən yoğurulmamış milliliyin olmasından olmaması yaxşıdır.
Fəlsəfəsiz millilik kal, cır, cılız, özündən müştəbeh olur. Həqiqi qərarlaşma bloklarının, sütün və nöqtələrin yoxluğu səbəbindən belə millilik daxili tarazlıq və harmoniyadan məhrum olur, qeyri-adekvat, zəruri norma və ölçülərlə hesablaşa bilməyən fəaliyyətin mənbəyinə çevrilir. Aydındır ki, bu cür millilik, siyasətə və idarəetməyə gətirildikdə, böyük fəsadların, hətta fəlakətlərin baş verməsinə səbəb olur. Tarix dəfələrlə bunu sübut edib. Analoji qənaətləri biz din və fəlsəfə münasibətləri barədə söyləyə bilərik.
Fəlsəfəsiz din və möminlik, son nəticədə, fanatizmə, cəhalətə, tənəzzülə aparır.Həmin dahi filosof Hegel vaxtilə elə bu mövzuda da dəyərli fikirlər söyləyib, xəbərdarlıqlar edib. Məsələn, tarix fəlsəfəsi üzrə mühazirələrində islamı ətraflı nəzərdən keçirən Hegel islam monoteizmini alqışlayır və
“Şərqin inqilabı” adlandırır. Onun fikrincə,
“sadə vahidlik prinsipini” tərənnüm edən radikal islam monoteizmi poeziyanın və elmliliyin yüksək səviyyələrinə aparır. Sonralar isə islam monoteizmi tədricən fanatizmə və fatalizmə transformasiya edir, bu da ona görə baş verir ki, həmin vahidlik prinsipi içi boş formalizmə çevrilir və öz potensialından inanclı insanların azadlığı üçün istifadə etmir. Yəni, üzücü durumun dərin səbəbi sadə vahidlik prinsipinin fəlsəfi dərketmənin nəzarətindən və qayğısından çıxmasında, məzmun-mahiyyət konkretikasını itirməsindədir.
Bu günün mənzərəsinə nəzər salsaq görərik ki, həqiqətən də, müsəlman dünyası üzücü bir durumdadır və
bunun mühüm səbəblərindən biri aparıcı həyat və fəaliyyət sahələrinin, o cümlədən din, siyasət və idarəetmənin nəinki milli fəlsəfədən, ümumiyyətlə, professional fəlsəfədən uzaq düşməsindədir. Professional fəlsəfənin, sanki, ictimai həyat sahələrinə girişinə, müdaxiləsinə qadağa qoyulub.
Təsadüfi deyildir ki, son onilliklər ərzində ali məktəblərimizdə fəlsəfənin tədrisi olduqca zəiflədilib, elə bil ki, fəlsəfəyə qarşı hərtərəfli səlib yürüşü təşkil edilib. Hazırda, demək olar ki, ən sayğısız-qayğısız qalan sahə – fəlsəfədir, adam isə – filosofdur(söhbət, sadəcə, fəlsəfə üzrə dərəcə, diplom daşıyıcılarından getmir!).Artıq siyasətimiz də çoxdandır ki, bu mənfur
“fəlsəfəsiz həyat düsturu” ilə yaşayır. Daha dəqiq desək, bu düsturun törətdiyi fəsadlar, iyrəncliklər içərisində sürünür, milli maraqların ödənilməsi məcrasında heç bir fayda verməyən, durumu daha da dramatikləşdirən çırpıntılarla özünü nümayiş etdirir. Taleyüklü məsələlərə münasibətdə reallıqların mahiyyətilə, həqiqi səbəblərlə uzlaşan metodoloji yanaşmaların, qnoseoloji zəmin və vasitələrin, aksioloji tələblərin yoxluğu tam çılpaqlığı ilə özünü göstərir.
Siyasi diskussiyaların aparılması üçün idraki-təhlil müstəviləri adekvatlıq və obyektivlik tələblərini ödəmir, siyasi mülahizələrin generasiyası etibarlı fəlsəfi refleksiyaya və ümumiləşdirmələrə söykənmir.Ümumiyyətlə, deyərdim ki, siyasi fəaliyyət peşəkar fəlsəfədən kənar, konkret olaraq, hansısa epistemoloji paradiqmanı, zəruri fəlsəfi ideya və prinsipləri rəhbər tutmadan həyata keçirilir. Fəlsəfənin nə millisinə, nə də qeyri-millisinə müraciət belə sezilmir.
Bu səbəbdən də fəlsəfənin və filosofların ictimai-siyasi proseslərdə iştirakı olduqca cüzi və zəifdir. Əlbəttə ki, belə vəziyyətin yaranmasında fəlsəfə sahəsində çalışan tədqiqatçıların da öz günahları az deyil. Onların əksəriyyətini cərəyan edən ciddi proseslər, baş verən ictimai və qlobal hadisələr, sanki, heç narahat etmir, düşündürmür. Nəticədə də fəlsəfəsiz bir siyasi mühit, fəlsəfəyə ehtiyac duymayan siyasətçilər və politoloqlar konqlomeratı formalaşır.
Belə olduqda, kim zəmanət verə bilər ki, çıxarılacaq qərarlar, irəli sürüləcək təkliflər milli maraqlarımızın həyata keçirilməsinə, xalqın və dövlətin etbarlı gələcəyinə xidmət edəcək? Fəlsəfəsiz siyasət və idarəetmə, görəsən, indiyə qədər hansısa xalqı bəlalardan qurtarıb, ona xoşbəxtlik gətiribmi?! Məgər fəlsəfəsiz dərin mətləblərə, çox vaxt at qatlarda gizlənən səbəblərə varıb, mürəkkəb problemləri həll etmək mümkündürmü? Birmənalı deyərdim ki, yox! Bu qənaəti sübuta yetirmək üçün elə bizim öz tariximizdən, ictimai praktikamızdan kifayət qədər dəlillər gətirmək, misallar göstərmək olar.
Vurğulamaq istərdim: fəlsəfəsiz fəaliyyət, o cümlədən siyasi fəaliyyət o deməkdir ki, insan nəzəri və praktiki hərəkət müstəvilərində dünyagörüşü, metodoloji, qnoseoloji-məntiqi, aksioloji cəhətdən kamil deyil, lazımınca silahlanmayıb və deməli, varlıqların mahiyyətini dərk edib doğru-düzgün ontoloji mənzərəni yaratmaqda acizdir. Hansısa ontoloji təsəvvür varsa da belə, çox qüsurlu, qeyri-obyektiv, real həqiqətlərlə uzlaşmayan ola bilər. Təhrif olunmuş ontoloji müstəvi üzərində isə heç vaxt məhsuldar fikir generasiyası, problemlərin həllinə dair düzgün əqli nəticələrin çıxarılması mümkün deyil.
Vəziyyətin belə olmasını biz bu gün bir sıra ciddi, gündəlikdə duran aktual məsələlərə, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlıq və müttəfiqlik probleminə münasibətdə də görürük. Sözün düzü, bu mövzuda aparılan debat və diskusiyaların məzmun-mahiyyəti, başlıca vektorunun özü belə qaneedici deyil.Narahatçılıq üçün əsaslar çoxdur.
Belə davam edərsə, yaxın gələcəkdə dövlətimiz ağır problemlərlə üzləşə bilər. Hətta, deyərdim ki, mövcudluğu təhlükə altına düşər.Avropa İttifaqı ilə sazişlə bağlı siyasilərimizin təşkil etdikləri müxtəlif formatlı müzakirələr (səsləndirilən fikirlər, sərgilənən mövqelər baxımından) bunu deməyə əsas verir. Yenə də, sanki beyinlərə hakim kəsilmiş təfəkkür ətalətliyi üzrə, müzakirələrin ana xəttini
“demokratiya”, “insan haqları”, “liberal dəyərlər”, “siyasi məhbuslar” barədə əhəmiyyətsiz söz-söhbətlər təşkil edir.
Əsas və başlıca hədəflər, yəni,
millətin və dövlətin taleyi məsələsi, ərazilərimizin qeyd-şərtsiz işğaldan azad olunması, sərhədlərimizin toxunulmazlığı, dövlətimizin möhkəmləndirilməsi kimi problemlər lazımınca müzakirələrin gündəliyinə gətirilmir. Hətta Qarabağın işğaldan azad olunmasına dair vaxtilə qəbul edilmiş BMT qətnamələrinin birmənalı surətdə yerinə yetirilməsi imperativ bir şərt-tələb kimi qarşıya qoyulmur.
Belə olan halda, Avropa Birliyi ilə bağlanacaq saziş bizə bir ölkə və dövlət olaraq nə verə bilər? Düşünürəm ki, heç nə, konkret olaraq isə, yeni-yeni ziyanlar, gözlənilən və gözlənilməyən təhlükələr, hətta faciələr gətirər!Sağlam düşüncəli, vicdanlı hər bir kəs insan azadlıqlarına və ümumi rifaha təminat verən demokratiyaya, etibarlı və ədalətli dövlət idarəetmə formalarına qarşı deyil,
lakin “yaxşı olan”ın hamısını yalnız Qərbdən ummaq, fikrimcə, ən böyük səhvlərdən biridir. Son onilliklərin acı təcrübəsi də bunu açıqca göstərir:
biz Qərbə doğru daha çox cəhd etdikcə, bir o qədər normal həyat tərzindən, ədalətli ictimai münasibətlərdən, milli-mənəvi özəlliklərdən uzaqlaşırıq. Faktiki, əməkdaşlıq və müttəfiqlik adı ilə Qərblə siyasi və geosiyasi oyunlara girərək, irəliyə doğru yox, geriyə gedirik, üstəlik, olub-qalan milli ənənə və dəyərlərimizi, təbii və insani-intellektual sərvətlərimizi də itiririk. İtkilərimiz o qədərdir ki, artıq həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb.
Nəzərə almırıq ki, Qərbin hədəflər sistemində Azərbaycanı xoşbəxt etmək kimi məqsədi yoxdur və heç vaxt da olmayıb.Bəlkə, bir az düşünək, milli müqəddəratımızı, bütün gələcəyimizi xoş vədlərlə, şirnikləndirici başaldatmalarla öz yüzsifətli, yüzstandartlı siyasətini həyata keçirən Qərbin, dünyaya divan tutan qlobal kapitalist oliqarxatının sərəncamına verməyək. Dərk edək ki,
transmilli korporasiya və şirkətlər vasitəsilə bəşəriyyətin qanını-iliyini soran, dünya xalqlarının sərvətlərini sümürən
həmin bu sələmçi-spekulyativ kapital oliqarxatı həmişə alverçi-qarətçi psixologiyası ilə yaşayıb və birdən-birə mərhəmətə gəlib, rəhmdillik göstərib məzlum xalqlara, istismar altında inildəyən bəndələrə xoşbəxtlik gətirəsi deyil.
Anlayaq ki, bu bədnam oliqarxatın dünyaya hesablanmış bir dəyişməz fəailiyyət proqramı var:
bir tərəfdən, durmadan başqa xalqları qarət və istismar etmək, digər tərəfdən, neomaltusçuluq ideallarını həyata keçirərək (bütün vasitələrdən istifadə etməklə) həmin bu xalqların sayını azaltmaq, bir sözlə, “qızıl milyard” naminə “artıq ağız”ları ölümə məhkum etmək – minimum yaşayış imkanlarını əllərindən almaqla, hər cür xəstəliklər yaymaqla, daxili münaqişələr törətməklə, qanlı müharibələrə yol açmaqla və s.Məgər bəlli deyilmi ki, hələ “soyuq müharibə” illərində kapital oliqarxatının məkrli planında bu üç hədəf başlıca yer tuturdu:
birincisi – SSRİ-ni çökdürmək, ikincisi – müsəlman dünyasını dağıtmaq (burada türk arealına, o cümlədən Azərbaycan türklərinə qarşı həyata keçiriləcək həmlələrə və onların tərkib hissəsi olan erməni amilindən istifadəyə, habelə, müxtəlif mənşəli etno-milli, dini ziddiyyətlərin kəskinləşməsinə və münaqişələrin yaranmasına xüsusi yer ayrılmışdır!),
üçüncüsu – köklü islahatlar hesabına ciddi sosial-iqtisadi, mədəni-mənəvi inkişafa və günbəgün artan geosiyasi mövqelərə sahiblənən Çin Xalq Respublikasına mümkün zərbələr endirməklə onun yüksəlişinin qarşısını almaq, bununla da Britaniyanın patronajlığı altında ABŞ-ın (yəni, Qərbin və onun təqdimatındakı avroatlantik kapitalizmin) davamlı hegomonluğunu təmin etmək.
Mənəvi-intellektual, ideya-siyasi, fəlsəfi refleksiya cəhətdən başdan xarab olmuş SSRİ, gördüyümüz kimi, çökdü və parçalandı, dalınca və müəyyən qədər də paralel surətdə Qərb kapitalizmi zəngin təbii sərvətlərdən məst olmuş, ayıqlığını itirmiş müsəlman dünyasını sökməyə girişdi. Müsəlman ölkələrini viranə qoymaq üçün SSRİ-nin sürətlə zəifləyib çökməsi kapital oliqarxatına əlavə imkanlar və güc yaratmışdır. Bu gün artıq bir sıra müsəlman ölkələri formal olaraq siyasi-coğrafi xəritədədir.
Türk arealının elm, mədəniyyət, ədəbiyyat və incəsənət məbədi, fəlsəfi fikir generasiyasının nüvəsi olan Azərbaycan hər iki hədəfin (SSRİ-nin və müsəlman dünyasının çökdürülməsi!) kerçəkləşməsində xüsusi bir yer tutmuşdur – məkrli niyyətlərin fokuslaşma nöqtəsi kimi. Ölkəmiz, faktiki, Qərb kolonializmininin, avroatlantik güclərin böyük ustalıqla və məkrlə sərgilədiyi səlib yürüşünün mühüm hədəfinə çevrilmişdir.Anqlosakslar yaxşı anlayırdılar ki, Azərbaycanı zəiflətmək – bütün türk arealını zəiflətmək, taqətdən salmaq deməkdir. Üstəlik də, beynəlxalq irtica qüvvələr onu da gözəl anlayırdılar ki, Cənubi Qafqazda vəziyyəti qarışdırmaq, qanlı-qadalı toqquşmalara yol açmaq, xalqları üz-üzə qoymaq, qarşılıqlı nifrət və düşmənçilik alovunu şiddətləndirmək – SSRİ-nin ciddi zədələnməsi və dağılması üçün mühüm amil və vasitədir. Əlbəttə ki, mənfur işlərini həyata keçirmək üçün Qərbin neoimperialist dairələri, erməni separatçılarına
hərtərəfli maddi-texniki, maliyyə, mənəvi-ideoloji və informasiya dəstəyi verməklə yanaşı, ilk növbədə, elə Azərbaycana qonşu olan ölkələrin, o cümlədən Rusiya, Türkiyə və İranın müxtəlif siyasi dairələrinin, kəşfiyyat və media orqanlarının, agentura şəbəkələrinin gücündən maharətlə istifadə etmişlər. Qarabağ uğrunda mübarizədə Azərbaycan, sözün əsl mənasında, təklənmiş və amansızcasına mühasirəyə alınmışdır.Həmçinin, 1987-ci ilin oktyabr ayında böyük siyasi təcrübəyə, idarəçilik ustalığına malik Heydər Əliyevin artıq Qərbin maraqlarına işləyən və mahiyyətcə ermənipərəstliklə fərqlənən
(Qorbaçov, Yakovlev, Yeltsin, Şahnazarov, Aqanbegyan və b.) bəzi yüksək səlahiyyət sahiblərinin əli ilə SSRİ KP MK-nın Siyasi Bürosu üzvlüyündən və SSRİ Baş nazirinin birinci müavini vəzifəsindən uzaqlaşdırılması, habelə,
Azərbaycanın yerli hakimiyyətinin məqsədyönlü surətdə içəridən zəiflədilməsi, Azərbaycanın ictimai-siyasi səhnəsinə xeyli sayda kəmsavad, naşı, səriştəsiz, primitiv düşüncə və emosiyalar əsasında hərəkət edən hay-küyçülərin, məsuliyyətsiz və vicdansız qaragüruh topasının çıxarılması – bütün bunlar ölkəmizə, xalqımıza qarşı təşkil olunmuş mənfur planın tərkib elementləri, dəqiqliklə hesablanmış amil-hissələri idi. Nəticə olaraq, Azərbaycanın mərd oğul və qızlarının rəşadətli müqavimətinə, igidliyinə baxmayaraq, torpaqlarımızın əhəmiyyətli bir hissəsi işğal edilmiş və bu gün də düşmən tapdağı altındadır.
Həqiqətin bundan ibarət olduğunu bilərək və yaxud da onu müxtəlif səbəblərdən pərdələyərək, yenidən Avropanın, qəddar və hiyləgər kapital oliqarxatının qapısını kəsdirmək, demokratiya və torpaqların işğaldan azad olunması ilə bağlı hansısa dəstək gözləmək, ədalətli münasibət ummaq bizə nə verə bilər? Bu, sadəcə, siyasi mazoxizmlə məşğul olmaq deyilmi?! Uzunmüddətli, davamlı belə məşğuliyyət ayrı-ayrı siyasilərə, politoloqlara, ola bilsin ki, keçici bir məşhurluq və az-çox maddi divident gətirsin, ancaq əvəzində Azərbaycan deyilən bir məmləkət, dövlət çox şey itirər, hətta, açıq deyirəm, əlavə ərazilərin işğalına da öz əlləri ilə yol açmış olar.
Bu məcrada düşünərkən, Avropa İttifaqı ilə bağlanacaq sazişin müzakirə predmetinin önünə, daha doğrusu, mərkəzinə
demokratiya, insan haqları, liberal dəyərlər, siyasi məhbuslar kimi məsələlərin çəkilməsini düzgün hesab etmirəm. Ümumilikdə isə, prinsipal olaraq, belə sazişin, yəni, Avropa İttifaqına müxtəlif öhdəliklərlə pərçimlənmə xəttinin əleyhinəyəm. Əks tərəfin daxili həyatla bağlı tələb-şərtləri altında sazişə getmək
(özü də məkri-hiyləsi məlum tərəflə və dünyanın belə bir sərt dönəmində!)əvvəlcədən dövlətin əl-qolunu bağlamaq, siyasi hakimiyyəti şantaj etmək, ona qarşı təhdidlər və hədələr ortaya qoymaqdır ki, son nəticədə dövlətin də, millətin də xeyirinə işləmir. İndiyə qədər belə bir nümunəyə rast gəlməmişəm ki, kimsə (uzaq və yaxın qonşuluqdan) gəlib başqasının evində qayda-qanun yaratsın, hansısa zorakılığa, özbaşınalığa və yaxud haqsızlığa-ədalətsizliyə son qoysun.
Nizamın, qayda-qanunun etibarlı qaynaqları, insani münasibətlərin ocaqları kənardan transfer edilə bilməz, bu fəzilətlər daxili potensiya, özəl determinatlar hesabına formalaşır və bilavasitə xalqın xarakterini, düşüncə tərzini, mədənilik səviyyəsini və həyat fəlsəfəsini ifadə edir.Ruslar çoxdan, hələ sovetlər dönəmindən,
ailədaxili qayda-qanun məsələsini öz rəşadətli milisinə həvalə etmişdi (indi isə polis məşğuldur).
Di gəl ki, nə ailələrdə nizam-intizam yarandı, nə də, üzr istəyirəm, alkaşlığa, xəyanətə-şortuluğa son qoyuldu. Əksinə, kənardan müdaxiləyə vərdiş etmiş rus ailəsi ağlasığmaz destruksiya və deqradasiyaya uğradı. Üstəlik, bu yoluxucu xəstəliyi (hiyləgər Avropanın məstedici liberal dəyərlərinin alqışlanması və təbliği fonunda!) kənar ölkələrə, o cümlədən Azərbaycana da yaya bildi. Təsadüfi deyildir ki, son onilliklər ərzində “gender bərəbərliyi”, “qadına qarşı zorakılıqla mübarizə”, “qadın hüquqları” mövzusunda
(milli fəlsəfəmizin, güya ki, inkişafı naminə!) yüzlərcə dissertasiyalar yazılıb və yazılmaqdadır.
Bu bihuşedici “elmi” dəbin təntənəsi altında isə gündə bir kişinin başı “azad sevgi aşıqləri”nin baltasına tuş gəlir. Mən heç bu bədnam müasirliyin və sivilliyin, bu şiddətli azad sevginin nəticələrindən, acı meyvələrindən –
anadangəlmə bədbəxt uşaqlardan, milli genofondun zədələnməsindən danışmıram. Dahilərin, qəhrəmanların, millətə və bəşəriyyətə yararlı oğul və qızların təməli-mənşəyi biclikdən, pozğunluqdan törəyə bilməz!Qərbin onilliklər öncə öz qarşısına qoyduğu üç başlıca hədəfdən ikisinin asanlıqla reallaşmasının mühüm səbəblərindən biri ondan ibarət idi ki, artıq nə SSRİ, nə də müsəlman dünyası tarixi zamanın tələblərinə cavab verən milli fəlsəfəyə malik deyildilər.
Elə fəlsəfəyə ki, ölkədaxili miqyasda ümumi mənəvi-psixoloji, ideya-nəzəri inteqrasiyaya, əqidə və əməl birliyinə xidmət etsin, xalqların vahid məkanda birgə mövcudluğuna və fəaliyyətinə əsas olsun. İ.Stalindən sonra SSRİ-də “inkişaf” etmiş sosial-siyasi fəlsəfə qətiyyən göstərdiyim bu təyinata cavab vermək iqtidarında deyildi. Onun nə milli səciyyəsi, nə ümumdövlət gücü vardı, artıq hər şey tükənmişdir. Hökmranlıq mövqeyindən sərgilənən marksist-leninçi fəlsəfə, faktiki, heç bir təsir gücünə qadir olmayan ehkamlar sisteminə, mənasız hökmlər yığımına çevrilmişdir.
SSRİ-nin bir dövlət olaraq fəlsəfi-siyasi beyini, sözün əsl mənasında, çürümüş, hansısa çevik, adekvat reaksiya vermək qabiliyyətində deyildi. Aydındır ki, məntiqi olaraq, belə dövlət birləşmiş imperialist güclərin düşünülmüş həmlələri qarşısında duruş gətirib, yaşaya bilməzdi.Eyni mənzərə, yəni, milli-dövlətçilik fəlsəfəsinin yoxluğu və yaxud bu təqdimatda çıxış edən donuq, cansız, evristik məzmun-mahiyyətdən məhrum “fəlsəfə”nin mövcudluğu, ümumən, müsəlman dünyasına xas idi. Ayrı-ayrı müsəlman ölkələrinə məxsus hakim fəlsəfi-siyasi düşüncə platformaları əslində elə də daxili elmi-intellektual gücə, yaradıcı inkişaf qabiliyyətinə, zəmanənin tələblərini ödəmək iqtidarına malik deyildilər. Bu fəlsəfi-siyasi platformalar, mahiyyət etibarilə, daha çox xüsusi subyektivlik amilləri, despotik rejim təfərrüatları ilə determinasiya olunan və müəyyən qədər də xaricdən transfer edilmiş hökmverici imperativlərdən, ehkamlar yığımından ibarət idi. Bir sıra müsəlman ölkələrində
“ərəb sosializmi” deyilən fəlsəfi-siyasi trend fəaliyyətdə idi ki, müxtəlif fərqləndirici modifikasiyalarına baxmayaraq, vaxtilə SSRİ-dən transfer edilmişdir və yaradıcı, mütərəqqi inkişaf baxımından elə əvvəlcədən qaneedici deyildir. Üstəlik də, “ana mənbə”nin özü, qeyd etdiyim kimi, ciddi tənəzzil yaşamaqda və tükənməkdə idi.
Qlobal kapitalizmin lokomativi-nüvəsi rolunu daşıyan Qərb imperializmi, gördüyümüz kimi, üçüncü hədəfə – Çinin inkişafının qarşısını almaq, onu zəiflətmək, çökdurmək arzusuna nail ola bilmədi. Və bəribaşdan bildirim ki, heç vaxt nail olmayacaq, çünki Çin Xalq Respubliyasının qəbtəedici ümummilli mahiyyətli fəlsəfi-siyasi platforması, olduqca ağıllı, məsuliyyətli və çevik, sosial və tarixi zamanın tələblərinə müvafiq fəaliyyət göstərən dövlət beyini var. Bu beyin geosiyasi və geostrateji, iqtisadi, elmi-texniki və texnoloji, milli ruh gümrahlığı və gücü, mənəvi-psixoloji yetkinliyi və vahidliyi baxımından kifayət qədər Çini irəli aparmaqdadır.
Tam əsasla deyə bilərəm ki, Çinin növbəti dünya liderinə çevrilməsi nəinki mümkündür, hətta artıq çox gözləniləndir. Bəllidir ki, belə gediş dinamikası, başda ABŞ və Britaniya olmaqla, Qərbi narahat etməyə bilməz. Bu mövzuda zəruri bildiyim bəzi açıqlamaları, təhlil və ümumiləşdirmələri, təklif və tövsiyələri 2019-cu ilin əvvəllərində nəşr olunmuş
“Yeni dünya nizamı: siyasət və idarəetmə” adlı kitabımda hörmətli oxucularımıza təqdim etmişəm. Burada onları bir daha təkrarlamaq istəmirəm.
Beləliklə, ictimailəşdirmək istədiyim fikir bundan ibarətdir: milli fəlsəfəsi olmayan xalq gələcəyə vəsiqə alıb, dövlət statusunda yaşaya bilməz.
Etibarlı dövlətçilik, qaneedici ictimai həyat, kamil sosiallaşma və müasirləşmə milli fəlsəfəsiz mümkün deyil. Milli fəlsəfəsiz yaşamaq – köksüz, dayaqsız və qidasız qalmaq, sərsəm-səfeh hərəkətlərə yol vermək, daha çox özün yaratdığın bataqlıqlarda batmaq deməkdir.
Belə yaşayış məhsuldar, ləyaqətli və şərəfli ola bilməz, həmişə mənəviyyatı, daxili azadlıq ruhunu boğar, yaradıcılığın və tərəqqinin qarşısını alar, bütövlükdə xalqın və ayrılıqda hər bir fərdin özünəgüvənini söndürər.
Aydındır ki, belə mövcudluq daxilində kənardan imdad diləmək, ələbaxımlıq etmək bir mənfur vərdişə, xəstəliyə çevrilər. Xəstəlik, əqli şikəstlik o dərəcədə qana-iliyə yeriyir ki, xalq, məğrurluğunu, simasını itirmiş fərdlər yığımına çevrilir – aqressiyası, qaragüruhçuluğu, bicliyi və hiyləsi bol, rəşadəti və casərəti isə az, iradəsi və dəyanəti zəif kütləyə!
Kütlə “yer üzünün əşrəfi mənəm!” bağırtısı ilə qulaqları batıra bilər, ancaq sağlam bir cəmiyyət quruculuğu yolunda qara qəpiklik iş görə bilməz.Milliliyi olmayan fəlsəfə – axtalaşdırılmış, “Mən”siz, cansız-qansız nəsnədir, simasız və mənəviyyatsız bir şeydir. Belə “fəlsəfə” alovlandırıcı-yaradıcı ruh daşıyıcısı, idraki zirvə nümunəsi ola bilməz. Fəlsəfə, ən qədim dövrlərdən indiyə qədər, məhz milli özəlliklərinə, etno-psixoloji yükünə görə, daşıdığı və ifadə etdiyi xalq ruhu hesabına mədəniyyət sisteminin mühüm atributu, ictimai şüurun xüsusi forması kimi qərarlaşıb və inkişaf edib. Təsadüfi deyildir ki, biz, məsələn,
“alman fizikası”ifadəsini qeyri-məqbul, ancaq
“alman fəlsəfəsi” anlayışını məqbul sayırıq. Eləcə də,
“çin fəlsəfəsi”,
“ingilis fəlsəfəsi” və yaxud
“fransız fəlsəfəsi” deyəndə əndişələnib, narahatçılıq keçirmirik, onları yerində işlədilən, adekvat mənalı ifadələr kimi qəbul edirik. Bu kontekstdə düşünərkən, biz öz milli fəlsəfəmizdən söhbət açmağı da nəinki məqbul, hətta zəruri hesab edə bilərik. Əzəl-axır, fəlsəfəmizin genetik-tarixi, təşəkkül-təkamül müstəvisində nəzərdən keçirilməsi, onun yaddaş kodlarının, dil-təfəkkür özəlliklərinin açılması, elmi-mədəni təsir gücünün öyrənilməsi yalnız fəlsəfə tarixi üzrə mütəxəssislərin deyil, bizim hamımızın üzərinə düşən vəzifə, böyük yükdür.
Bir də ki, milli köklərə qayıdış, öz simasına sahiblənmək qətiyyən dar, məhdud çərçivələrə sığınmaqdan, ətraf aləmdən uzaqlaşmaqdan, başqa xalqların əldə etdiyi zəngin elmi, fəlsəfi, mədəni xəzinəyə laqeydlikdən ibarət ola bilməz. Əksinə, milliliyə qayıdış və ondan bəhrələnmək, öz kökü üstündə formalaşaraq yeniliklərə imza atmaq, birmənalı olaraq, başqa xalqların tarixi nailiyyətlərini, onların təcrübəsini yaradıcı surətdə öyrənməkdən keçir.
Milli olmaq – dünya xalqlarını tanımaq, bilmək, onlardan öyrənmək və onlara hörmət bəsləmək, sayğılı olmaq deməkdir. Aləmə nifrət püskürməklə yaxşı nəyisə öyrənmək, qarşılıqlı fayda götürmək, yeni bəşəri əhəmiyyətli nümunələr yaratmaq, millətləşmənin və müasirləşmənin növbəti yüksək səviyyəsinə sahiblənmək mümkün deyil.
Milli ləyaqət hissi, milli mənlik şüuru və milli fəlsəfə, dil, ədəbiyyat, incəsənət bir-birini şərtləndirən, doğuran, tamamlayan və kamilləşdirən fenomenlərdir. Burada səbəb-nəticə əlaqələri olduqca dinamik və mürəkkəbdir. Elə, ən azından, bu əlaqələrin doğru-düzgün açılması və öyrənilməsi məhz milli fəlsəfənin varlığı, işgüzarlığı hesabına mümkündür. Bu mənada da fəlsəfə millətləşmənin həm ən vacib vasitəsi, həm də nəticəsi-məhsulu hesab olunmalıdır.
“Millətləşmə, ilk növbədə, milli fəlsəfə vasitəsilə reallaşır” fikrini söyləmək üçün, düşünürəm ki, əlavə dəlilə, təfsilə hacət yoxdur. Bu həqiqəti dərindən anlamaqla və ona əməl etməklə biz xroniki qənim kəsilmiş şərq qaranlığından, şərq istibdadından, şərq ətalətindən azad ola bilərik. Və bu azadlığa sahiblənmək üçün müticəsinə Avropanın, ABŞ-ın müəmmalı strukturlarından işıq çırağı, mərhəmət diləməli deyilik.
İmdad diləmək əvəzinə, yaxşı olar ki, Qərbdən və Şərqdən, Şimaldan və Cənubdan transfer edilən ictimai entropiyanın qarşısını alaq, özümüzə məxsus olan ictimai zəmin və daşıyıcıları sağlamlaşdıraq, milliliyin ontoloji statusunu adekvat anlayaq, təhrif etməyək, millilikdə və millətləşmədə dominant funksionallıq daşıyıcısı olan türkçülüyü küncə sıxmayaq, ona sayğı və qayğı ilə yanaşaq.