İşə yaramayan siyasi oyunçu və ya "Arsenal" Mxitaryanı niyə tez yola salır? - TƏHLİL

26-05-2019, 13:58   
 

İngiltərənin "Arsenal" klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı satmağı planlaşdırır.
Buna səbəb 30 yaşlı yarımmüdafiəçi ilə bağlı gözləntilərin özünü doğrultmamasıdır. Belə ki, klub rəhbərliyi futbolçunun Premyer Liqada özünün pik formasına çıxa bilməyəcəyi qənaətindədir.Son matçlarda müşahidə edilən məqamlar da "Arsenal" rəhbərliyinin haqlı olduğunu düşünməyə əsas verir. Belə ki, futbolçu ona olan inamı doğrultmur. Məhz bu səbəbdən də bir çox matçları ehtiyat oyunçular skamyasında keçirir. Bu isə "Arsenal" rəhbərliyinin haqlı narahatlığına səbəb olub.
Bütün bunlar onu göstərir ki, Mxitaryanın transferi "Arsenal" rəhbərliyinin səhvi üzündən reallaşıb. Məsələ burasındadır ki, o, ötən ilin yanvarında "Mançester Yunayted"dən 34 milyon avroya keçib. Erməni futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. Lakin müqavilənin bitməsinə 2 ildən artıq vaxt qalmasına baxmayaraq, "Arsenal" Mxitaryanla yollarını ayırmağa çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, erməni futbolçu ümidləri doğrultmayıb. Başqa sözlə desək, klub rəhbərliyi səhvini qısa zamanda anlayıb.
Şübhəsiz ki, "Arsenal" rəhbərliyinin futbolçu ilə yollarını ayırmasında digər obyektiv faktorlar da mövcuddur. Məsələ burasındadır ki, futbolçu məhz siyasi səbəbdən "Çelsi" ilə Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməmək barədə qərar verib. İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Mxitaryan da daxil olmaqla, UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün futbolçuların, hətta onların azarkeşlərinin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib.
Azərbaycanın dəfələrlə ev sahibliyi etdiyi beynəlxalq yarışların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, erməni idmançıların bu turnirlərdə iştirakı Bakının idmanla siyasəti eyniləşdirmədiyini bir daha sübut etdi. Ermənistanı həm fərdi, həm komanda formasında təmsil edən idmançıların təhlükəsizliyi Azərbaycanda keçirilən idman yarışlarında nəinki yüksək səviyyətə təşkil edildi, hətta oyunların obyektiv formada idarə edilməsi də təmin olundu. Mxitaryan özü də çox yaxşı bilir ki, onun həmvətənlərindən heç kim Bakıda keçirilən beynəlxalq yarışlarda hər hansı təhlükəli vəziyyətlə, fiziki siyasi zorakılıqla, hətta xoşagəlməz durumla qarşılaşmayıblar.
ƏTRAFLINar.azHətta Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında Rusiya millisinin heyətində yarışan erməni gimnast Qarsevan Canazyan da mətbuat vasitəsilə "Mən Mixtaryanın yerində olsaydım, Bakıya gələrək komandamızın yanında olardım və onu dəstəkləyərdim", - deyə həmvətəninə maraqlı mesaj göndərib.
Lakin bütün bunlara baxmayaraq, Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final matçında iştirak etməkdən imtina edib. Əslində isə siyasi məqsədlər üçün boyun qaçırıb.
Belə isə, 10 oyunçu ilə yaşıl meydana çıxmaqdan boyun qaçıran Mxitaryanın məqsədi nə idi? Bütün bunlar erməni futbolçunun siyasi şou ambisiyasından irəli gəlir. Futbolçunun siyasi qərarı Ermənistan dövləti və erməni lobbisi tərəfindən Azərbaycana qarşı istifadə olundu.
Şübhəsiz, bütün bunları Qərb ölkələrində, onların nüfuzlu idman klublarında, o cümlədən "Arsenal" rəhbərliyində çox yaxşı başa düşülür və qiymətləndirilir. "Arsenal"ın yuxarı eşalonlarında da Mxitaryanın futbolçu kimi kluba yaramadığını, üstəlik, Qarsevan Canazyanın da qeyd etdiyi kimi, Bakıya gələrək komandasının yanında olmadığı və onu dəstəkləmədiyi aydın şəkildə anlaşılır. Belə olan təqdirdə nüfuzlu final matçına getməməklə komandanı dəstəkləməyən futbolçu həm ingilis idmançıları, həm də pərəstişkarları arasındakı onsuz da aşağı olan nüfuzunu bir qədər də azaltdı.
Sual ortaya çıxır: komanda üçün gərgin sayılan matçların əksər hissəsini ehtiyat oyunçular skamyasında keçirən, Avropa Liqası kimi nüfuzlu turnirin həlledici mərhələsində - final matçında "Arsenal" komanda maraqlarına deyil, Ermənistanın çirkin siyasi məqsədlərinə xidmət edən futbolçu klubun nəyinə lazımdır? Şübhəsiz ki, "Arsenal" bu suala gec də olsa cavab tapa bilib – Mxitaryanı yola salmaq. Yaşı 30-u haqlamış, adı siyasi məsələlərdə hallandırılan oyunçu bundan sonrakı karyerasını olsa-olsa, ikinci dərəcəli, zəif komandaların heyətində davam etdirəcək. Onun həmin klublarda da yaşıl meydanda oynayacağı və ya matçları ehtiyat oyunçular skamyasında izləyəcəyi isə siyasi oyunlardan ayrılıb, öz üzərində çalışmasından, fiziki göstəricilərini artırmasından asılı olacaq. (Report)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar