ABŞ “S-400” kompleksləri ilə bağlı Rusiya ilə imzaladığı sazişdən imtina etməsi və Amerikanın “Patriot” sistemlərinin tədarükünü təsdiqləməsi üçün Türkiyəyə iki həftə verib, əks təqdirdə Türkiyə sanksiyalarla üzləşə bilər.
Bu barədə Türkiyənin “Aydınlık” nəşrinin redaksiya məqaləsində deyilir. Türkiyənin Rusiyadan almağı planlaşdırdığı “S-400” raketəleyhinə müdafiə sistemi ətrafında yaranan gərginlik fonunda Vaşinqton Ankaraya iyunun birinci həftəsinin sonuna qədər möhlət verib.
“CNBC” telekanalının verdiyi məlumata görə, ABŞ Türkiyənin seçim edəcəyini gözləyir: ya Amerikanın “Patriot” sistemlərini almağa razılaşacaq, ya da “S-400” sazişinə sadiq qalaraq Amerika sanksiyaları ilə üzləşəcək. Adının gizli qalmasını istəyən məlumatlı mənbələrə istinadən verilən xəbərə görə, Türkiyə iyun ayının birinci həftəsinin sonunadək “S-400” sazişini ləğv edib, Amerika istehsalı olan “Patriot” sistemlərini almağa razılaşmasa, “F-35” layihəsindən çıxarıla, ona vəd edilən 100 qırıcının tədarükü dayandırıla, ABŞ sanksiyaları həyata keçirilə və NATO-da mənfi nəticələrlə üzləşə bilər. Adıçəkilən telekanal qeyd edir ki, möhlətin uzadılmasından söhbət getmir və bu, ABŞ Dövlət Departamentinin son təklifidir. ABŞ Dövlət Departamentinin nümayəndəsi telekanala açıqlamasında bildirib ki, NATO üzvü olan ölkələr alyansın sistemlərinə uyğun hərbi texnika əldə etməlidir: “Türkiyə “S-400” təslimatını dayandırmasa, həqiqətən son dərəcə mənfi nəticələrlə qarşılacaq”.
“S-400” komplekslərinin NATO sistemlərinə uyğun gəlmədiyini iddia edən ABŞ Türkiyəni Rusiyanın bu raket sistemlərini almaqdan vaz keçirmək üçün çoxdandır Ankaraya təzyiq edir. ABŞ xəbərdarlıq edir ki, Türkiyə sazişi reallaşdırsa, “F-35” proqramından çıxarıla bilər. Bu yaxınlarda ABŞ Nümayəndələr Palatasına Türkiyəyə qırıcıların tədarükünə mane olmağı nəzərdə tutan layihə çıxarılıb.
Ancaq ABŞ-ın xəbərdarlığına baxmayaraq, Rusiyanın raket sistemini əldə etməkdə qərarlı görünən və artıq avans ödəyən Türkiyə “S-400” komplekslərindən imtina etmir. Həm türk, həm rus rəsmiləri hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə tədarükünün cari ilin iyul ayında baş tutacağını bildirirlər. Xatıladaq ki, Prezident Rəcəb Tayyip Ərdoğan mayın 19-u son bəyanatında Rusiyadan satın alınan “S-400” raketdən müdafiə sistemi ilə bağlı geri addım atılmayacağını, bunun ardınca “S-500” komplekslərinin müzakirə mövzusu olacağını bildirib.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, yaxın iki həftə ərzində ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi barədə xəbər real görünmür. Rəsmi Ankaranın da “S-400” ZRK-dən imtina edəcəyi gözlənilmir. Buna baxmayaraq, Türkiyə ABŞ-dan da “Patriot” sistemləri ala bilər:
“Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ABŞ-ın iki həftəlik möhtəlik verməsi barədə məlumatı təkzib etdi. Yavuz Səlim Kıranın başçılığı ilə ABŞ-a nümayəndə heyəti gedib. O, bildirib ki, ABŞ tərəfindən Türkiyəyə “S-400”-lərin alınması ilə bağlı iki həftəlik möhlət verməsi barədə ultimatum yoxdur. ABŞ Senatının iki komitəsi “S-400” sistemlərinin icrası ilə bağlı layihənin icrasında iştirak edəcəyi təqdirdə F-35 qırıcılarının istehsalına və istifadəsinə dair layihədən çıxarmaqla hədələyib. Yəni Türkiyə xarici siyasət kursunda 180 dərəcə dəyişiklik etməli, “S-400”-lərin alınmasından imtina etməli, onları “Patriot” sistemlərinə dəyişməli, F-35-ləri almalıdır. Bu yaxınlarda Türkiyəyə Fransa və İtaliyanın birgə istehsalı olan ASTER 30 SAMP/T raketdən müdafiə komplekslərinin verilməsi təklif edildi. Türkiyə isə “S-400”-ləri alır və özünə məxsusdur. “Patriot” sistemləri isə birdəfəlik verilmir. 2009-cu ildə də Almaniya və Hollandiya Türkiyə ərazisində “Patriot” sistemlərini yerləşdirsə də, bir aydan sonra apardılar. Nəticədə Türkiyənin səması açıq qaldı. Eləcə də Fransanın SAMP/T sistemlərini nə vaxtsa aparmayacağına zəmanət yoxdur. Yaxud Türkiyənin “F-35”-lərin layihəsindən çxarılması həmin layihənin icrasına ciddi problem yarada bilər. Çünki həmin layihədə doqquz dövlət iştirak edir. Türkiyə iddia edir ki, “S-400” sistemlərinin başqa bir modeli ABŞ-ın müttəfiqi Yunanıstanın da hərbi arsenalında var. Yunanıstanın sahib olduğu “S-300”-lərin deyil, Türkiyənin aldığı “S-400”-lərin aldığı raketlərin Avropanın təhlükəsizliyi üçün problem yaratdığını iddia etmək cəfəngdir. Məqsəd Türkiyə ilə Rusiya arasında birtərəfli qaydada yaxınlaşmaya mane olmaqdır. Türkiyə mövcud olduğu geopolitik vəziyyəti, çoxtərəfli maraqlarını, perspektivdə Avropa Birliyinə inteqrasiya amillərini nəzərə alaraq tarazlığı qorumaqla siyasət yürütməlidir. Əks halda, bu tərəflərdən birindən imtina etməsi Türkiyənin etibarsız tərəfkeş imicini yarada bilər. Yavuz Səlim Kıranın verdiyi açıqlamada da qeyd edilir ki, “Patriot” sistemləri ilə bağlı danışıqların davam etdirilməsi nəzərdə tutulub.
Çünki mart ayında irəli sürülən şərtlər Türkiyəni qane etmədiyinə görə, rəsmi Ankara bundan imtina edib. İndi yeni təkliflər irəli sürülüb. Fikrimcə, tərəflər arasında müəyyən razılaşmalar olacaq. Türkiyə həm “Patriot”, həm F-35, eyni zamanda, “S-400” kompleksləri əldə edə biləcək. Sadəcə olaraq, Türkiyənin “S-500”-lərin istehsalına başlamasına imkan verməyəcəklər. Çünki son illər Türkiyənin istehsalı sənayesi xeyli inkişaf edib. Türkiyə xaricdən yalnız 30 faiz silah və hərbi texnika idxal edir. Türkiyə artıq silah ixracatçısı olan ölkəyə çevrilib. Bazara yeni silah satıcısının daxil olması isə bəzi qüvvələri qane etmir. Ona görə də Türkiyəyə qarşı təzyiqlər öz müştərisini əldə saxlamaq vasitəsidir. Bu mənada sual yaranır:Əgər Suriyada, İraqda İŞİD qalmayıbsa, bu qədər silah orada nə üçün yerləşdirilir? Çünki münaqişə uzandıqca silahlar da satılır, yeni silahlar sınaqdan keçirilir. Türkiyə ilə “S-400”-lərlə bağlı yaranmış mübahisə də silah bazarındakı rəqabətin nəicəsidir”.
Müşfiq Abdulla
Cebhe.info