Kimlər avtobusda, kimlər xidməti maşında: Nəqliyyat “şefləri” xalq arasına çıxır?

27-05-2019, 19:36   


Kimlər avtobusda, kimlər xidməti maşında: Nəqliyyat “şefləri” xalq arasına çıxır?

Bakının ictimai nəqliyyatındakı problemlər həllini tapmır. 

Bu cahəyə cavadeh olan qurumlar sərnişinləri narazı salmaqda davam edir. İctimai nəqliyyatdan istifadə edənlər buna məsul olan qurumların fəaliyyətindən narazıdır. 

İstər sərnişin avtobusları, istər metro, istərsə də bölgələrə işləyən avtobusların hərəkətində ciddi çatımazlıqlar hələ də qalır.  Ancaq sanki bu sahəni idarə edən, cavabdehlik daşıyan rəsmilər problemləri görmür. Buna səbəb kimi həmin qurum rəsmilərinin rəhbərlik etdiyi sahələrin vəziyyəti ilə yaxından tanış olmadığını göstərmək olar. Problemləri öyrənməyin yolu isə ictimai nəqliyyatdan istifadədən keçir. 

Maraqlıdır, bu qurumların rəhbərləri sonuncu dəfə ictimai nəqliyyatdan nə zaman istifadə edib? 

 “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Cebhe.info-ya deyib ki, qurumun rəhbərliyindən tutmuş sıravi işçilər də daxil olmaqla hər kəs metrodan və ictimai nəqliyyatdan istifadə edir: 

“Mütəmadi istifadə edirik. Özüm qurumun mənə verilmiş xidməti maşını ilə yanaşı səhərdən axşamadək metrodayam. Metropolitenin rəhbəri qeyd-şərtsiz metrodan istifadə edir. Təkcə rəhbər kimi deyil, sərnişin kimi də mütəmadi olaraq metroya düşür. Yaxın əraziyə gedəndə mütləq metrodan istifadə edirəm. Eyni qaydada da Metropoliten rəhbərliyi, metroya düşməsə, sərnişinlərlə bir yol getməsə, buradakı vəziyyəti necə bilər?” 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də ictimai nəqliyyatdan istifadə etdiklərini bildirib:

“Mən özüm hər gün 24 saylı, Günəşli istiqamətinə gedəndə isə 50 və 60 saylı avtobuslardan istifadə edirəm. Şəxsi avtomobilim yoxdur və sürə də bilmirəm. Vüsal Kərimlinin xidməti avtomobili var. Amma buna baxmayaraq ictimai nəqliyyatda vəziyyəti real olaraq görmək, dəyərləndirmək üçün mütəmadi olaraq bu nəqliyyat növündən istifadə edir. Biz ictimai nəqliyyatdan istifadə etməliyik ki, görək nələr var”.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, avtovağzaldan hərəkət edən reyslərdən istifadə edir: 

“Bu yaxınlarda da istifadə edəcəyəm, biletim var, onlayn sifariş etmişəm və edəcəyəm də. Sərnişinlərin regionlarda olan avtovağzallardan nə qədər razı olması, müntəzəm reyslərin təşkili və kənardan qanunsuz daşımaların olub-olmadığı məsələsi ilə bağlı Şəki, Qax və Zaqatalaya gedəcəyəm. Orada rəhbər şəxslərdən də iştirak edənlər olacaq və normal sərnişinlərlə birgə yola düşəcəyik. Amma şəhər daxilində təəssüf ki, ictimai nəqliyyatdan istifadə etmirəm”. 

Görünən odur ki, aidiyyatı qurumlar mütəmadi olmasa da, ictimai nəqliyyatdan istifadə edirlər. Amma problemləri gördükləri halda onların həllinə yönəlik ciddi dəyişikliyin olmaması maraqlı görünür. 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar