“Son zamanlar intihar etməzdən əvvəl sosial şəbəkələrdə son anlarını paylaşanlar əslində intihar etmək yox, cəmiyyətin diqqətini cəlb etmək istəyirlər”.
Bu sözləri Axar.az-a gənclərin, xüsusi ilə də yeniyetmələrin son dövrdə intihar hallarının artmasına münasibət bildirərkən psixoloq-psixoterapevt Dəyanət Rzayev deyib.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələr bu cür hallarda heç bir rol oynamır, intiharı seçən hər hansı bir şəxs ondan istifadə edirsə, demək ki, o, cəmiyyətin diqqətini cəlb etmək istəyib:
“Bununla da əsas fikri öz üzərinə çəkərək, əslində problemindən çıxış yolu axtarır. Problem çözülmədikdə isə bu yolu seçir. Ona görə də sosial şəbəkələri günahlandıranlar yanılırlar. Bir günahkar varsa, o da birbaşa insanların profilaktikası ilə məşğul olan sosial strukturlardır. Azərbaycanda sosial psixiatriya demək olar ki, yoxdur. Hətta qeyri-hökumət təşkilatlarından tutmuş dövlət strukturlarına qədər insanlar intihar edə bilərəm deyə, müraciət etdikdə heç kəs buna ciddi yanaşmır. İntiharların profilaktikasının olması olduqca vacibdir. Təəssüf ki, bizdə bu yoxdur”
Dəyanət Rzayev bildiridi ki, yeniyetmələrin intihara meylilik hallarının artması daha çox cəmiyyətdəki təbəqələşmə ilə bağlıdır: ümumi intihar hallarında da bu özünü göstərir, buraya eyni zamanda korrupsiya, sosial ədalətsizlik, qeyri-paylaşmanı da daxil etmək olar:
“Bu gün Azərbaycanda intihar hallarına səbəb kimi bir çox prosesləri nümunə göstərmək olar. Aparılan araşdırmalardan da məlum olub ki, valideyn ilə övlad arasında yaranan boşluq, yeniyetmələrin valideyn boynunu aşan aşırı istəkləri ən aktual problemlərdəndir. Umumilikdə götürdükdə isə, sosial ədələtsizlik məsələsi də bu mənada cəmiyyətimizdə ön planda yer alıb.
Məsələn, kimisi səhərdən axşamacam işləyərək minimum, bir başqa məmur isə minimum vaxta görə həddindən artıq əmək haqqı alır. Başqa bir nümunə göstərsək, birinin yaşamağa heç evi də yoxdur, bir başqasının isə 20-30 evi olsa da, heç paylaşmır. Bu yanaşmalar şərq insanının düşüncə tərzindən qaynaqlanır.
Avropa ilə müqayisədə isə bu, tamam başqa cürdür. Əgər bir avropalı intihar edirsə, bu onun sırf yuxarıda sadaladığımız səbəblərdən qaynaqlanmır. Tamamilə daxili boşluqdan, həyat müqavimətinin olmamsından irəli gəlir. Bu isə Qərb düşüncə tərzinə görə, tamam başqa bir yanaşmadır”.