PAŞİNYAN AMERİKANIN RAZILIĞI ALTINDA QARABAĞDA OYUNA BAŞLAYIB:Xankəndi "ikinci Donbas" ola bilərmi?

28-05-2019, 15:04   

Stanislav Tarasov

regnum.ru, 27.05.2019

 

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişinin ildönümü ilə bir vaxta düşən bu yaxınlardakı hadisələr sıradakı siyasi gerçəklikləri üzə çıxarıb.

Paşinyan mayın 20-də respublikanın hərbi, məhkəmə və siyasi rəhbərliyinin qatıldığı müşavirədə ölkədə məhkəmə islahatı keçirmək üçün “cərrahi müdaxilə”nin gərəkdiyini bildirib. O, “inqilabın ikinci mərhələsi”nin başlandığını göstərərək elan edib: “Konstitusiya islahatları, ya da ümumxalq referendumu keçirmək gərəkdirsə, onda bu yolla da gediləcək ki, son nəticədə müstəqil və düzgün məhkəmə sistemi olsun”.

Lakin Paşinyanın təmsilçiləri lap bu yaxınlarda Almaniyada məlumat veriblər ki, onların sözlərinə görə, “əvvəllər lap aşağıdan lap yuxarıya qədər hakimiyyətin bütün vertikalına sızan” sistemli korrupsiya ilə mübarizəni “məxməri inqilab”ın önəmli uğuru sayırlar. Mövcud məhkəmə sistemi olmadan belə uğurlara çatmaq mümkün deyildi. Həm də BMT və Avropa Şurası daxil olmaqla beynəlxalq mütəxəssisləri cəlb edərək il boyunca belə bir islahata başlamaqda ona heç kim mane olmayıb. Amma Paşinyan qabaqlar qanunverici və icra hakimiyyətini təzələyərək inandırıb ki, məhkəmə hakimiyyətinin işinə qarışmayacaq. Ancaq İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan haqda həbs qətimkan tədbirini dəyişəndən sonra – özü də mövcud prosedur normalarını pozmadan – baş nazir konstitusiyanın və qanunvericiliyin başqa normalarını açıqca pozaraq hücuma keçdi, öz tərəfdarlarına məhkəmələri çevrələmək çağırışı ilə çıxış etdi. Hadisələrin belə ssenari üzrə sonrakı inkişafı hakimiyyətin ən önəmli qanadı kimi məhkəmələrin işinin təcridinə, ölkədə pozğunluq salmağa aparıb. Ya da əksinə, hakimiyyətin Paşinyan tərəfindən inhisara alınmasına, “demokratik” deyilən diktaturanın qurulmasına. Eyni zamanda ölkənin birpalatalı parlamentində böyük çoxluğa malik olan icra hakimiyyəti başçısının bu alətdən yararlanmaq əvəzinə fəaliyyətdəki Konstitusiyadan yan keçərək yenidən kütləvi etirazlara söykənməyə başladığı faktı bildirir ki, o, parlamentdə mütləq dəstək almağa ümid etmir. Ermənistan Politoloqlar Birliyinin prezidenti, siyasi elmlər doktoru, ER Milli Məclisinin ikinci və üçüncü çağırış deputatı Amayak Ovannisyanın hesab etdiyi kimi, “demokratik “pərdə”nin varlığı ilə hakimiyyətin fəaliyyət modeli dəyişməyəndə, siyasi partiyalar haqda yeni qanun qəbul edilmədən köhnə seçki qanunu saxlanırsa, başqa cür ola da bilməz”.

Ermənistandakı hadisələr daha bir kombinasiyanı gün işığına çıxarıb. Ermənistanın KTMT, Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşları rəsmi şərhlərdən vaz keçirlər. Halbuki Qərbin reaksiyası dostcasınadır – ABŞ-ın Ermənistan səfirliyinin, AŞPA həmməruzəçilərinin bəyanatalrı bundan danışır. Məsələn, AB-nin Ermənistan səfiri Pyotr Svitalski bildirib ki, “geniş maliyyə dəstəyi ilə Ermənistanda texniki və konsultasiya yardımı vasitəsilə ədliyyənin dərin və hərtərəfli islahatında ona yardım etməyə hazırdırlar”.

Burada ziddiyyət bundadır ki, Paşinyan öz respublikasının qanun pozucusu rolunda çıxış edərək Rusiyayönlü köklənmiş siyasətçi nüfuzuna malik Koçaryanı həbsə göndərməyi əmr edərkən hadisələr açıqca onun hesabladığı ssenari ilə inkişaf etmir. Nəticədə “Koçaryanın işi” deyilən məsələyə geopolitik gərginlik hopmağa başlayıb. Sosioloqların məlumatına görə, hələ bu yaxınlarda gözədəyən siyasi reytinqi olmayan Koçaryanın özünü müxalifətin lideri elan etməyi təsadüf deyil.

Lakin Paşinyan Dağlıq Qarabağda sui-qəsddən danışmağa başlayanda daha bir gediş edib. “Bütün faktları araşdırıb bunun arxasında yeni savaş başlamaq və ola bilsin, məsuliyyəti ölkə hökumətinin üzərinə qoyaraq hətta bəzi əraziləri vermək məqsədilə sui-qəsd görürəm, – o bildirib. – Bu əməldə dövlətə xəyanət görürəm”.

O, beləcə Koçaryanla Stepanakertin (Xankəndinin-tərc.) indiki hökuməti arasında körpücük atmağa başlayaraq hər hansı sübutsuz, amma böyük eyhamla onlara ittiham elan edib: Koçaryan, həm də Stepanakertdəki (Xankəndi-tərc.) hakimiyyət Rusiyayönlü köklənib, uyğun olaraq onların “bəzi əraziləri verməyə hazır olduğu” guya Rusiyanın layihəsidir.

Paşinyan 2016-cı il aprel savaşının bütün ayrıntılarını araşdırmaq üzrə parlament komissiyası yaratmağın gərəkliyini bu “işin” altına itələyir. İndi Paşinyanın İrəvanda Rusiya jurnalistlərilə bu yaxınlardakı görüşdə söylədiyi ifadəyə diqqət yetirək: “Mən inanmaq istəmirəm ki, Ermənistanın strateji müttəfiqi Rusiya bölgədə savaşın təzələnməyinə yol verməmək üçün öz vasitələrindən istifadə etmir. Mən inana bilmirəm ki, Rusiya savaşın başlanmağına imkan verər və Azərbyacanı fitnəkarlıqdan çəkindirmək üçün öz vasitələrindən istifadə etmir”.

Paşinyana görə, buradan irəli gəlir ki, Rusiya 2016-nın aprelində “Azərbaycana savaşa başlamaq imkanı verib”.Yəni söhbət artıq Ermənistanın daxili işlərindən getmir və İrəvan Moskva ilə münasibətləri kəskinləşdirməyə oynayır.

Koçaryana havadarlığı davam etdirəcəyi halda bu yaxınlarda İrəvanda Azadlıq meydanında mitinqdə Bako Saakyanın ünvanına cəzasız qalan hədələr səslənərkən Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı, Dağlıq Qarabağ prezidentinin (mətndə elədir-tərc.) xüsusi tapşırıqlar üzrə köməkçisi Arşavir Qaramyan bu hədələrə hüquqi qiymət vermək tələbilə Dağlıq Qarabağın Baş Prokurorluğuna müraciət edəndə hakimiyyət partiyası bildirib ki, “buna heç bir dəxli yoxdur”. “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Vahan Kostanyan sıradakını deyib: “Bizdə hansısa aksiyanı yad qüvvələrlə keçirmək vərdişi yoxdur”. Bu belədirsə, onda Ermənistanda üçüncü güc deyilən amilin meydana çıxdığı haqda nəticəyə gəlmək olar. Və bu üçüncü qüvvə sanki Paşinyanın elan etdiyi mifik “sui-qəd”in ifşası yönündə Artsaxa (Dağlıq Qarabağ-tərc.) qarşı, yəni Paşinyanın maraqlarında iş görür.

Nəhayət, İrəvan və Stepanakertin (Xankəndi-tərc.) Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə müxtəlif yanaşmaları rəsmən göstərilib. Yaranmış durumda Bakı-İrəvan xəttilə konkret danışıqlar prosesi öz perspektivini itirir. Paşinyan təsadüfən bildirməyib ki, münaqişəni tənzimləmək üçün danışıqlar prosesini sürətləndirməyi gərək bilmir. Onun sözlərinə görə, “amma bunu dayandırmayacağıq da, çünki münaqişə var və düşünürəm ki, bunu unutmaq məqsədəuyğun deyil”.

Bakı belə siqnalı “gözlənilən durumun yox olması” kimi qəbul edir. Bununla belə, bizim əlaqə saxladığımız Azərbaycan ekspertləri hesab edirlər ki, Bakı indiki mərhələdə, hər şeydən əvvəl, Dağlıq Qarabağda durumun kəskinləşməsinin Ermənistan cəmiyyətində birliyə və Rusiyanın bu bölgədə rolunun güclənməsinə səbəb olacağı üzündən Ermənistanın daxili-siyasi qarışıqlığından yararlanmaq niyyətində deyil. Onlar inanırlar ki, İrəvan və Moskva arasında münasibətlər dağılacağı halda Stepanaket (Xankəndi-tərc.) “ikinci Donbas” ola bilər ki, bu da Azərbaycan diplomatiyasına yeni imkanlar aça bilər.

Ovannisyanın hesab etdiyi kimi, eyni zamanda “əslində, problem xeyli qəlizdir və Paşinyanın Ermənistandakı “Qarabağ klanı” üzərində qələbəsinə maraqlı olan hansısa ayrıca şəxsə və ya qruplara dirənmir”.

Onun fikrincə, “oyunu Qarabağ probleminin daha sürətlə tənzimlənməsini, bunun sayəsində Türkiyə ilə sərhədləri açmağı və Ermənistanın İranla sərhədini möhkəm rəzəylə bağlamağı, daha doğrusu, onu İranla ümumi sərhəddən məhrum etməyi kəsdirən”, sonra isə Ermənistanı Türkiyə ilə barışığa aparmağı və Ermənistan güclərinin nəzarət etdiyi ərazilərin, heç olmasa, bir hissəsinə İrəvandan güzəştə nail olmağı əlaqələndirən amerikalılar aparırlar”.

Biz Ovannisyanla bunda da razılaşırıq ki, “yalnız qarşılıqlı əlaqəli bölgəsəl problemlərin qəliz yumağını və Tramp administrasiyasının bunu ABŞ-ın geopolitik maraqlarına uyğun həllə hədəfləndiyini nəzərə alaraq anlamaq olar ki, Paşinyan niyə məhkəmənin Koçaryan haqda həbs qətimkan tədbirinin ləğvi haqda qərarını pisləmək və bütün “məhkəmə zümrəsi”ni cəzalandırmağa çağırış kontekstində sanki birdən hansısa “xain sui-qəsdçilər”in Artsaxda Ermənistan güclərinin nəzarət etdiyi əraziləri verə biləcəyi mövzusunu araya soxub”.

Öz qanadlarını doğramaq və özünü küncə qovmaqda bundan yaxşı üsul təsəvvür etmək çətindir.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar