Cəlilabad səhiyyəsi tibbi dildə desək, qanqrena verməkdədir. Artıq Rayon Mərkəzi Xəstəxanasının (RMX)“müalicəsi” yoxdur, onu kökündən kəsib atmaq, yəni köklü dəyişikliklər aparılmasına ciddi zərurət yaranıb. Bunu irəlidə təqdim edəcəyimiz faktlar təsdiqləyəcək… Amma buna qədər cumhuriyyet.az olaraq bu günlərdə Cəlilabad rayon Sabirabad kənd sakini İbrahimov Mustafa Ramazan oğlunun rayon səhiyysi ilə bağlı yaydığı videomüraciəti diqqətinizə çatdırırıq:
Videomüraciətdə səsləndirilən ittihamlar kifayət qədər ciddidir. Gözləmək olardı ki, səhiyyə nazirliyi və ya rayon rəhbərliyi, ən pis halda Cəlilabad rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyev ittihamlarla bağlı rəsmi mövqe açıqlayacaq. Amma ittihamlara gülməli və maraqlı reaksiya verildi. Belə ki, yerli mediada bildirildi ki, Cəlilabad rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyevin Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova heç bir bağlılığı yoxdur. Demək Cəlilabad əhli səhiyyə problemi yaşaya bilər, baş həkim İlham Əliyev hər cür qanunsuzluğa imza ata bilər, təki möhtərəm Kərəm Həsənovun adı heç bir qalmaqalda hallanmasın. Bu necə ola bilər axı? Necə ola bilər ki, rayon həyatının ən mühüm iki sahəsindən biri olan səhiyyə sisteminin başında duran adamın, bu rayonun qubernatoru kimi tanınan bir şəxsə heç bir aidiyyatı olmasın?
Bu da bəs eləməmiş və bildirilmişdir ki, “bu müraciət yalnız Kərəm Həsənovun rəhbərliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı uğurlu islahatlara qarşı yönələn, uğursuzluğa məhkum olan cəhdlərən biridir”. Söhbət hansı uğurdan və hansı islahatdan gedir. Cumhuriyyet.az lap bu günlərdə açıqlanan bir statistikanı diqqətə çatdırır: “Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) 2018-ci ili 95 min manat zərərlə başa vurub. Qurumun maliyyə hesabatına ötən il DƏRDX 1,045 milyon manat gəlir əldə edib. Qurumun xərcləri isə 1,14 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 716 min manat, sərf edilmiş materialların dəyəri üzrə xərcləri 36 min manat, amortizasiya xərcləri 120 min manat, sair əməliyyat xərcləri isə 267 min manat təşkil edib”. Hə, belə çıxır ki, sən demə son vaxtlar aparılan islahatlar ölkə rəhbərinə deyil, Kərəm həsənovun iradəsinə bağlı imiş və Həsənov təbliğatçıları ölkə rəhbəri İlham Əliyevin təbliğindənsə, onun rayonundakı baş həkim İlham Əliyevi qorumağa üstünlük verirlər.
Oki qaldı, Cəlilabad rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyev haqda ittihamlara, yuxarıdakı video müraciət ilk hal deyil. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, raşdırmaları zamanı əvvəlcə məlum olub ki, Cəlilabad RMX-da tüğyan edən əsas rüşvətxorluq saxta əlillik dərəcələrinin təyin olunması ilə bağlıdır. Baş həkim İ.Əliyevin öz “Tarif Şurası” var və qiymətləri istədiyi şəkildə müəyyənləşdirib. Guya bəhanə edir ki, aldığı pulların bir qismi nazirliklərə gedir. Sakinlərin verdiyi xəbərə görə, baş həkimin xəstəlik pensiyası almaq istəyənlər üçün təyin etdiyi məbləğlər 3000-5000 manat civarında dəyişir. Belə ki, 1-ci qrup üçün 5000, 2-ci qrup 4000, 3-cü qrup isə əlillik qiyməti 3000 manatdır. İ.Əliyevin rəhbərliyi altında xeyli sayda insana rüşvət müqabilində əlillik arayışı verildiyi bildirilir.Cumhuriyyet.az onu da bildirir ki, bir müddət əvvəl Qarabağ döyüşçüsü olmuş Çingiz Təhməzov da “Kanal 24”-ə video müsahibəsində təsdiqləmişdi ki, Cəlilabadda həkimlər pensiya üçün rüşvət istəyirlər.
Bir sözlə, Cəlilabad RMX qanqrena olub və səhiyyə naziri Oqtay Şirəliyevin bu sağalmaz yeri kəsib ataraq, yeni kadrlarla əvəzləməsinə ehtiyac müşahidə edilir. Hələ biz doğum şöbəsində nələr baş verdiyini demirik. Aşağıda cumhuriyyet.az olarqa təqdim etdiyimiz kadrlarla tanış olanda şahid olacaqsınız ki, doğum şöbəsinin baş həkimi oranı necə bazara çevirib. Hətta işçilərdən biri burda hamının bir-birini dolandırdığını, rüşvət alındığını etiraf edir.
Cəlilabad RMX-da özbaşınalığın, açıq bazarın ən dəhşətlisi və kulminasiya nöqtəsi isə baş həkimin aprel döyüşçüsündən haqq istəməsidir. Sadəcə video görüntüləri cumhuriyyet.az olaraq tək-tək, faktlarla təqdim edirik ki, oxucular deyilənlərə özləri şahid olsunlar, hər hansı fantaziyadan, uydurmadan söhbət getmədiyini görsünlər.
Beləcə aydın olur ki, Cəlilabadın baş həkimi İlham Əliyev özünə bahalı təzə mülk necə alıb, həyətindəki maşın kolleksiyasına hansı vəsaitlə sahiblənib.