Almaniyanın dünyaca məşhur jurnalı rəsmi Bakının “kürü diplomatiyası”ndan yazdı
“Azərbaycanın neft-qaz pulları ilə hədsiz varlanmış hakimiyyəti xarici siyasətçiləri bahalı gəzintilər və otel xidmətləri ilə öz tərəfinə çəkə bilib”
“Demokratiya və insan hüquqlarının inkişafını dəstəkləməli olan təşkilat, tiranlara kömək edir.
Bu fikirlər Almaniyanın nüfuzlu “Şpigel” jurnalında Azərbaycan barədə dərc edilən məqalədəndi. Məqaləni ixtisarla təqdim edirik:
“Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında baş katib seçilməlidir. Almaniyadan bu posta keçmiş ədliyyə naziri Sabina Loytxozer-Şnarrenberqerin namizədliyi olacaq. Əslində, Almaniya üçün bu, çox da böyük əhəmiyyət kəsb edən məsələ deyil. Məsələ burasındadır ki, Almaniya üçün bu təşkilatın elə də böyük önəmi yoxdur. Amma elə ölkələr var ki, onlar üçün AŞPA kifayyət qədər böyük əhəmiyyət kəsb edir. Bu ölkələrdən biri də Azərbaycandır.
Bu ilin əvvələrində Bürüsseldə NATO-nun mənzil qərərgahında jurnalistlər qarşısında çıxış edərkən Azərbaycanda siyasi məhbusların olması ilə bağlı suala İlham Əliyev cavab verərək bildirmişdi ki, onlarda siyasi məhbus yoxdur. Bu zaman o, AŞPA-da 2013-ci ilin yanvarında qəbul olunan qətnaməyə istinad etmişdi. Məlumat üçün bildirək ki, 2013- ci ilin yanvarında AŞPA-nın sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə üzrə səsvermə keçiriləndə, çoxluq qətnamənin əleyhinə səs verdi. Almaniyadan olan Kristof Ştrasserin hazırladığı, Azərbaycanda siyasi məhbusların vəziyyəti haqqında qətnamə Azərbaycanın mütləq hakimi olan İlham Əliyevin istəyinə uyğun olaraq, rədd edildi. AŞPA-da Rusiya və Türkiyəni təmsil edən deputatlar Ştrasserin hazırladığı qətnamənin əleyhinə səs verdilər. Bununla yanaşı, İtaliyta, İspaniya, Böyük Britaniya və Avropanın başqa ölkələrini təmsil edən deputatlar, Azərbaycan hakimiyyətinin leyhinə səs verdilər. Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunmuş Ştrasserə Azərbaycan hökuməti ölkəyə gəlməyə imkan vermədi.
Avropa Stabillik Təşəbbüsü bütün bu proseslə bağlı çox dəqiq ifadə tapıb - “kürü diplomatiyası”. Azərbaycanın böyük neft və qaz pulları hesabına hədsiz varlanmış hakimiyyəti xarici siyasətçiləri bahalı gəzintilər və otel xidmətləri ilə öz tərəfinə çəkə bilib. Bəzi alman siyasətçiləri də Azərbaycan hakimiyyətinin onlar üçün yaratdığı lüks şəraitə görə ölkədəki avtoritar rejimi dəstəkləyir. Onarın içində keçmiş iqtisadiyyat naziri Mixail Qloss da var. Bəzi siyasətçilər üçün biznes klassda uçuş, bahalı otellər, çox bahalı ziyafətlər olduqca cəlbedici görünür.
Ötən ilin oktyabr ayında Əliyev yenidən prezident oldu. İş o həddə çatdı ki, nəticələr seçkidən bir gün əvvəl elan olundu. ATƏT-in müşahidə missiyası seçkilərə mənfi rəy verdi. Müşahidəçilər eyni zamanda bildirdilər ki, seçki kampaniyası dövründə də insan hüquq və azadlıqlarının kəskin şəkildə məhdudlaşdırılmasının şahidi olublar.
Azərbaycan hakimiyyəti demokratik seçkilərin keçirilməsi üçün tələb olunan addımları atmayıb. Səsvermə günü genişmiqyaslı qanun pozuntuları ilə müşaiət olunub. AŞ Parlament Assambleyasından olan müşahidəşilər isə seçkilərə müsbət qiymət verdilər. Avropa Stabillik Təşəbbüsü təşkilatının rəhbəri Ceral Knaus deyir ki, Azərbaycan hakimiyyətinin AŞPA-dan öz məqsədləri üçün istifadə etməsi adamı şoka salır".