Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi müəyyən olunub. Binəqədi Rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, o, Mübariz Mürsəl oğlu Budaqlıdır. Kriminal avtoritet olduğu deyilən M.Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.
Artıq Mübariz Budaqlını öldürməkdə şübhəli bilinən şəxslərin də adı məlum olub. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.
Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıblar.
* * *21:46
Bakının Binəqədi rayonunda silahlı insident baş verib.
"Report"un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.