«Assosiasiya sazişindən sonra bu dövlətin həm siyasi, həm iqtisadi nüfuzu artacaq»
Qubad İbadoğlu: «Regionda hansı güclərin hökmran olması vacib məsələdir»
«Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı yekun qərarının verilməməsi məqsədli xarakter daşıyır»
Azərbaycanla-Rusiya arasında Qəbələdə planlaşdırılan biznes forum baş tutdu. Bir müddət sonra isə Iran-Azərbaycan biznes forumu keçiriləcək. Maraqlıdır ki, əgər əvvəllər bu cür tədbirlər daha çox Avropa ölkələri ilə keçirilirdisə, indi istiqamət dəyişib. Bunun siyasi məqsəd daşıdığı şübhə doğurmur. Amma o məqamı da vurğulamaq yerinə düşər ki, Rusiya hazırda iqtisadi tərəfdaş kimi o qədər uğurlu deyil. Son aylar ölkəni milyardlarla Avropa kapitalı tərk edib.
Belə olan halda Azərbaycanın Rusiyaya investisiya yatırması nə dərəcədə əlverişli sayıla bilər? Eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanla Rusiya arasında tətbiq edilməsi nəzərdə tutulan qarşılıqlı güzəştlər heç də bərabər əsviyyəli deyil. Mövzu ilə bağlı bu və başqa sualları Iqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad Ibadoğluya ünvanladıq:
- Belə forumların keçirilməsi müsbət dəyərləndirilməlidir. Həqiqətən də ölkəyə investisiya cəlb olunması üçün ikitərəfli, çoxtərəfli müzakirələr təşkil olunmalıdır. Əvvəlki illərlə müqayisədə ölkəyə yatırılan xarici investisiyaların həcmində müsbətə doğru dəyişiklik var. Ölkəyə 3.6 milyard dollar həcmində xarici investisiyalar yönəldilib. Bu investisiyaların artımı həm də ölkəyə yeni texnalogiyaların, qabaqcılı potentlərin gətirilməsi üçün mühüm rol oynayır. Ona görə mən bu cür texnologiyalara sahib ölkələrlə biznes forumların keçiriləmsini məqsədə uyğun hesab edirəm. Çünki hesab etmirəm ki, Azərbaycan Rusiya və Iranla biznes forumun nəticəsində ölkə iqtisadiyyatını modernləşdirə bilsin. Düşünürəm ki, bu cür əməkdaşlıq daha çox Avropa ölkələri, ABŞ ilə həyata keçirilməlidir. Amma istənilən halda əgər təşəbbüslər ölkə iqtisadiyyatına investisiyaların yönəlməsinə gətirib çıxaracaqsa, bunu alqışlamaq lazımdır. Amma mən Rusiya və Iranla bu cür əməkdaşlığın müəyyən siyasi səbəblərini də görürəm. Düşünürəm ki, bu regionda gedən proseslərlə bağlıdır. Həqiqətən də bu gün Rusiya xüssuilə Azərbaycan kimi strateji əhəmiyyətə malik, neft və qaz resursları ilə zəngin bir dövlətdə iqtisadi maraqlardan daha çox siyasi maraqları güdür.
“Rusiya özünə müsbət imic yaratmağa çalışır”
- Rusiya ilə biznes forumun nəticəsi olaraq bəlli oldu ki, Rusiya Azərbaycan tərəfinə, sahibkarlara 7.6 milyardlıq layihə təklif edir. Həmin layihəyə görə Azərbaycan sahibkarları Rusiya iqtisadiyyatına 7.6 milyard dollarlıq vəsait yatıracaqlar. Rusiya kimi sanksiyalarla üz-üzə olan bir dövlətə bu cür yatırım etmək nə dərəcədə məntiqlidir?
- Yatırımla bağlı qərarlar tövsiyylər, təkliflərlə həyata keçirilmir. Bu konkret istəklə bağlı ola bilər. Bu istəyi istər Rusiya, istər Azərbaycan, istərsə də Iran ifadə edə bilər. Yox əgər bu yatırımı özəl biznes qoyacaqsa, o zaman onlar Rusiyadakı riskləri nəzərə almalıdır. Bu baxımdan səslənən rəqəmlər, bəyanatlar daha çox siyasi maraqlara xidmət edir. Rusiya sadəcə olaraq iqtisadiyyatının xarici investorlar üçün cəlbedici olduğu rəyini formalaşdırmağa çalışır. Rusiya xarici investisiyanın azalmadığını, iqtisadiyyata başqa yollarla investisiya cəlb edildiyini nümayiş etdirir. Amma düşünmürəm ki, Azərbaycanın iş adamları indiki halda iqtisadiyyatında geriləmələr yaşayan Rusiya kimi dövlətə geniş yatırımlar etsinlər. Digər tərəfdən istəklər və arzular konkret öhdəliklər deyil. Eyni zamanda bu yatırımın edilməsi müəyyən vaxt aparır. Bir il müddətində Azərbaycandan Rusiyaya bu cür sərmayəni də transfer etmək mümkün deyil. Bu müddət ərzində Rusiyada baş verənlər də iş adamlarının gündəmində olacaq. Mən bu qədər vəsaitin Azərbaycanın özəl sektoru tərəfindən Rusiya iqtisadiyyatına qoyulacağına inanmıram.
“İran Azərbaycan vasitəsilə Avropaya çıxmaq istəyir”
- Azərbaycanda Iranla bağlı ticarət inhisar altındadır. Belə olan halda Iranla qurulan iqtisadi maraq doğurur. Çünki Iran vətəndaşlarının Azərbaycana sərbəst gəliş-gedişinin olmasını arzulayır. Belə olan halda hakimiyyət ticarətlə bağlı inhisarı necə aradan qaldıracaq?
- Rusiyadakı iqtisadi proseslərə bənzər hadisələrin bir qismi də Iranda gedir. Amma Iranla bağlı durum bir qədər fərqlidir. Rusiyadan fərqli olaraq Iran vətəndaşı Azərbaycana vizasız daxil ola bilmir. Amma mən inanmıram ki, Azərbaycan Iranla sadələşdirilmiş viza rejiminə keçəcək. Lakin Azərbaycanla iqtisadi əlaqələrdə Iranın marağı var. Rusiyada baş verənlər, Avropa ilə münasibətlər Iranın ticarət əlaqələrinin genişlənməsinə imkan verir. Burada isə körpü rolunu Azərbaycan oynaya bilər. Rusiya və Irandan Azərbaycana iqtisadi əlaqələrlə bağlı təşəbbüslər daxil ola bilər. Amma Azərbaycan hökuməti ona yönələn təklifləri dəyərləndirəcək.
- Bir müddət sonra Avropa bazarı Gürcüstanın vasitəsilə Azərbaycanın sərhədlərinə gəlib çıxacaq. Rusiya və Iran malları isə keyfiyyətinə görə Avropa ilə müqayisə oluna bilməz. Gözlənilən rəqabəti necə proqnozlaşdırırsınız? Avropa bazarının Gürcüstana gəlməsi Azərbaycana nə vəd edir?
- Gürcüstan bundan sonra Avropanın azad ticarət tərəfdaşı olacaq. Bu istənilən halda Gürcüstanın Avropa ölkələri ilə əməkdaşlığına, tariflərin tənzimlənməsinə təsir edəcək. Bu son nəticədə Gürcüstan kimi ölkələrə marağın artmasına, investisiyanın çoxalmasına səbəb olacaq. Eyni zamanda bu Gürcüstanla Avropa ölkələri arasında ticarətin genişlənməsinə gətirib çıxaracaq. Gürcüstan Azərbaycan üçün maraqlı bazardır. Gürcüstana kifayət qədər Azərbaycan maliyəsi yatırılıb. Bu yatırım həm dövlət, həm də özəl xətt ilə olub. Gürcüstandakı əlverişli biznes mühiti belə yatırımlar üçün müəyyən şərtlər formalaşdırıb. Indiki halda Gürcüstan bazarının Avropa ilə hormonizasiyası burada rəqabəti daha da şiddətləndirə bilər. Bu da rəqabətdə Azərbaycan mənşəli investisiyaların hökmran mövqeyinin aşağı düşməsinə səbəb olacaq. Azərbaycanın mövqeyinin zəifləməsi Azəorbaycanın maraqlarını o qədər də təmin etmir. Amma istənilən halda Azərbaycan iş adamları Gürcüstanda öz şirkətlərini çox asanlıqla qeydiyyatdan keçirirlər. Onlar Gürcüstan vasitəsilə Avropa ilə daha sıx əməkdaşlıq imkanına malik ola bilərlər. Bu da ümumi prosesdə Azərbaycanın uduşlarına daxil olacaq. Gürcüstan assosiasiya sazişinə imza atdıqdan sonra onun regionda həm siyasi, həm iqtisadi baxımdan nüfuzu artacaq. Gürcüstan eyni zamanda Avropadan həm maddi, həm də siyasi dəstək qazanacaq. Bu da Gürcüstandakı islahatların daha tez bir zamanda həyata keçirilməsinə və daha yaxşı nəticələr verməsinə gətirib çıxaracaq. Azərbaycan isə Avropa Birliyi ilə strateji tərəfdaşlıq və moderlənşdirmə sazişi imzalayacaq. Amma assosiasiya sazişi ilə bu saziş tamamilə fərqli mahiyyətlidir. Assosiasiya sazişi geniş detallı və müəyyən öhdəliklər nəzərdə tutan sazişdir. Amma modernləşdirmə sazişi daha çox xülasəyə oxşayır, həmin saziş çox kiçikdir. Yeri gəlmişkən Avropa Birliyi modernləşdirmə sazişini Rusiya ilə 2013-cü ilə qədər müzakirə etdi. Bu sazişi Rusiya imzalasa da bu iki tərəf arasındakı əlaqələrə töhvə vermədi. Ona görə də modernləşdirmə sazişinin Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələrə yenilik gətirəcəyinə inanmıram. Azərbaycanın ÜTT-yə daxil olmaması, azad ticarət sazişinə imhza atmaması, assosiasiya sazişinin müzakirəsini dayandırması ölkəmizin Avro inteqrasiya prosesində narahatçılıqların olmasından xəbər verir. Barrozunun təklif etdiyi saziş də bu narahatçılıqdan irəli gəlir. Avropa Birliyi çalışır ki, Azərbaycan onlarla əməkdaşlıqda geriləməsin.
“Azərbaycan Avrointeqrasiyada yubanır”
- Azərbaycan keçən ilin noybrında Vilnüsdə viza sadələşdirilməsi ilə bağlı sazişi imzaladı. Amma iyunun 27-də Azərbaycanın irəliyə doğru addım atması üçün, yəni azad ticarət sazişinı qoşulmaq üçün ÜTT-nin üzvü olmaq gərək idi. Belə ehtimalllar da var ki, ÜTT-yə üzvlük məhz bilərəkdən yubadılır. Azərbaycan bu cür situasiyaya nə qədər müqavimət göstərə biləcək?
- Burada həm bilərəkdən problem yaradılır, həm də bu istiqamətdə müəyyən çətinliklər var. Biz hələ bu təşkilatın standartlarına cavab vermirik. Qanunvericiliyin hormonizasiyası başa çatdırılmayıb. Eyni zamanda Azərbaycan bu istiqamətdə nə ikitərəfli, nə də çoxtərəfli əlaqələr qurmayıb. Ona görə Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı yekun qərarının verilməməsi məqsədli xarakter daşıya bilər.
- Barrozo Bakıda olarkən bəyan etdi ki, biz Azərbaycanın təklif etdiyi strateci əməkdaşlıq sazişinə razılıq veririk. Amma bu o demək deyil ki, assosiasiya sazişi iki tərəfin gündəliyindən çıxarılacaq. Bir müddət sonra bu saziş də imzalanmalıdır...
-Azərbaycan hələlik bu qeyri-müəyyən mövqeyində qalacaq. Hələlik Azərbaycanın yaxın dövr üçün prosesi tənzimləməyə gücü var. Indiki halda regiondakı vəziyyətin aydınlaşması və regionda hansı güclərin hökmran olması da vacib məsələdir. Çünki Rusiya Cənubi Qafqaz regionuna öz marağını ifadə edib. Rusiya həm Ermənistan, həm də Azərbaycanla ikitərəfli əlaqələri qurur. Burada məqsəd Rusiyanın Cənubi Qafqazda əsas güc olmasını təklif etməkdir. Lavrovun Gürcüstana getməyərək Azərbaycan və Ermənistana səfər etməsi Kremlin regionda əhəmiyyət verdiyi ölkələri göstərir.
“Əksinə əhalinin istehlak xərcləri artıb”
- Yerli kənd təsərrüfatı məhsullarının qiymətlərində enmə müşahidə olunmur. Qiymətlər keçən ilkindən baha olaraq qalır. Bunun səbəbi nədir?
- Bu daha çox mövsümü amillərlə bağlıdır. Çünki əvvəlcədən bilinirdi ki, çəyirdəkli meyvələrin qiyməti ucuz olmayacaq. Çünki məhsuldarlıq göstəriciləri aşağı düşə bilər. Amma ümumiyyətlə iqtisadi qiymət səviyyəsi də yüksəkdir. Kənd təsərrüfatı məhsullarının daşınma xərcinin artmasına da diqqət yetirin. Çünki benzin keçən ilin dekabrında yenidən bahalaşdı. Bu faktorlar qiymətlərin yüksək səviyyədə qalmasına səbəb ola bilər. Amma yenə də qiymətlərin süni şəkildə şişirdilməsini istisna etmək olmaz. Bazarlarda inhisarın hökmran olmasını istisna etmək olmaz.
- Statistik məlumatlara görə ötən il ilə müqayisədə əhalinin xərcləri gəlirlərindən az olub. Bu reallığı əks etdirən göstəricidirmi?
- Burada nominal gəlirlər faktiki xərcləri müqayisə edirlər. Amma heç bu müqayisədə də bir o qədər böyük fərqlər yoxdur. Lakin onu qeyd etmək lazımdır ki, xüssuilə yanacağın qiymətinin artamsının fonunda ölkədə istehlak xərcləri artıb. Ona görə əvvəlki illərdən fərqli olaraq əhali qazandığı vəsaiti istehlaka yönəltməyə məcburdur. Burada işləyən əhalinin gəlirləri nəzərə alınır. Amma ölkədə hər il iş yerlərinin məhdudlaşdırılması prosesi müşahidə olunur. Hətta mütəxəsislər belə iş yerlərini itirirlər. Ona görə düşünürəm ki, yaşayış xərclərinin artdığı halda bu iş yerlərini itirənlərin sosial durumlarının pisləşməsinə səbəb ola bilər.Azadlıq.info