“İraq parçalanacaqsa, Kürdüstan bizim qardaşımızdır”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Çəlik İraqda müstəqil Kürdüstan dövlətinin yaranma ehtimalına münasibət bildirib. O, “Financial Times” qəzetinə açıqlamasında belə bir perspektivin Türkiyə üçün təhlükə olmadığını deyib.
“Əvvəllər müstəqil Kürd dövləti mövzusu Türkiyə üçün savaş səbəbi sayılırdı. Hətta Kürdüstan kəlməsi belə, insanları sinirləndirməyə və aqressivləşdirməyə yetərli idi. Ancaq onların adı Kürdüstan və bunun qəbul edilməsi gərəkdir. Əgər İraq bölünərsə, hansı ki bu, labüd görünür, onlar bizim qardaşımızdır”, - deyə Çəlik bildirib.
“Financial Times” Türkiyənin hazırda İraq Kürd Muxtariyyatına aid neft şirkətlərində paya malik olduğunu, bir sıra iqtisadi sahələrdə onunla iş birliyi qurduğunu yazır.
Qəzet Hüseyn Çəlikin açıqlamasını “Türkiyə müstəqil Kürdüstanı tanıyacağının siqnalını verdi” deyə şərh edib. Qəzetə görə, regionda belə bir dövlətin yaranması indiki situasiyada Türkiyənin marağına uyğundur. Belə ki, müstəqil Kürdüstan IŞİD kimi radikal terror təşkilatları ilə Türkiyə arasında bufer rolu oynayacaq. Bu, eyni zamanda Türkiyədəki kürd probleminin daha sürətlə həllinə gətirib çıxaracaq, PKK-nın “çörəyinə yağ sürtən” amilləri aradan qaldıracaq.
azadliq.info