''Səhv diaqnozlar Pərvanənin ayağa qaxmasını mümkünsüz edib''

27-07-2019, 08:27   
 

''Hər şeyimizi satıb onun müalicəsinə xərclədik. Amma...''
Balakənin Qazma kəndində yaşayan Pərvanə Osmanova ömürlük əlil arabasına məhkum edilib. Həyat yoldaşı Faiq Osmanov deyir, Pərvanəyə bu məhkumluğu yaşadan yerli səhiyyə işçiləri olub. Bir neçə il əvvəl gənc qadının səhhətiylə bağlı səhv diaqnoz və müalicələrin nəticəsində o, fiziki hərəkətini tamamilə itirib.
“Əvvəl komaya, sonra da savadsız həkimlərin əlinə düşdü”
“6 il əvvəl Pərvanə məlum olmayan səbəbdən komaya düşdü, ayılanda isə nitq və görmə qabiliyyətini itirmişdi. Sonra məlum oldu ki, onun aşağı ətrafları da iflic olub. Həkimlərə müraciət etdik. Hərəsi bir nağıl danışdı, hərəsi bir diaqnoz qoydu, hərəsi bir müalicə yazdı... Bir həkim digər həkimin diaqnozunu səhv çıxatdı, özü də növbəti səhv diaqnozu qoydu. Beləcə, Pərvanə savadsız həkimlərin əlində qaldı. Onu ayağa qaldırmaq üçün 50 min manatdan çox xərcimiz çıxdı, gəl ki, heç bir nəticə əldə edə bilmədik”.
Pərvanə Osmanova sağlamlığını itirənədək elə Qazma kəndindəki 1 saylı orta məktəbdə ingilis dili müəlliməsi işləyib. Həyatının sonrakı hissəsini isə xəstəxana palatalarında keçirib. Bir müddət “beynindəki soyuqlamaya görə” Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasında yatıb. Ancaq ailəsi görəndə ki, həkimlər müalicəni düzgün aparmır, onu başqa xəstəxanaya götürüblər.
“Dedilər ki, bu nə xəstəlikdirsə, tapa bilmirik”
“1 saylı Şəhər Klini Xəstəxanasında bahalı dərmanlar aldırırdılar, ancaq ordan Mirqasımov adına xəstəxanaya götürəndə bildirdilər ki, o dərmanlar əksinə, Pərvanənin durumunu daha da ağırlaşdırırmış. Yenə xeyli bahalı iynə-dərmanlar və sonda dedilər ki, xəstəliyin nə olduğunu müəyyən edə bilmirlər. Düz 1 il səhv diaqnozlarla xəstəxanaları gəzdirdik Pərvanəni. Sonra başa düşdük ki, bir xalatlarının hər iki cibini daim xəstənin yaxını üçün açıq saxlayan yerli həkimlər onun durumunu daha da ağırlaşdırmaqla məşğuldular. Götürüb Rusiyaya apardıq. Rusiyada tamamilə başqa diaqnozlar qoyuldu, dedilər ki, xəstəliyinin ilk vaxtları olsaydı, onu xilas etmək olardı. İki dəfə Rusiyaya, bir dəfə Türkiyəyə apardıq, eyni sözləri eşitdik. Dedilər, səhv diaqnozlar, səhv iynə-dərmanlar Pərvanənin ayağa qaxmasını yerli-dibli mümkünsüz edib,”- həyat yoldaşı deyir.

Almaniyada müayinə olunmalıdır, pul yoxdur”
Bir müddət əvvəlsə Almaniyadan dəvət olunan həkim Pərvanə Osmanovanın müayinə üçün həmin ölkəyə götürülmüsini tövsiyə edib. Ancaq Pərvanənin ayağa qalxması üçün ev-eşiyini, əşyalarını belə satıb yerli həkimlərə vermiş ailənin buna maddi imkanı çatmır. 6 ildən çoxdur ki, Faiq Osmanov həm iki azyaşlı övladına, həm də əlil arabasındakı həyat yoldaşına baxır. Pərvanənin acısı az imiş kimi, üstəlik, övladlarından biri də illərdir ki, astma-bronxitdən əziyyət çəkir. Faiq Osmanov işsizdir, gəlirinin olmaması Pərvanənin və azyaşlı övladının müalicələrini imkansız edir.
“Səttar Mehbalıyev 100 manat göndərmişdi”
“Bir neçə il əvvəl Pərvanənin iş yoldaşları yığışıb Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevə müraciət etdilər ki, müalicəyə maddi dəstək versin, o da 100 manat göndərdi. Pərvanənin Almaniyada müayinəsi vacibdir. Onun ayağa qalxmasına ümid yeri var. Sadəcə, imkansızlıq əl-qolumuzu bağlayıb. Kaş ki, yerli həkimlərə tökdüyümüz pullarla vaxtında Almaniyaya gedərdik, indi Pərvanə də ayaq üstə idi, ailəmizin, balalarımızın qayğısını birlikdə çəkirdik,”- Faiq Osmanov təəssüflənir.
Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə daxilində müalicəsi mümkün olmayan xəstələrin xaricə göndərilməsi məsələsinə Səhiyyə Nazirliyinin ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət komissiya baxır. Pərvanə Osmanovanın yaxınları onun xaricdə müayinə və müalicəsi üçün həmin komissiyaya müraciət edə bilərlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.