«Assosiasiya Sazişini imzalamamaq üçün Qarabağ, Rusiya təhlükəsi bəhanə kimi istifadə olunur»
«Ən sərt xarici tənqidlər belə daxili etirazlarsız dəyişikliklərə səbəb ola bilməz»
Fuad Qəhrəmanlı: «Ilham Əliyev beynəlxalq ictimaiyyətin qarşısına çıxıb əvvəllər olduğu kimi demokratiyanın inkişaından danışa bilməyəcək»
Ilham Əliyevin AŞ PA-dakı çıxışı hələ də müzakirə mövzusudur. Hakimiyyətin deputatı Elxan Süleymanov AŞ PA-da baş verənləri, I.Əliyevin sual atəşinə tutulmasını, siyasi məhbuslarla bağlı aksiyanı Azərbaycana qarşı terror kimi dəyərləndirir. Amma bu çıxışı Azərbaycanın böyük uğuru sayan hakimiyyət təmsilçiləri də var. Bəs reallıq nədən ibarətdir? Gündəmdə olan bu və başqa sualları AXCP sədrinin siyasi məslələr üzrə müavini Fuad Qəhrəmanlıya ünvanladıq.
- Əslində, AŞ PA-dakı çıxış zamanı verilən suallar onu göstərdi ki, daha əvvəlki kimi real vəziyyəti dünyadan gizlətmək mümkün deyil. Aydın görünürdü ki, siyasi məhbuslar probleminin qaldığı, insan haqlarının pozulduğu, mediayaya basqıların davam etdiyi müddətdə Ilham Əliyev beynəlxalq ictimaiyyətin qarşısına çıxıb əvvəllər olduğu kimi ölkəmizdə demokratiyanın inkişafı ilə bağlı danışa bilməyəcək. Düzdür, o göstərdi ki, auditoriyanın nə düşünməsindən, real vəziyyətlə bağlı məlumatlarının olmasından aslı olmayaraq, hamının bildiklərini təhrif edib danışa bilər. Ancaq bu halda belə daha onun bu çıxışlarına nəinki kimsə inanmır, əksinə, artıq suallarla real vəziyyətin tamamilə başqa cür olduğu üzə vurulur. Rəsmi təbliğatın real vəziyyətə dair verilmiş suallara baxmayaraq, Ilham Əliyevin ölkədəki problemləri inkar etməsini uğur kimi təqdim etməsində heç bir məntiq yoxdur. Çünki hər hansı bir çıxışın səmərəsi onun auditoriyanın fikirlərinə təsir göstərib inandırması ilə bağlıdır. Ancaq, göründüyü kimi, dövlət başçısının və xarici işlər nazirinin çıxışları nəinki inandıra bilmədi, əksinə, ifşaedici suallarla protest edildi. Həm zalda, həm də binadan kənarda insan haqlarının pozulmasına etiraz edənlərin keçirdikləri aksiya ilə müşayiət olundu. Bu mənzərə bütün dünyaya göstərdi ki, Azərbaycan iqtidarı sadalanan problemlərin mövcudluğunu belə qəbul etmirsə, hətta Avropanın mərkəzində belə bu mövzuda sorulan suallara aqressiv tonda cavab verirsə, deməli, ondan mövcud problemlərin həllini, AŞ PA qarşısında götürülmüş öhdəliklərin icrasını gözləməyə dəyməz. AŞ PA kimi bu iqtidara qarşı həmişə loyal olmuş bir qurumda bu gün Ilham Əliyev belə etirazla qarşılanırsa, bu artıq o deməkdir ki, hakimiyyət uğursuzluq zolağına girib.
“Əliyevə aqressiya, Poroşenkoya rəğbət”
- AŞ PA-nın sonuncu sessiyasında iki fərqli prezidentə iki fərqli münasibətin şahidi olduq. Ilham Əliyev aqressiya ilə qarşılansa da, Ukrayna prezidentinə böyük rəğbət bəslənildi. Bunu necə dəyərləndirmək olar?
- Bu, hər iki prezidentin yeritdiyi siyasətə münasibətin təzahürüdür. Poroşenko demokratik seçki ilə seçilən, avrointeqrasiyanın təmsilçisi, Ukraynanı pis idarəçilikdən, korrupsiyadan qurtarıb Avropa dəyərlərinə uyğynlaşdıracaq, Rusiya aqrresiyasına qarşı dirənən bir lider kimi qəbul edilir və bu mənada ona açıq aşkar rəğbət var. Ilham Əliyevə isə münasibət fərqlidir. Siz gördünüz ki, AŞ PA prezidenti sual verərək ona dedi ki, bəs 10 il bundan öncə demişdiniz ki, iqtisadi inkişaf yetərli deyil, demokratiyanın da inkişafı vacibdir, bəs nəticə hanı? Demək deyilən sözlər, verilən vədlər yaddan çıxmayıb, beynəlxalq birlik aldadıldığının fərqindədir. Indi bunlara görə hesab sorulmağa başlanılır. Azərbaycan Avropa Birliyinin bütün təkidlərinə baxmayaraq, avrointeqrasiyada maraqlı olmadığını göstərir, özünü Avropa dəyərlərinə qapayıb avtoritarizmi qorumağa çalışır, ölkədə siyasi repressiyalar genişlənir, demokratik prosesləri boğmaq üçün hər cür vasitəyə əl atılır, seçkilər kütləvi şəkildə saxtalaşdırılır, korrupsiya dövlət siyasətinə çevrilib, xarici siyasət kursunda qeyri-sabitlik var. Belə olan təqdirdə təbii ki, hər iki dövlət başçısına münasibət də fərqli olacaq.
“Assosiasiya sazişi Azərbaycana Qərbin dəstəyini verəcək”
- Hakimiyyətin avrointeqrasiyaya qarşı gətirdiyi əsas arqument budur ki, avrointeqrasiya kursunu seçməsinə görə Ukrayna Krımı itirdi. Bizim isə Qarabağ kimi dərdimiz var. Amma Assosiasiya Sazişini imzalayan Moldova və Gürcüstanın da problemləri var. Hakimiyyət eyni zamanda Rusiya faktorunu da bahənə kimi gətirir...
- Bu mövqe tamamilə əsassızdır. Ona görə ki, Rusiya Qarabağı işğal etməklə əslində bu gün Azərbaycandan ala biləcəyini alıb. Yəni adları çəkilən hər üç ölkənin verdiyi itkini biz də artıq neçə illərdir vermişik. Rusiya bu gün Qarabağın geri qaytarılmasının qarşısında ən böyük əngəldir. Biz verə biləcəyimiz ən böyük qurbanı, itirə biləcəyimizi artıq itirmişik. Demək, Qarabağla Azərbaycanın avrointeqrasiya prosesindən yayınmaq üçün Qarabağ problemini əsas gətirmək sadəcə bir bəhanədir. Digər tərəfdən, bu bəhanənin o zaman əsası ola bilərdi ki, Rusiya avrointeqrasiyadan imtina etmək müqabilində Qarabağın Azərbaycana qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş olardı. Ancaq belə bir öhdəlik də yoxdursa, o zaman “Qarabağ kimi dərdimiz var” deyib Assosiasiya Sazişini imzalamaqdan imtina etməyin nə mənası var? Burada deyilməyən məqsəd onunla bağlıdır ki, Assosiasiya Sazişi Azərbaycanın üzərinə demokratikləşmə ilə bağlı öhdəliklər qoyur. Ona görə də Ilham Əliyev belə bir öhdəlikləri qəbul etməyi öz avtoritar hakimiyyəti üçün təhlükə sayır. Demək, hakimiyyət maraqları naminə ölkəmizin Avropaya inteqrasiyasına, islahatların yolunun açılmasına mane olunur və bunun da qarşısını almaq üçün Qarabağ, Rusiya təhlükəsi kimi məsələlərdən bəhanə kimi istifadə olunur. Əksinə, Assosiasiya Sazişinin imzalanması imkan verər ki, Azərbaycan Qərbin dəstəyini Qarabağ məsələsində rusiyapərəst Ermənistandan daha çox alsın.
“Qərbdən təzyiqlər artacaq”
- Iyunun 28-də ATƏT-in Bakıda sessiyası keçirildi. Əvvəlcədən sessiyada Ukrayna ilə bağlı məsələnin müzakirəsi və Rusiya əleyhinə bəyanatın qəbulu nəzərdə tutulmuşdu. Hakimiyyət belə bir layihənin qəbuluna qarşı çıxdı. Azərbaycan hakimiyyəti Ukrayna məsələsində əvvəlcə fərqli mövqedən çıxış etmişdi, Ukraynanı dəstəkləmişdi. Amma hazırda fərqli yanaşma sərgiləyir. Sanki Narışkin və Lavrovun səfərindən sonra nələrsə dəyişib...
- Azərbaycan hakimiyyətinin balans siyasəti əvvəlcə Qərblə Rusiyanın öz aralarındakı konsesusundan faydalanmaq prinsipi üzərində qurulmuşdu. Ukrayna böhranından sonra bu konsensus pozuldu və açıq rəqabət, qarşıdurma meydana çıxdı. Ona görə də indi çalışırlar ki, hər iki tərəfin hansısa məsələlərdə maraqlarını təmin etməklə özlərinə qarşı loyal münasibəti təmin etsinlər. Məsələn, Avropa Birliyinin təklif etdiyi Assosiasiya Sazişindən imtina edib strateci əməkdaşlıq və modernləşmə ilə bağlı saziş təklif edirlər. Bununla həm demokratik islahatlarla bağlı öhdəlikdən yayınmağa, həm Assosiasiya Sazişini imzalamamaqla Rusiyanın istəklərini nəzərə aldıqlarını nümayiş etdirirlər, digər tərəfdən də Qərblə də əlaqələri tam qırmamaqla əməkdaşlıq imkanlarını qorumağa çalışırıar. O biri tərəfdən də Avrasiya Ittifaqına üzv olmamaqla Qərbə Rusiyanın patronaşlığına girmədiklərini göstərirlər, eyni zamanda Rusiyanın da maraqlarını müdafiə etməklə faktiki olaraq onun müttəfiqi kimi davranırlar. ATƏT-in Bakı sessiyasında da Azərbaycanın Kırımın işğalı ilə bağlı sənədin əleyihinə çıxması Rusiyanın maraqlarının qoruyucusu kimi çıxış edib bu ölkəyə xoş münasibət göstərməyə xidmət edirdi. Ancaq bu gün Qərbin tənqidlərinin artması və ritorikanın sərtləşməsi də onu göstərir ki, bu cür balans siyasəti artıq Qərbi qane etmir və bu artan təzyiqlər formasında getdikcə özünü daha çox göstərəcək.
“Dəyişiklik imkanı yalnız xalqın özündən asılıdır”
- Xeyli vaxtdır ki, daxili siyasətdə bir sakitlikdir, etiraz aksiyaları keçirilmir, vəziyyətin bu şəkildə olması nə ilə bağldır?
- Seçki dövrünün dinamikası ilə müqayisədə vəziyyəti qiymətləndirəndə belə görünə bilər. Əslində isə belə deyil. Sadəcə seçki dönəmində cəmiyyətdə emosional həssaslıq artır, televiziyalarda müxalifətin görünmək, tənqidi fikirlərini ifadə etmək imkanları olur, kütləvi aksiyalar keçrilir və s. Bizdə real vəziyyət budur ki, seçkidən sonra müxalifətin televiziyalara çıxmaq imkanı olmadığı üçün elə təəssürat yarana bilər ki, müxalifət əvvəlki kimi fəaliyyət göstərmir. Halbuki, problem fəaliyyətlə bağlı deyil, fəaliyyətin təqdimatı ilə əlaqədərdır. Bu gün mətbuatı izləyən, sosial şəbəkələrdən istifadə edənlərə aydındır ki, müxalifət qurumları, siyasətçiləri öz işlərini əvvəlki templə görürlər. Ölkə üçün vacib olan, vətəndaşların həyatına təsir göstərən istənilən məsələyə münasibət bildirilir, problemlərin həlli yolları təklif olunur. Bu yaxınlarda Milli Şuranın təşəbbüsü ilə ölkənin demokratik elitasının avrointeqrasiya ilə bağlı müraciəti təqdim olundu və bu mühüm bir aksiya oldu. Yay başa çatdıqdan sonra payız aylarında Seçki Məcəlləsinə düzəlişlərlə bağlı, avrointeqrasiya, siyasi məhbuslarla bağlı məsələlər gündəliyə gətirilərək etiraz aksiyalarına da başlanması nəzərdə tutulur. 2015-ci ildə parlament seçkiləri keçriləcək və artıq buna görə də bu ilin payızından ölkədə demokratik seçki mühitinin yaradılması uğrunda fəal mübarizəyə start verilməsi vacibdir. Bir də ölkənin siyasi gündəmini “müxalifət nə edir?” yanaşması ilə müəyyənləşdirmək doğru deyil, cəmiyyət, insanlar baş verən qanunsuzluqlara necə reaksiya verirlər məsələsini də unutmaq olmaz. Bir həqiqəti bilməliyik ki, bu ölkədə dəyişiklik imkanı yalnız xalqın özündən asılıdır.
- Müşahidələr göstərir ki, Qərbin hakimiyyətə yönəlik tənqidlərinin artması cəmiyyətin dəyişikliklərə olan ümidlərini sanki yenidən dirçəldir...
- Bizim dəyişikliklərlə bağlı ümidlərimiz Qərbdən gələn tənqidlərin ritorikasına uyğun məyyənləşməməlidir. Ən sərt tənqidlər belə daxili etirazlar, fəal vətəndaş mövqeyi olmadan dəyişikliklərə səbəb ola bilməz. Əslində son illər ərzində Qərbin ölkəmizdəki vəziyyətə adekvat münasibət bəsləməsi o deməkdir ki, xalqımız demokratik dəyişikliklər uğrunda mübarizəyə qalxacaqsa, dünya onun tələblərini, mübarizəsini dəstəkləyəcək. Ancaq kənardan heç kim gəlib bizim əvəzimizdən bunu edəsi deyil. Insanlarımız görməlidirlər ki, tək deyil, onların dəyişiklik arzusu, korrupsiya və zorakılığa etirazları dünya tərəfindən dəstəklənir və hakimiyyətin də antidemokratik mövqeyinə qarşı sərt təpkilər var. Bu qədər işin praktik tərəfi, yəni meydanlara çıxıb dəyişiklikləri həyata keçirmək isə özümüzdən asılıdır. Biz bunu etməyə nə qədər çox hazır olsaq, Qərbin də dəstəyi və mövqeyi bir o qədər birmənalı olacaq.