49 yaşlı Tufan Qurbanov 22 illik ömür-gün yoldaşını namus üstündə qətlə yetirdiyini deyir. Arvadına 18 bıçaq zərbəsi endirən ərin ürəyi bununla soyumayıb, onun boğazını kəsib.
Polislər tərəfindən həbs olunan Tufan Qurbanov üzünü hadisə yerinə toplaşanlara tutaraq “qonşular, eşidin, mən namusumu təmizlədim” deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bakı şəhər sakini Tufan Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində Gülay Muradova ifadə verib. O, ifadəsində mərhumla qohumluq əlaqələri olmadığını, onların həyətində kirayə yaşadıqlarını deyib: “Hadisə baş verən gün evdə idim. Qışqırıq səsi eşitdim. Anası qışqırırdı, deyirdi ki, “öldürdü”. Sonra polislər gəldilər. Qətlin nə səbəbə görə baş veridyini bilmirəm. Özü deyirdi ki, xəyanətə görə öldürüb”.
Tərəflərin suallarını cavablandıran şahid mərhum Lalənin kiminlə yazışdığını bilmədiyini söyləyib: “Whatsapp”da statusda şəkil paylaşırdı. Bir kişi ilə çəkdirmişdi. Həmin kişinin kim olduğunu bilmirəm. Şəkli ötəri görmüşdüm”.
Təqsirləndirilən T.Qurbanov yerindən replika verib: “Yazışırdı da, görüşürdü də, neçə dəfə özüm tutmuşam. Mənim uşaqlarımın yanında başqa kişi ilə danışırdı, görüşürdü”.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər aşkarlanıb. Onun istintaqa verdiyi ifadəsi elan edilib. İstintaq zamanı G.Muradova ifadəsində Lalənin dəniz kənarında bir kişi ilə şəkil çəkdirdiyini, həmin şəkli statusa qoyduğunu göstərib...
Məhkəmə digər şahid Ənvər Quliyevin məcburi gətirilməsi barədə qərar çıxarıb.
Məhkəmə prosesi avqustun 29 –da davam edəcək.
Qətl hadisəsi bu il fevralın 11-də Binəqədi rayonu, İsfahanlı küçəsində baş verib. 40 yaşlı Lalə Qurbanova xüsusi amansızlıqla qətlə yetirilib. Onun əri Tufan Qurbanov mətbəx bıçağı ilə qadına 18 zərbə vurub. Daha sonra isə boğazını kəsib.
İttihama görə, T.Qurbanov arvadını, başqa şəxslə münasibətdə olduğu üçün qətlə yetirib. O deyib ki, yaşadığı məhəllədə biabır olduğuna görə bu hadisəni törədib. Hadisədən sonra özü sahə müvəkkilinə zəng vurub deyib ki, “namusumu təmizlədim, gəl məni tut, apar”.
Mərhumun anası isə deyilənləri təkzib edir, qızına şər atıldığını, boşanmaq istədiyi üçün əri tərəfindən öldürüldüyünü iddia edir. O, üç uşaq anası olan Lalənin ər evində zülm çəkdiyini, döyüldüyünü, işgəncələrə məruz qaldığını, gecə saatlarında dəfələrlə döyülüb evdən qovulduğunu, əriştə kəsib, düşbərə büküb sataraq pul qazandığını deyib: “Mənim qızım ərinə xəyanət etməyib. Qızımı şərləyirlər”.
İnarə Rafiqqızı
Virtualaz.org